SECİLMİŞ (poema) – Ədalət Nəbi Qarabulud
SECİLMİŞ
Cağdaş Azərbaycan ədəbiyyatının görkəmli siması
Seyran Səxavətin 80 illik yubileyinə mistik-fəlsəfi poema

I HİSSƏ
Sözün ağırlığı...
Söz var -
sükutun içindən doğulur,
sükutdan da ağır olur.
Söz var -
dilin ucunda yox,
vicdanın dərinliyində göyərir,
göyərib ağrı kimi boy atır,
adamın içində dağ olur,
uçuruma çevrilir sonra...
O uçurumun kənarında
bir adam dayanır -
özünə yalan deməyən adam.
O adamın adı bəzən şair olur,
bəzən yazıçı,
bəzən də sadəcə bir insan -
amma hamısından əvvəl
o, həqiqətin yükünü daşıyan varlıqdır.
Həqiqət...
daş deyil, amma ağırdır,
od deyil, amma yandırır,
su deyil, amma boğur.
Onu daşımaq -
özünü daşımaq deməkdir.
Hər kəsin çiyni
bu yükə uyğun biçilməyib...
Bəziləri söz yazır -
amma söz onların deyil,
kölgələrin pıçıltısıdır.
Bəziləri şeir yazır -
amma o şeir
ürəyin yox,
tərifin, qorxunun, hesabın dilindədir.
Onlar yazdıqca
kağız dolur,
amma dünya boşalır.
Çünki saxta söz
ruhun çörəyini oğurlayır.
Amma bir də o adam var -
özünü gizlətməyi bacarmayan,
maska taxanda nəfəsi daralan,
yalan deyəndə dili quruyan adam...
O yazanda
sətirlər qanayır,
misralar nəfəs alır,
sözlər yeriyir -
insan kimi.
Onun şeiri oxunmur,
yaşanır.
Onun sükutu belə
bir kitab qədər danışır.
O bilir -
yazmaq hər zaman danışmaq deyil.
Bəzən yazmamaq -
ən böyük etirafdır.
Bəzən susmaq -
sözün ən uca formasıdır.
Çünki söz
sükutdan doğulmayanda
sadəcə səs olur.
Səs də çoxaldıqca
həqiqət itib gedir.
O adam
bəzən özündən qaçır,
amma özündən uzağa gedə bilmir.
Çünki onun içində
bir göz var -
hər şeyi görən,
amma heç vaxt yumulmayan.
Bir də ürək var -
yanmaqdan bezməyən,
amma sönməyən.
O ürəkdə
sevgi də var,
qəzəb də,
tənhalıq da,
dünya boyda bir kədər də.
O kədər -
onun poeziyasının işığıdır.
Dünya onun üçün
sadəcə yer kürəsi deyil,
bir yaradır -
insanların açdığı yara.
Torpaq danışır onunla,
yollar pıçıldayır,
dəniz içindəki adalar kimi
tənha qalır insan.
O görür -
hər adam bir adadır,
hər ürək bir sahilsiz liman.
Və bəzən
bir baxış
bir ömürlük tufan olur.
Sevgi...
onun qələmində
yalnız hiss deyil -
varlıqdır.
Sevdiyini sevəndə
onun küçəsini də sevir,
daşını da,
tozunu da,
hətta onu incidən sözü belə.
Çünki o bilir -
sevgi bölünmür,
ya bütöv olur,
ya heç olmur.
Bəzən o,
məhəbbətin partizanına çevrilir -
hisslərin meşəsində gizlənir,
xatirələrin dağlarına çəkilir.
Qəfil -
bir baxışla
illərin səssizliyini yarır.
Çünki həqiqi sevgi
heç vaxt ölmür,
sadəcə pusquda qalır.
Onun yazdığı hər şeydə
bir sirr var:
o, yazdığı qədər deyil,
olduğu qədərdir.
Söz onun üçün vasitə deyil -
özüdür.
O yazmır,
özünü açır.
O danışmır,
varlığını bölüşür.
Və buna görə də
onun hər misrası
bir güzgüdür -
oxucu orda özünü görür.
Kimisi yarasını,
kimisi sevincini,
kimisi itirdiyini...
amma hamı
özünü tapır.
Bəlkə də
qələm adamı olmaq
Tanrının verdiyi bir əmanətdir.
Və o əmanət
kağızda yox,
ürəkdə qorunur.
Həqiqət o əmanətin içindədir -
təmiz, ağır,
yanan bir ulduz kimi.
Kim onu daşıya bilirsə -
şair odur.
Kim daşıya bilmirsə -
sadəcə yazandır.
Sözün çəkisi var.
Bəziləri o çəkidən qaçır,
bəziləri altında əyilir,
bəziləri isə...
dik durur.
Sükutun içində,
həqiqətin ortasında,
özünün qarşısında.
və dünya dəyişməsə də -
o dəyişmir.
Çünki o bilir:
insan özündən uzaq düşəndə
ən böyük yalan başlayır.
və o yalanın içində
ədəbiyyat yox olur.
Amma bir nəfər belə qalsa -
özünü yazan,
həqiqəti deyən,
sükutu duyan -
ədəbiyyat yaşayacaq.
çünki söz
hələ də nəfəs alacaq.
Mən zamanın içindəyəm -
deyir o,
amma zaman onun içində axır əslində.
Zaman -
bir çay deyil,
bir qaçhaqaçdır,
səslərin, xatirələrin, itkilərin
bir-birini itələdiyi dar keçid...
və o keçiddə
bir uşaq qaçır -
ayaqları torpaq,
ürəyi göy qoxulu.
O uşaq
Əsgərxan bulağının suyunu içəndə
sadəcə susuzluğunu yatırmırdı -
öz taleyini içirdi.
Hər damcı
bir misra idi,
hər misra
gələcəkdə yazılacaq bir romanın
ilk sətirləri.
Savalan müəllimin sözləri
onun yaddaşında daş kimi yox,
toxum kimi düşürdü -
vaxtı gələndə cücərəcək,
bir kənd boyda ağaca çevriləcəkdi.
Kənd -
sadəcə məkan deyildi onun üçün,
bir kitab idi,
səhifələri insanlardan ibarət.
Hər adam - bir hekayə,
hər baxış - bir metafora,
hər susqunluq -
bir romanın qaranlıq başlanğıcı.
Camışların nəfəsi,
arpa zəmilərinin pıçıltısı,
təndir çörəyinin qoxusu -
bunlar hamısı
onun dilinə çevrildi sonra.
O dil ki,
kitablarda yox,
həyatın özündə doğulmuşdu.
Bir gün o uşaq
eşşəyini minib şəhərə getdi -
amma əslində
uşaqlıqdan çıxıb sözə doğru getdi.
Qapı döydü -
amma redaksiyanın yox,
ədəbiyyatın qapısını döydü.
Ona dedilər:
başqa cür yaz,
başqa şeylərdən yaz...
amma o
özündən başqa heç nəyi yazmadı.
Çünki bilirdi:
özündən qaçan söz
oxucuya çata bilməz.
Səhnədə alqışlar qopanda
o uşaq göyə qaldırıldı -
amma əslində
onu gələcək qaldırdı.
Bir cümlə
taleyinə möhür kimi vuruldu:
“Bu uşağın böyük gələcəyi var...”
O gündən sonra
o, gələcəyin içində yaşamadı,
gələcəyi öz içində daşıdı.
İllər keçdi...
Şeir gəldi -
bir külək kimi,
ürəyinin pəncərələrini açdı.
Sonra getdi -
amma iz buraxdı.
Çünki bəzi sözlər
yazılmaq üçün yox,
yolu açmaq üçün gəlir.
Şeir onun üçün
bir başlanğıc idi -
amma son deyildi.
Sonra nəsr gəldi -
ağır, sakit,
amma dərin.
Sanki sözlər
artıq qaçmırdı,
yeriyirdi.
Obrazlar danışmırdı,
yaşayırdı.
Kəndlər
sadəcə təsvir olunmurdu,
nəfəs alırdı.
O yazdı -
amma yazdıqlarından böyük olmadı.
O yaratdı -
amma yaratdıqlarının arxasında gizlənmədi.
Çünki o bilirdi:
yazıçı olmaq
özünü gizlətmək deyil,
özünü açmaqdır.
Onun dünyasında
məkan dar idi -
amma mənası sonsuz.
Bir kənd
bir ölkəyə çevrilirdi,
bir insan
bir xalqın simvoluna.
Çünki həqiqət
böyük səhnələrdə yox,
kiçik detalların içində gizlənir.
O, güldürdü -
amma o gülüşün altında
bir ağrı gizləndi.
O, danışdı -
amma o sözlərin arxasında
bir sükut dayandı.
Onun yumoru
sadəcə gülüş deyildi,
bir müdafiə idi -
ruhun sınmaması üçün.
Zaman keçdi,
amma o qaçmağı dayandırmadı.
Çünki qaçmaq
bəzən qorxmaq deyil,
çatmaqdır.
O qaçdı -
yalanlardan uzağa,
saxtalıqlardan kənara,
özünə doğru.
Bir gün
o dayandı.
Amma bu dayanmaq
bitmək deyildi -
dərk etmək idi.
O başa düşdü:
zamanın içində olmaq
sadəcə yaşamaq deyil,
zamanı yaşatmaqdır.
İndi onun sözləri
kitablarda yox,
insanların yaddaşında yaşayır.
Onun obrazları
kağızdan çıxıb
həyatın içində gəzir.
Onun sükutu belə
danışır -
çünki həqiqət
susanda daha çox eşidilir.
Və o uşaq -
o sarışın, kəndli uşaq -
hələ də qaçır...
amma indi
zamanın içində yox,
zaman onun içində qaçır.
və hər addımında
bir söz doğulur,
hər sözündə
bir ömür yaşayır.
Çünki bəziləri yazır -
bəziləri isə
zamanın özünə çevrilir.
Ana bətnində içilən and
Yazıya pozu yoxdur -
deyir zaman,
və öz sükutunda
min illərin cızıq izlərini gizlədir.
Pozulan hərflər
kağızdan silinir,
amma yaddaşdan yox.
Çünki yaddaş -
Tanrının ikinci dəftəridir,
orada silgi yoxdur.
Bir yazı var -
alnın ortasında yazılır,
qələmi görünmür,
mürəkkəbi qandır,
amma oxuyan hər kəs deyil.
Bu yazı -
taledir deyirlər,
amma tale
bəzən yazılan yox,
oxunan olur.
Bir adam vardı -
öz alın yazısını oxumaq istədi.
Oxudu -
və gördü ki,
o yazı
onun dili deyil,
onun nəfəsi deyil,
onun həqiqəti deyil.
Onda qərar verdi -
pozmağa.
Pozmaq...
yazını yox,
yalanı pozmaq.
Ömrü yox,
saxtalığı silmək.
Çünki bəzən
alın yazısı
alnın deyil,
dövrün yazısı olur.
O, öz alnına toxundu -
və barmaqları işığa batdı.
Qan yox idi,
işıq axırdı.
İşıq -
damarlardan keçib
ürəyə dolan,
ürəkdən çıxıb
yola çevrilən bir axın.
Bu axın
onu bir uşağa apardı.
Uşaq -
zamanın təzə nəfəsi,
tarixin təmiz səhifəsi.
Uşaq -
hələ yazılmamış kitab,
hələ pozulmamış həqiqət.
Onun gözlərində
göy üzü yox idi -
göy üzü onun gözündə idi.
Amma uşaq
rahat nəfəs ala bilmirdi.
Hava ağır idi -
köhnə fikirlərin
tozundan dolmuşdu.
Keçmiş
bir kölgə kimi
onun günəşinin qarşısında dayanmışdı.
O adam başa düşdü -
təkcə öz alın yazısını yox,
zamanın nəfəsini də dəyişmək lazımdır.
Çünki bir nəfər azad olanda
dünya dəyişmir,
amma bir uşaq azad olanda
gələcək dəyişir.
O, uşağın yanında qaldı.
Və birdən
dünya iki yerə bölündü:
bir tərəfdə
köhnə yazılar,
köhnə andlar,
köhnə qorxular;
o biri tərəfdə
təzə nəfəs,
təzə baxış,
təzə ümid.
Köhnə tərəf dedi:
- sən bizdən deyilsən.
və ona bir ad verdi:
“persona non qrata”
Yəni -
arzu olunmayan.
Amma o anladı:
həqiqət
həmişə əvvəlcə
arzu olunmayan olur.
Çünki həqiqət
rahatlığı pozur,
yuxuları dağıdır,
vicdanı oyadır.
Və oyanan vicdan
ən təhlükəli şeydir
yalan üçün.
O adam
təbiətə baxdı -
quşlar yerə dimdik vururdu,
amma yemək üçün yox,
nəfəs almaq üçün.
Göy daralmışdı,
yer boğulmuşdu,
su susuz qalmışdı.
İnsan -
öz ağlını satmışdı
tamahına.
Onda o başa düşdü:
ən böyük xəyanət
başqasına yox,
varlığa qarşıdır.
və varlıq
bir gün cavab verir -
hava ilə,
su ilə,
torpaqla.
O, yazdı.
Amma yazdığı sözlər
sadəcə söz deyildi -
bir xəbərdarlıq idi,
bir haray idi,
bir oyanış çağırışı.
O yazdı ki,
oxuyan susmasın.
O yazdı ki,
susqunluq danışsın.
Sonra -
o, anladı:
bütün ömrü boyu daşıdığı and
dildə yox,
qanda yox,
ana bətnində idi.
Hələ doğulmamışdan əvvəl
bir işıq içmişdi -
o işıq onun andı idi.
O and
nə məhkəmədə içildi,
nə meydanda,
nə də kitabda.
O and
qaranlığın içində
işığa verilmiş söz idi.
Və o söz
bir ömür boyu
onu izləyirdi.
Hər yazdığı sətirdə,
hər susduğu anda,
hər ağrıdığı yerdə.
O adam indi
öz alın yazısını yazmır -
onu yaşayır.
Və hər yaşadığı an
bir misraya çevrilir.
Yazıya pozu yoxdur -
amma yazını dəyişmək olar
əgər onu
ürəklə yenidən yazsan.
Və o adam -
ana bətnində içdiyi andla
hələ də yazır...
amma kağıza yox,
zamana.
və zaman
onun sözlərini silə bilmir.
Çünki bu sözlər
mürəkkəblə yox,
işıqla yazılıb.
Söz sərhəd tanımır
Bir söz var -
torpaqdan doğulur,
amma torpağa sığmır.
Bir fikir var -
bir dilin içində yaranır,
amma dilləri aşır.
və bir yazıçı var -
öz kəndindən çıxıb
dünyanın içində yer tutur.
O yazırdı -
amma bilmirdi ki,
yazdıqları bir gün
başqa dillərin aynasında
özünü yenidən oxuyacaq.
Çünki söz -
bir dəfə doğulmur,
hər oxunuşda yenidən doğulur.
Bir gənc vardı -
uzaq bir ölkədə,
başqa bir dilin içində,
amma eyni ruhun dalınca gedən.
Kitabları açdı -
amma əslində
qapılar açıldı.
Sətirləri oxudu -
amma əslində
zamanları keçdi.
O, bir yazıçını yox,
bir dünyanı araşdırdı.
Bir romanı yox,
bir insanı.
Bir taleyi yox,
bir cəmiyyəti.
Sözlər masanın üstündə deyildi artıq,
laboratoriya kimi açılmışdı həyat -
fikir mikroskop altında titrəyirdi,
insan - parçalanmış bir güzgü kimi
özünü özündə izləyirdi.
“Daş evlər” -
daş deyildi,
susmuş yaddaş idi.
Divarların içində
qışqıran xatirələr,
pəncərələrdən baxan
köhnə baxışlar...
“Nekroloq” -
ölüm haqqında deyildi,
yaşayanların susqunluğu idi.
Dirilər içində dolaşan
ölü fikirlər,
canlı bədənlərdə
donmuş ruhlar...
“Yəhudi əlifbası” -
əlifba deyildi,
taleyin şifrəsi idi.
Hər hərf -
bir tarix,
hər sətir -
bir sürgün,
hər nöqtə -
bir qayıdış ümidi.
O gənc başa düşdü -
ədəbiyyat
sadəcə yazmaq deyil,
insanı açmaqdır.
və insan -
ən çətin mətn.
O yazdı -
amma bu dəfə özü yazmadı,
araşdırdı,
anladı,
yenidən qurdu.
Çünki elm -
sözün ikinci həyatıdır.
Bir kitab yarandı -
kağızdan yox,
zamanın qatlarından.
Səhifələri
illərlə ölçüldü,
cümlələri
düşüncələrlə çəkildi.
və o kitab
bir körpü oldu -
iki ölkə arasında yox,
iki ruh arasında.
Bir tərəfdə
doğma dilin nəfəsi,
o biri tərəfdə
yad səslərin sükutu.
amma ortada
eyni həqiqət.
Söz sərhəd tanımır -
çünki o,
pasport daşımır,
vizaya ehtiyac duymur.
O, ürəkdən çıxır
və ürəyə gedir.
Bir əsər
okeanı keçdi -
suyun üstü ilə yox,
fikrin dərinliyi ilə.
“Alça çiçəyi”
bir ağacdan qopmadı,
bir millətdən çıxdı.
Çiçək açdı -
amma budaqlarda yox,
insanların içində.
Sakit,
zərif,
amma sarsıdıcı.
Çünki bəzən
ən güclü həqiqət
ən yumşaq şəkildə deyilir.
Dünya oxudu -
amma başa düşmək
oxumaqdan çətin idi.
Çünki bu sözlər
sadəcə hekayə deyildi,
güzgü idi.
və hər kəs
özünü gördü orda -
kimisi qorxdu,
kimisi düşündü,
kimisi susdu.
Bir yazıçı vardı -
kənddən çıxmışdı,
amma kəndi itirməmişdi.
Bir gənc vardı -
başqa ölkədə idi,
amma ruhunu itirməmişdi.
və onların arasında
bir körpü vardı -
ədəbiyyat.
Zaman keçdi -
amma söz qaldı.
Coğrafiya dəyişdi -
amma həqiqət dəyişmədi.
Çünki həqiqət
nə yerə bağlıdır,
nə də zamana.
İndi o sözlər
kitablarda deyil,
dillərdə gəzir.
Sərhədləri keçir,
okeanları aşır,
insanları bir-birinə bağlayır.
və o adam -
hələ də yazır...
amma bu dəfə
təkcə öz xalqı üçün yox,
bütün dünya üçün.
Çünki o başa düşdü:
həqiqət yazılanda
ədəbiyyat olur,
oxunanda isə
insanlıq.
Sözün tayında gizlənən kölgə
Sözün də bir taxtı var -
görünməz,
amma hər kəs onun qarşısında
ya diz çökür,
ya da susur...
O taxtın üstündə
bir nəfər oturmayıb heç vaxt -
çünki sözün tacı başa yox,
ruha qoyulur.
Deyirlər -
o, sözün hakimiyyətində
vicdanın prezidentidir...
Amma mən gördüm -
o hakimiyyət nə saraydır,
nə kürsü,
nə də bayraq dalğası...
O hakimiyyət -
qaranlıq gecələrdə
öz ürəyini mühakimə edən adamın
səssiz hökmüdür.
Bir tərəfdə alqışlar -
ayaq üstə qalxan izdiham,
yarım saatlıq gurultu,
qılınc kimi kəsən sözlər...
Digər tərəfdə -
səssiz bir otaq,
divarda kölgə,
və yazı masasında
titrəyən bir qələm...
Kimdir həqiqi şahid?
alqışlayan əlmi,
yoxsa
gecənin qaranlığında
özünü ittiham edən ruh?
Onun sözləri -
bir kəndin dilindən çıxıb
bir millətin damarına axan qan kimidir.
Qarabağın ləhcəsi -
torpaq kimi sərt,
çörək kimi isti,
ana laylası kimi təmiz...
Bu dil -
əlifba deyil,
bu dil -
xatirələrin qırıq sümüyüdür,
sındıqca daha kəskin olur.
Bir şair dedi -
o, şeirdən nəsrə keçdi...
Amma kim dedi ki,
o, şeiri tərk etdi?
Şeir onun içində qaldı -
sadəcə sətirlərdən çıxıb
insan talelərinə çevrildi.
Artıq qafiyə yox idi,
amma ağrı var idi.
Artıq misra yox idi,
amma nəfəs var idi.
Bir başqası dedi -
o, epoxanı yazdı...
Bəli -
o, təkcə bir insanın dərdini yazmadı,
bir millətin sükutunu yazdı.
Sükut -
ən uzun romandır.
O romanın hər səhifəsində
bir susmuş qışqırıq yatır.
Dostlar onu tanıdı -
uşaqlıqdan...
Düşmənlər isə
heç vaxt tanımadı.
Çünki o,
tanınmaq üçün yox,
yanmaq üçün yazırdı.
Onun pəncərələri var idi -
bir aktyor gecələr o pəncərələrə baxıb
ümid tapırdı...
Sən demə,
işıq yalnız lampadan gəlmir -
bəzən bir insanın varlığı
başqasının gecəsini işıqlandırır.
Bir tənqidçi dedi -
onsuz ədəbiyyat yetim qalardı...
Mən isə deyirəm -
onsuz sözün özü
özünü tanımazdı.
Çünki o,
sözü yazmadı -
sözü xilas etdi.
Zaman onu çağırdı -
“hardasan?” dedi...
O isə cavab verdi:
“Mən qaçmadım,
mən yol oldum...”
Yol olmaq -
ən ağır taledir.
Çünki hər kəs sənin üstündən keçir,
amma heç kim sənin
hara apardığını düşünmür.
İndi o -
yaş deyil,
rəqəm deyil,
təqvim deyil...
O -
bir səsdir
zamanın içində qalmayan.
Bir nəfəsdir
ölümün yaddaşından qaçan.
Bir sözdür -
heç vaxt pozulmayan.
Mən inanıram:
Sözün yaddaşı
torpaqdan da dərindir.
Əgər bir gün
bütün kitablar yansa belə,
külün içindən bir cümlə qalacaq:
- insan yazını poza bilər,
amma həqiqəti yox...
Və o həqiqət
bir adamın adında yaşayacaq -
söz kimi,
köz kimi,
vicdan kimi...
susmayan.
Bu gecə sözlərin köhnə sandığını açdım -
içindən kül yox,
yanmamış od çıxdı.
O odun adı
Seyran Səxavət idi.
Və o od
nə vaxtsa yazılmış bir misranın içində
qocalmayan bir sevgi kimi
öz-özünü yandırırdı...
Deyirlər, sevgi cavan ölür -
amma mən gördüm:
sevgi qocalanda
daha təhlükəli olur.
Çünki cavan sevgi çiçək kimidir,
qocalan sevgi isə -
torpağın altından danışan kökdür.
Sən o köklə danışdın,
ey sözün ağsaqqalı -
sən sevginin təkcə gülünü yox,
tikanını da öpdün,
qanını da yazıya çevirdin.
Bir vaxt “sevirəm” dedin -
və kainat sənin səsinə tərəf əyildi.
İndi isə
sənin dediyin o söz
geri qayıdıb
öz sahibini sorğu-suala çəkir:
- Ey şair,
verdiyin sözün içində yaşaya bildinmi?..
Sükutun cavab verir:
- O, sözün içində yox,
söz onun içində yaşayır...
Sevgi bir vaxt
qızıl bir üzük idi -
barmaqlara taxılan.
İndi isə
sümüyə yazılan bir yazıdır -
silinməyən,
yanan,
sızlayan...
Sən o yazını daşıdın,
tale adlı daş kitabın səhifələrində
özünü oxuya-oxuya.
Ey zamanın çiyinlərində yorulmadan gedən adam,
sən sevginin gəncliyini yox,
qocalığını sevdin -
çünki bildin:
ən sədaqətli sevgi
tərk edilməyə öyrəşmiş sevgidir.
Ən böyük eşq
qayıtmayanın yerini
qorumaqdır...
Bir qadın var -
o artıq qadın deyil,
zamanın özüdür.
Saçları payızın küləyi,
baxışları xatirənin qırıntıları...
Sən onu da sevdin.
Hamı gedəndə,
hamı unutmağa çalışanda,
hamı yeni baharlara qaçanda -
sən
köhnə qışın qapısını döydün.
Və orada tapdın
özünə bənzər bir sükut:
yorğun,
amma sınmamış...
Sənə deyirlər:
“niyə hələ də sevirsən?”
Sən cavab vermirsən -
çünki bilirsən:
sevgi sual deyil,
qismətdir.
Sevgi cavab deyil,
cəza kimidir bəzən -
amma müqəddəs cəza...
Bu dünyanın bütün arıları
bir gün sancmağı unudacaq,
bütün bağlar quruyacaq,
bütün küçələr səssiz qalacaq...
Amma bir misra qalacaq -
qan kimi,
dua kimi,
yaralı bir nəfəs kimi:
“Sıxma ürəyimi…”
Bu misra
sənin deyil artıq -
o, zamanın dilində yaşayan
əbədi bir iniltiyə çevrilib.
Ey sözün içində ömrünü yandıran adam,
sən sevgini yazmadın -
sən onu yaşadın.
Və yaşadığın üçün
o sevgi ölmədi.
İndi o sevgi
sənin yox,
sənin ardınca gələnlərin taleyidir...
Sev indi -
amma əvvəlki kimi yox.
İndi
yanaraq yox,
yanmağın nə olduğunu bilərək sev.
İndi
itirmədən yox,
itirdiyini daşıyaraq sev.
İndi
özün üçün yox,
söz üçün sev...
Çünki sən artıq insan deyilsən -
sən
öz misralarının içində yaşayan
bir yaddaşsan.
Və yaddaş
ölmür.
Qəbiristanlıqla üzbəüz doğulanların
gözündə zaman başqa cür axır -
onlar saatı divardan yox, torpaqdan oxuyurlar,
daşların sükutu ilə ölçürlər ömürlərini.
Bir uşaq var -
beş yaşında ölümün nəfəsini içmiş,
qorxunu ana laylasına qatıb yatmış uşaq,
o uşaq böyüyəndə sözə çevrilir,
söz isə -
öz sahibini yazan gizli bir əldir.
Deyirlər, həyat yaddaşdan başlayır,
amma bəzi yaddaşlar qəbir daşlarının kölgəsində yazılır -
adlar silinir, tarixlər aşınır,
amma qorxu qalır,
və o qorxu
bir gün şeir olur,
bir gün roman,
bir gün isə susmaq...
Susmaq -
ən böyük etirafdır bəzən.
Seyran susanda
dünya bir az daha danışırdı,
çünki sözün yoxluğu
sözün özündən daha kəskin səslənir.
Bir adam var -
özünü hər dəfə itirib,
tapdığını sandığı an
yenidən itən adam.
O, aynaya baxanda özünü görmür,
özündən keçmiş bir kölgəni görür -
kölgə isə həmişə sahibindən qabaq gedir,
çünki işıq gecikir.
İşıq gecikəndə
insan özünü qaranlıqda tanıyır.
Və o zaman anlayırsan -
nə xoşbəxtlik var, nə bədbəxtlik,
sadəcə, iki qapı var:
gəliş
və gediş.
Aradakı yol isə
daş evlərdən keçir -
kirayə xatirələr,
yad divarlar,
özünə aid olmayan pəncərələr...
Akif o evlərdə qalmadı,
çünki o evləri o yaratmışdı -
yaradan heç vaxt yaratdığına sığmaz.
Yaradan
həmişə kənarda dayanır,
öz əsərinə baxan bir kölgə kimi.
Bir gün o kölgə
öz sahibinə deyir:
“sən məni yazdın,
amma mən səni yaşadım...”
Və insan anlayır -
ədəbiyyat həyatın kölgəsi deyil,
həyat ədəbiyyatın yarımçıq cümləsidir.
Qəbiristanlıqla üzbəüz doğulanların
bir üstünlüyü var:
onlar ölməyi əvvəlcədən bilirlər,
ona görə də
yaşamağı gec öyrənirlər.
Bəlkə də buna görə
dünya onların gözündə
həmişə bir az yarımçıqdır -
yarımçıq sevgi,
yarımçıq həqiqət,
yarımçıq insanlıq...
Və bir gün
o yarımçıq insan
tam olmaq istəyəndə
yazır.
Yazır ki, boşalsın,
yazır ki, dolmasın,
yazır ki, özünü daşıya bilsin -
çünki insanın içindəki yük
bəzən dünyadan ağır olur.
Və dünya -
hələ də
bir qəbiristanlığın qarşısında dayanıb,
öz taleyini gözləyir.
Qəbiristanlığın işığı
Bu dünya -
öz kölgəsini daşıya bilməyən bir işıqdır,
işıq -
öz qaranlığını tanımayan bir yuxu.
Və biz
hər səhər
özümüzdən çıxıb
özümüzə qayıdan
itmiş adamlarıq.
Şəhər yenə nəfəs alır -
amma bu nəfəs
torpağın altından gəlir.
Divarların qulaqları var,
küçələrin yaddaşı var,
insanların isə...
yaddaşı yox, yalnız izləri qalıb.
Bir uşaq
qırıq bir güzgüdə öz üzünü axtarır,
amma güzgü
onu tanımır -
çünki bu üz
hələ yaşanmamış bir ömrün
yarımçıq cümləsidir.
Xəstəxana hələ də yerindədir -
divarları ağ,
daxili isə qaradır.
Hər kəs öz diaqnozunu gizlədir
özündən.
Bir adam deyir:
“Mən sağlamam!”
amma ürəyi
gizlincə özünə nekroloq yazır.
Başqa biri
öz vicdanını
şüşə qabda saxlayır -
toz tutmasın deyə.
Amma heç kim anlamır ki,
toz -
insanın içindən gəlir.
Bir qadın
şəhərin ortasında ağlayır -
onun göz yaşları
şəffaf deyil,
yanır.
Bu göz yaşları
su deyil -
yanmış ümidlərin
ərimiş külüdür.
Onun səsi
küləyin boğazında qalıb,
çünki külək də
bu şəhərdə danışmaqdan qorxur.
Qəbiristanlıq
yenə evlərin üzünə baxır -
və evlər
gözlərini qaçırır.
Çünki qəbiristanlıq
hər şeyi bilir:
kimin diri olduğunu,
kimin sadəcə nəfəs aldığını.
Bir məzar daşı
gecə yarısı
yavaşca dillənir:
“İnsanlar məndən qorxur,
amma mən
onların içində yaşayıram...”
Bir at
yağışın altında
torpağı eşələyir -
sanki
yerin yaddaşını oyadır.
Bir it
səssizcə göyə baxır -
sanki Tanrı ilə
köhnə bir söhbəti var.
Və insan -
onların arasında
ən yad varlıq kimi
özünü izah etməyə çalışır.
Dünya
özünü təkrar edən bir səhnədir:
eyni rollar,
eyni yalanlar,
eyni alqışlar...
Sadəcə aktyorlar dəyişir,
maskalar dəyişir,
amma tamaşa
heç vaxt bitmir.
Və pərdə
heç vaxt tam bağlanmır -
çünki bu tamaşanın
rejissoru yoxdur.
Bir gün
bütün heykəllər yerindən düşəcək,
daşlar danışacaq,
sükut qışqıracaq.
Və o gün
insan anlayacaq ki -
ən böyük qaranlıq
işığın içində gizlənirmiş.
Mən isə
yenə o qəbiristanlığın qarşısında dayanmışam -
uşaqlıqdan qalan bir qorxu kimi.
Amma indi qorxmuram.
Çünki bilirəm:
ölüm - son deyil,
sadəcə
insanın özündən qaça bilmədiyi
ən dürüst cavabdır.
Və bu cavabın içində
bir səs var -
səssiz,
amma kəskin:
“Yaşamaq -
özünü tapmaq deyil,
özünü itirə-itirə
özünə çevrilməkdir...”
Secilmişin son sükutu
Deyirlər,
seçilmişlər göydən düşmür -
onlar torpağın ən dərin qatında
susaraq yanan közdür,
üstünü kül basmış həqiqətdir.
Bir gün kül sovrulur -
və alov danışır...
O, danışanda
dünya susur,
amma dünya onu eşitmir.
Sözləri göy üzündə yazılır,
amma yer üzündə oxunmur.
O, qaranlığın içində
işıq daşıyan kor adam kimidir -
hamı onun əlindəki çırağı görür,
amma heç kəs yolunu soruşmur.
Seçilmişin faciəsi -
onun təkliyi deyil,
onun çoxluğun içində itməsi deyil,
onun danışıb eşidilməməsidir.
Çünki o,
insanların dilində yox,
ruhların dilində danışır.
Onun cümlələri
daşın yaddaşına yazılır,
küləyin nəfəsinə qarışır,
yağışın göz yaşına çevrilir -
amma insan qulağı
bu dili hələ öyrənməyib...
Bir şəhər düşün -
evləri var, küçələri var,
amma ruhu yoxdur.
O şəhərdə
ən bahalı şey yalandır,
ən ucuz şey isə həqiqət.
Və həmin şəhərin ortasında
bir adam dayanıb -
əlində görünməyən bir kitab,
ürəyində yanmaqdan yorulmayan bir günəş.
O adam danışır:
— “İnsan, sən özünü itirmisən...”
Şəhər isə gülür.
Gülüş...
bəzən ən böyük faciənin maskasıdır.
Seçilmiş adam
öz zamanına sığmır—
çünki zaman dar paltardır,
onun ruhu isə
sonsuzluğun ölçüsündə tikilib.
Ona görə də
ya zaman cırılır,
ya da o...
Bir gecə
o, göyə baxır -
ulduzlar susur.
Bir gecə
o, torpağa baxır -
qəbirlər danışır.
Və o anlayır:
insanlar hələ sağ ikən ölüdür,
ölənlər isə bəzən daha diri...
Onun qəlbi -
bir savaş meydanıdır:
bir tərəfdə Tanrı,
bir tərəfdə dünya.
O isə ortada -
özünü parçalaya-parçalaya
həqiqəti qoruyan bir sərhəd kimi.
Seçilmiş olmaq -
sevilmək deyil,
seçilmiş olmaq -
yanmaqdır.
Sönmədən yanmaq,
kül olmadan yanmaq,
özünü itirmədən
özündən keçməkdir.
O, gedəcək -
amma izi qalacaq.
İzi torpaqda yox,
ürəklərdə yox -
zamanın yaddaşında.
Çünki zaman
ən gec anlayan,
amma ən doğru hökm verəndir.
Bir gün
o susacaq.
Və o susanda
dünya danışacaq.
Amma artıq gec olacaq -
çünki həqiqət
həmişə gec eşidilən səsdir...
Seçilmişin faciəsi budur:
o, dünyanı xilas etmək istəyir -
amma dünya
öz yarasını sevir...
Bakı,
22.3.2026.




