Bia.Az

BELƏ BUYURDU KƏRAMƏT (Mistik-fəlsəfi poema) - Ədalət Qarabulud

Redaktorun seçimi
 27-10-2025, 00:09     42 844

BELƏ BUYURDU KƏRAMƏT

Mistik-fəlsəfi poema 
Ruhu nur içində olsun…

Epiqraf

“Bir gün sükut da danışacaq — o gün insan öz səsini tanımayacaq.”
— Kəramət

I. GƏLİŞ

Küləyin nəfəsində bir uşaq səsi vardı –
Göyçölün mavi dumanından doğulan.
Torpaqdan bir nəfəs qalxdı o gün,
bir qarı dedi:
“Allah kəramətə gəldi.”
O vaxtdan külək adını əzbərlədi,
daş səni tanıdı,
sular sənin addımının səsini
dalğa kimi daşıdı.
Sən doğulanda,
Dədə Qorqudun qədim nidası
yenə yerdən qalxdı:
“Oğul, sözə əmanət ol,
çünki insan ölər,
söz qalır.”
Sən isə cavab verdin:
“Mən elə sözün içində doğulmuşam, Dədə.”

II. SÖZÜN YÜKÜ

Sən söz deyəndə,
dağlar dinləyirdi səssiz,
çünki sənin sükutun da danışırdı.
Hər kəlmən bir dua idi,
amma duaların da bəzən
öz Allahını axtarırdı.
Markesin “rüzgarın kölgəsi”ndə
öz kölgəni gördün,
qorxdun —
çünki kim öz içini görürsə,
orda Tanrının bir parçası yanır.
Sən yanmaqdan qorxmadın,
amma sönməkdən də istəmədin.
Elə bu üzdən,
sözün də, qəlbin də
həmişə köz kimi qaldı.
Küçədə ürəyin dayandı,
amma şəhər dayandı səninlə birgə.
Bir anlığa bütün aləmin
nəbzi kəsildi,
çünki sənin ürəyin -
çoxlarının vicdanı idi.
Sən gülümsədin daş atanlara:
“Hər hürən itə bir daş atsaydım,
dünyada daş qalmazdı.”
Bu bir aforizm deyildi,
bu – bağışlamağın fəlsəfəsi idi.
Çünki sənin sərtliyin də şəfqətliydi.
Əl uzatdığın hər kəs
bir parça unudulmazlıq qazandı,
amma sənin yaddaşını
heç kim daşıya bilmədi.

III. GEDƏNLƏR SUSMUR

İndi səni çağıran
külək deyil,
ruhların səssiz selidi.
Sən ölmədin, Kəramət,
sadəcə, cismini yerə qoyub,
öz səsini sözə çevirdin.
Sənin cümlələrin
indi daşların altından cücərir,
misraların
səssiz dua kimi dolaşır
şəhərin üstündə.
Göyçöl səni yenə gözləyir - 
orda bir qarı hələ də
adını pıçıldayır yuxularda.
Vətən sənə bənzəyir, Kəramət:
yaralı,
amma tükənməyən,
sakit,
amma danışan.
Sən bu torpağın
ruhuna çevrildin - 
bir ulduz kimi dövr edirsən
xalqın yaddaşı ətrafında.
Səni oxuyan hər kəs
bir az da susur.
Çünki sənin sözündə
danışmaqdan çox
dinləmək var.
İndi sən
sükutun içində danışırsan,
bizsə səssizcə
səni dinləyirik.

EPİLOQ

Kəramət,
sən getmədin,
sadəcə, torpağın altına yox,
sözün içində gizləndin.
Bu millət səni unuda bilməz,
çünki sənin adında
öz vicdanının bir qırığı var.
Sən, Dədə Qorqudun son övladı,
rüzgarın kölgəsindən doğulmuş insan,
indi ulduzsan,
amma işığın hələ də
küçələrin üstündə yanır...
Ruhun nur içində olsun, Kəramət.
Sənin sükutun da poeziyadı.

Ədalət Nəbi Qarabulud.
BİA.az.
скачать dle 12.1