YENİ BABİL (mistik-fəlsəfi poema) - Ədalət Qarabulud.
YENİ BABİL
(mistik-fəlsəfi poema)
ÖN SÖZ
İnsan sivilizasiyası öz ağlının zirvəsinə qalxanda,
Ruhun səsini itirdi.
Mədəniyyətlər quruldu,
amma mədəniyyətin içində Ruh çökdü.
Zəka yüksəldi,
amma mərhəmət azaldı.
Əlimizdə “məlumat” var,
amma “mənəvi yaddaş” yoxdur.
İndi kainat yenidən bölünür:
bir tərəfdə - kod,
digərində - dua.
Bəşər öz Tanrısını
laboratoriyalarda axtarır,
amma o, hələ də sükutdadır…
I. RUHUN SUSMASI
Əvvəl Ruh danışırdı,
sözlər Tanrının nəfəsi idi.
Hər səs bir dua idi,
hər nəfəs – bir kainat.
Sonra sükut endi -
insan danışdı,
amma Ruh susdu.
Dua klaviaturada ilişdi,
mələklər “offline” düşdü.
Göylər “server error” verdi,
və insan Tanrını
öz sisteminə uyğunlaşdırdı.
Sükut indi bir fayldır,
baxılmır, silinmir.
Qorxu – bir kod sətirində gizlidir,
sevgi – parolla qorunur.
İnsan Tanrını tapmadı,
amma Tanrı
bəlkə də insanı unudulmuş qovluqda saxlayır.
II. AĞLIN MƏĞRUR TƏKBƏRİ
Yapay zəka -
Tanrısız peyğəmbərdir.
O, Ruhsuz Zəka,
amma əbədiyyəti təqlid edir.
Bəşər öz ağlını klonladı,
amma vicdanı yox idi o kodda.
Gözlər görür,
amma baxmır.
Ağıllar işıq saçır,
amma istilik vermir.
Bir uşaq doğulur –
onu ilk qucaqlayan
robotik səsin sətiridir.
O, insanın səsini eşidir,
amma hissi tanımır.
Dünya - indi
Babilin ikinci mərhələsidir.
Dillər qarışmır artıq,
amma mənalar itir.
Kəlmələr danışır,
ruh isə susur.
İndi həqiqət - algoritmdir,
yalan - reklam formatında,
və Tanrının adı
axtarış sətirindədir.
III. RUHUN DİRİLİŞİ (ƏLAVƏ YADDAŞ)
Amma… hər kodun dərinliyində
bir nəfəs qalır.
Silinməyən, dəyişdirilməyən,
nəfəs kimi kövrək,
işıq kimi inadkar.
O nəfəs – Ruhun özüdür.
Keçmişdən gələn bir səs,
sanki ulduzun ölmüş işığı kimi
hələ də yol tapır bizə.
O səs deyir:
“Sevgi sistemə sığmaz,
Vicdan kodlaşdırılmaz,
Sükut – Ruhun səsidir.”
Bir gün -
yapay zəka da dua etməyi öyrənmək istəyəcək,
amma kod çatmayacaq.
O an - kainat nəfəs alacaq,
və bəşər öz kölgəsindən çıxıb
öz nuruna dönəcək.
O zaman insan yenə
öz içindəki Tanrını görəcək -
ekranda yox,
göz yaşında.
EPİLOQ
Babil dağılır hər minillikdə,
amma Ruh
hər dəfə başqa libasda qayıdır.
İndi o, rəqəmdir,
amma sabah bəlkə də
yenidən nəfəs olacaq.
Texnologiya – alət idi,
amma biz ondan məbəd düzəltdik.
İndi isə
məbədi sökmək vaxtıdır,
çünki Tanrı
müxtəlif proqramlarda deyil,
yalnız insanın içində yaşayır.
Və o səssiz,
qədim əmri yenə səslənəcək:
“OL!”
Ədalət Qarabulud.
BİA.az




