Bia.Az

QARA QIZ – TORPAQ POEMASI - Ədalət Nəbi Qarabulud

Redaktorun seçimi
 5-03-2026, 01:38     17 969

QARA QIZ – TORPAQ POEMASI

(epik-fəlsəfi-mistik poema)

PROLOQ – YARADILIŞDAN ÖNCƏ QARA

Əvvəl heç nə yox idi.
Nə səs vardı, nə nəfəs, nə də dua.
Sadəcə Qara – sükutun özü,
sonsuzluğun tənha nəbzi,
Tanrının düşünməyə başlamazdan öncəki kölgəsi.
Qara – bir ananın bətninə bənzəyirdi,
içində hər şey var idi,
amma hələ heç nə doğulmamışdı.
Sonra Qara düşündü:
“Əgər özümü görsəm, mən iki olaram.”
Beləcə, işıq yaranıb gözlərini açdı –
bir uşaq kimi,
ilk dəfə adının mənasını bilmədən gülümsədi.
İşıq doğulan kimi Qaranın ürəyi ağrıdı,
çünki hər doğuş – bir parçalanmadır.
O ağrının göz yaşlarından torpaq yarandı –
Tanrının ilk təbəssümünü udan qara bətndir o.
Torpaq nəfəs aldı,
və nəfəsindən insan doğuldu –
yarı işıq, yarı kölgə,
yarı dua, yarı günah.
Tanrı baxdı və susdu,
çünki bəzən sükut
yaradılışın ən dərin sözüdür.

I. QARA QIZIN ÇAĞIRIŞI

Qara qız ol, qara torpaq,
ol dəlin olum sənin.
Sənin sükutunda başımı itirim,
sənin damarlarında axım,
bir daşın nəfəsinə çevrilim.
Sənin ətəyində yatmaq –
Tanrının dizində dincəlmək kimidir.
Sənin qoxunda qiyamət var,
amma o qiyamət də doğum ağrısıdır.
Torpaq, sən qaranın yaddaşısan,
sənin hər zərrəndə bir kainat yatır.
Külək sənə salam verir,
yağış səndən dua alır,
insan isə səndə bağışlanır.

II. İNSAN VƏ TORPAQ ARASINDA

Mən bir nəfəsdim,
sən bir nəfəsin məbədi.
Əllərimi sinənə qoyuram,
nəbzin – suların səsi kimi döyünür.
Sənin içində köklər danışır,
daşlar sükutla dua edir.
Bəlkə bir vaxt mən ağac idim,
yarpaqlarım sənə düşüb xatirəyə çevrilmişdi.
Bəlkə sən mənim unudulmuş anam idin,
indi mən sənin bətninə qayıdıram.
Torpaq – unudulmaq deyil,
xatırlanmaq üçün yatmaqdır.

III. QARA QIZIN DİLİ

Qara qız danışır:
“Mənim içimdə hamı yatır –
padşah da, dilənçi də,
şairin səsi də, daşın sükutu da.
Məni eşidən hər kimdirsə,
bir gün mənim olmağa gələcək.
Çünki hər yolun sonu
mənim qoynumdadır.”
O gülür torpaq –
gülüşü çiçəklərə yayılır,
yağışlar onun tənini oxşayır.
Səma gülüşün sədasından maviyə boyanır,
çünki torpaq güldü,
və həyat başladı.

IV. OYANIŞ

Bir uşaq gülür sənin sinəndə,
o gülüş – mənəm, yenidən doğulan.
Bir dən cücərir –
o da mənim sözümün kökü.
Bir durna havalanır –
o da mənim ruhumun qanadı.
Səndə ölmək –
Tanrının əlində dirilməkmiş.
Səndə uyumaq –
əzəldən bəri özünü tapmaq imiş.
Ey qara qız,
sənin sinəndə ölüm də ağ çiçəkləyir.
Sən ölümləri də dua kimi saxlayırsan,
çünki sükutun da mərhəmətlidir.

V. SON DUA

Qara qız ol, qara torpaq,
adımı sil,
amma adım səndə qalsın.
Sənin dərinliyində
bir sükutun damlası olum,
bir daşın damarında ürək kimi döyünüm.
Sən nəfəs aldıqca,
mən dua kimi yaşayım.
Sən yağışa qarışdıqca,
mən sənin qoxunda qalıb islanım.
Bütün sükutların kökü sənsən,
bütün duaların son səsi.
Sən nəfəs alanda
Tanrı da dərin düşünür.

EPİLOQ – TORPAĞIN CAVABI

Mən sənin sükutundan doğuldum, insan.
Sənin addımlarınla nəfəs alıram,
hər izini yaddaşımda saxlayıram –
çünki yaddaş da bir növ sevgidir.
Mən səni udmuram,
səni geri çağırıram.
Çünki torpaq – son deyil,
ilk addımın təkrarıdır.
Hər dəfə bir uşaq doğulanda,
mənim qəlbimdə bir çiçək açır.
Hər dəfə bir insan ölür,
mən bir nəfəs dərindən alıram –
çünki həyat və ölüm
mənim eyni nəfəsimdir.
Sus indi, insan –
danışmaq sənin,
amma eşitmək mənim işimdir.
Mən səni tanıyacağam,
bir toz zərrəsi kimi,
bir qoxu, bir iz, bir sükut kimi...
Tanımaq danışmaq deyil,
Tanımaq – torpağa dönməkdir.скачать dle 12.1