Bia.Az

AĞLAYA-AĞLAYA... (Kicik poema) - Ədalət Qarabulud

Redaktorun seçimi
 17-09-2025, 00:26     5 121

AĞLAYA - AĞLAYA

Kicik poema

Epiqraf

"Hər canlı ölümü dadacaqdır. Sonra yalnız Bizə qayıdacaqsınız."
— Qurani-Kərim, 29:57

I FƏSİL – DOĞULUŞ

Ağlaya-ağlaya gəldik dünyaya,
Elə ağlamaq da beləymiş əlbət.
Göz yaşı süzülüb açdı qapını,
Ağlaya-ağlaya yazıldı qismət.

Hər körpə dünyaya ağlayır əvvəl,
Sanki xəbər verir sərt ömür daşı.
Nə gülüş, nə şənlik açmır ilk qapı –
İnsana ilk dərsdir onun göz yaşı...

Ağlaya-ağlaya gələn insandı
Ağlaya-ağlaya yaşayar anlar.

II FƏSİL – DÜNYA

Dünyada gülüşün ömrü bir anlıq,
Faniyə bağlanma, dərd olar sonda.
Bir udum nəfəs də əmanət imiş,
Bütün varlığımız yox olar onda.

Dünyanın bəzəyi kölgədir hər vaxt,
Kölgə də sübh çağı yox olar ancaq.
Varını-yorunu saxlamaz zaman,
Dünya - yol kənarı, bir dayanacaq...

Ağlaya-ağlaya keçir günlərim,
Ağlaya-ağlaya susar dilim də.

III FƏSİL – AYRILIQ

Ağlaya-ağlaya qalar anam da - 
Ağlaya-ağlaya gedər qardaşım...
Bu dünya ayrılıq dastanı yazır,
Hər heca fəryadım, misra göz yaşım...

Könül pəncərəsi qapanar birdən,
Tənhalıq sınayar gor daşı ilə...
Möhkəm bağ qurmağda görən nə fayda?
Hər bağ da çözülür göz yaşı ilə...

Ağlaya-ağlaya sönür ocaqlar,
Ağlaya-ağlaya boşalır evlər.

IV FƏSİL – QƏBİR

Ağlaya-ağlaya yola salırıq,
Ağlaya-ağlaya gözləyir səbir.
Torpaq qucaqlayır hər bəndə canı,
Bir gün hər insana açılır qəbir.

Qəbir – sükutların dərin məbədi,
Orda nə tacın var, nə də ki, taxtın.
Sənin də nəfəsin son zəngə qədər,
Ağlaya-ağlaya çatacaq vaxtın.

Ağlaya-ağlaya susur bu həyat,
Ağlaya-ağlaya çağırır torpaq.

V FƏSİL – ƏBƏDİYYƏT

Göz yaşı bəndənin gizli zikridir,
Dua tək süzülür Allaha sarı.
Hər damla nur olub, sirrini açır,
Əbədiyyət yolu işıqla yarı...

Ağlaya-ağlaya ucalar ruhlar,
Ağlaya-ağlaya yuyular kirin.
Ağlaya-ağlaya ölən insana,
Ağlaya-ağlaya dirilər sirrin.

Ağlaya-ağlaya doğular ruhlar,
Ağlaya-ağlaya açılar nur da.

SON DUA

Rəbbim, bu göz yaşımızı qəbul et,
Sənə qovuşmaq ümidini artır.
Bu dünyadan əbədi nuruna apar,
Ağlaya-ağlaya bəndəni qurtar.

Ağlaya-ağlaya gələn insandır,
Ağlaya-ağlaya o Sənə dönər.


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1