Bia.Az

“İçimdəki Aslan” - Ədalət Qarabulud.

Redaktorun seçimi
 16-09-2025, 01:10     3 032

“İçimdəki Aslan”

Epiqraf

“Qorxaq nəfs eşşəkdir,
cəsarət yalnız Haqq nurunun aslanında gizlidir;
onu özündə oyadan – həqiqi insandır.”

I. Kölgənin başlanğıcı

Cəsarətli deyil eşşək,
o, yalnız bir addımda dayanar,
bir çay daşına ilişib
öz yolundan qorxar.
Amma aslanın nəfəsi
onun boynundan keçir,
bir anlıq
gözündə ulduzlar yanır.

– Ey insan, unutma: aslan içindədir.

II. Aslanın nəfəsi

O nəfəs ki,
dağların sinəsini yarır,
küləkləri od kimi qızdırır.
Eşşəyin ürəyi
ilk dəfə gücün nə olduğunu hiss edir.
Lakin o güc
ona aid deyil,
yalnız əks-səda kimi çırpılır
onun sümüklərinə.

– Ey insan, unutma: aslan içindədir.

III. İnsan günündə

Biz də belə,
özümüzü cəsarətli sanırıq,
amma əslində
başqasının odunu daşıyırıq.
Bir göz qırpımında yanırıq,
bir göz qırpımında külə dönürük.
Çünki o od
bizim içimizdən deyil,
kənardan gəlmişdir.

– Ey insan, unutma: aslan içindədir.

IV. Gizli aslan

Ey insan,
unutma:
aslan çöldə deyil,
sənin qəlbində yatır.
Sən öz kölgəni oyatmadıqca
həmişə bir eşşəyin taleyini
yaşayacaqsan.

– Ey insan, unutma: aslan içindədir.

V. Dua

Oyan,
içində gizlənən aslanı səslə,
nəfəsini öz nəfəsin et,
çünki yalnız o zaman
cəsarət sənindir,
yalnız o zaman
sənin addımın
öz izini daşa çırpacaq.

– Ey insan, unutma: aslan içindədir.

Son dua

Ey Haqq,
qorxaq nəfsimizi eşşək kimi yükləmə,
içimizdə gizlənən aslanı oyat!

Ey Haqq,
başqasının kölgəsinə möhtac qoyma,
öz nurunu nəfəsimizə qat!

Ey Haqq,
cəsarəti bizə yad bir güc kimi deyil,
öz həqiqətimiz kimi bəxş et!

– Ey insan, unutma: aslan içindədir.


Ədalət Qarabulud.

BİA.az

скачать dle 12.1