“Qayıdışsızlar” (Ceysə və Odisseyə ithaf) - Poema - Ədalət Qarabulud
“Qayıdışsızlar”
(Ceysə və Odisseyə ithaf)== Poema ==
I. İtaka Küləyi
Səni axtardım,mərmər döşəməli, qaranlıq
bir Dublin səhərində.
Ağlımda ağ göyərçinlər uçurdu,
ayaqlarımın altındaysa
Odisseyin suda batmış addımları.Bir zamanlar
səma tanrılarının yellədiyi gəmi
indi yalnız gündəlik qəzetlərin sətirləriylə
üzür
və Poseydon susur,
çünki Blumu titrədən şey
artıq fırtına deyil,
sevgisinin içində doğulan xəyanətdir.
Əli cibində gəzir
iblislərin daha ləyaqətli olduğu bu çağda –
Odisseyin qılıncı pas atıb,
çünki bu döyüş
divlərlə deyil,
içdəki səssiz, boynueyik təslimlədir.
Molli –
bir zamanlar kəfən toxuyan Penelopa,
indi ləçər bir dövrün güzgüsüdür.
Ağzında oxşama sözləri yox,
qarğıya bənzər nəvazişlər daşıyan qadın,
istəklə, vecsizlə
özünü satır,
amma alınan o deyil –
satılan Blumin qürurudur.
Geri dönür –
əvvəl ayaqları, sonra fikri,
ən sonda vicdanı.
Yorğandır,
amma təkcə gəzintidən yox –
insanlığın boyun əydiyi
min illik hekayələrin
ağrısından.
Çünki ev artıq
qayıdış deyil –
səssiz bir hecalanma,
qapı arxasında
öz qadınını boylan boylan itirən bir kişinin
özünə çevrilməsidir.
Ey Coys,
sən Troya divarlarını söküb
bir yataq otağının qapısına çəkmisən,
o qapının arxasında
itirilən təkcə qadın yox,
əfsanənin özüdür.
Biz indi
xəyalpərəst bir dənizçinin yox,
sürünə-sürünə gerçəyə qayıdan
mazoxist bir ruhun
duasını eşidirik.
Təntənə bitdi.
Əbədi qayıdış
artıq saat ikidə
mətbəxdə yandırılmış soyuq çaydanın
buxarındadır.
II. Molli – Qadının dəyişən adı
Səni Penelopa deyə çağırdılar,başını örtdün,
qəlbini gizlədin.
İndi adın Mollidir –
və səssizcə deyirsən: “bəli”,
yenə “bəli”,
yenə “bəli”
– lakin heç vaxt: “məni gözlə”.
Əllərində ipək yox,
əlində nə kəfən, nə zaman.
Əvəzinə
içində bükülmüş bir qəzəb:
"məni gözləyən olmadı,
niyə mən gözləyim?"
Əfsanənin baş qəhrəman qadını –
indi sadəcə bir səs,
bir nəfəs,
bir bədən.
İçində nə xoşbəxtlik,
nə də xəcalət var.
Sadəcə –
qanlı, canlı var olmaq arzusu.
III. Blumun Duaları
Mən dua etmirəm,amma Tanrıya məktublar yazıram,
çünki bilirəm, o da oxumur.
Sütunlu məbədlər uçub,
yerində qəzet köşkləri durur.
Müqəddəslər yeriyir
təqaüd cədvəlləri arasında,
mən isə
arvadımın yataq otağına
özümü peyğəmbər kimi yox,
itirən bir kölgə kimi sürüyürəm.
Deyirlər,
Odisseyin iti onu tanımışdı.
Məni isə
öz güzgüm belə tanımır.
Kiməm mən?
Boylanın yediyi boşqabda duz olan,
öz yeməyini dadmayan bir kişi.
IV. Boylan – Arzu və İyrənclik
Boylan gəlir.Ayağında parıldayan laklar,
ağzında konyak və kompliment.
Dünyanın sonu onun addımlarında deyil –
amma dünyanın bitdiyi yerdə
Boylan başlayır.
Odisseyi lənətləyən tanrılar vardı –
məni isə
zövqsüz reklam afişaları
və keçəl impresariolar lənətləyir.
Savaşsız təslim oluram –
çünki savaşsan da,
evini artıq itirmisənsə,
ev yoxdur.
V. Penelopanın itkisi
Ey toxucu,toxumadın sən kəfəni.
Sökdüyün öz arzularındır,
hər telin içində bir səbir,
hər düyündə bir göz yaşı.
Lakin artıq səbir
neft iyi verir,
göz yaşları isə
sabunlu su kimi –
içində təmizlik yox,
sadəcə vərdiş.
Penelopa,
sən artıq yoxdur,
çünki artıq
heç kim səni gözləmir.
Səbir öz yerini
təslimiyyətə verib.
VI. Dublin – Yeni İtaka
Bu şəhərdən çıxanheç kim dönmür.
Çünki burada
qayıdış yox,
yalnız dolanış var.
İtaka bir məkan deyildi –
bir ümiddi.
Dublin isə
ümidsizlik içində
üz verən bir miraj.
Küçələrdə ayaq izləri yox,
təkcə
unutmaq üçün gedilən
bar izləri var.
Dəniz yox,
bira şüşələri var.
Poseydon yox,
polislər var.
VII. Tanrısız Odisseya
Bu dəfətanrılar kənara çəkilib.
Athena danışmır.
Zeus sorğusuzdur.
Artıq qəhrəmanlar
öz daxili səslərini eşitmir,
çünki içləri boşdur –
və boşluq danışmaz.
Odissey bir mifdi,
Blum isə fakt.
Birinin yolu dənizlə çəkildi,
digərinin yolu
poçt qutusundan düşən reklamla.
Zaman dəyişdi –
artıq sirr qalmadı.
Sirrsizlik –
bəşəriyyətin son lənətidir.
VIII. Telemax – Oğulsuzluğun sükutu
Ata yola çıxanda,bir uşaq idi içimizdəki inam.
İndi nə atamız var,
nə də o inamın qırıntısı.
Blumun oğlu ölü doğulub –
və bu ölümlə
min illik ata-oğul
əfsanəsi də dəfn olunub.
Telemax –
axtaran oğul idi,
indiki oğullar isə
axtarışsız doğulur
və cavabsız ölür.
Miras qalmır artıq –
nə taxt, nə yaddaş,
nə də bir ad.
Biz indi ata olmadan yaşayırıq,
öyrəşmişik –
çünki varislik
artıq qanla yox,
qr-code’la ötürülür.
IX. Qadın Monoloqu – “Bəli”nin tərkibindəki xeyr
(Bu hissə Mollinin iç monoloquna poetik cavabdır –həm Penelopa, həm Molli danışır. Bu qadın zamansızdır.)
Mən gözlədim.
Əllərimdə nə kəfən vardı,
nə də ipək.
Sadəcə vaxt vardı –
sürünən,
zamanı yeyən,
məni yeyən vaxt.
O gəlmədi.
Odissey gəlmədi,
Blum gəldi –
sükutun kişiləşmiş forması kimi.
Bir söz demədi,
amma susdu…
elə susdu ki,
sanki bütün həyatım o sükutla yazıldı.
Mən Boylan’ı seçmədim –
amma Boylan danışırdı.
Onun səsi vardı.
Mən onunla sevişmədim –
mən ondan qisas aldım.
Bir qadın özlüyünü itirəndə,
özünü kiməsə verir –
bu fahişəlik deyil,
bu cavabdır.
Bəli dedim,
çünki bəli deməyə alışmışdım.
Çünki qadına “xeyr” demək
bəzən
qapıları örtür.
Amma mən o qapını
həmişə açıq saxladım,
qayıtsın deyə –
nə Blum, nə də Odissey,
sadəcə, bir kişi.
X. Epiloq – Qayıdış yoxdur
Əgər sonda bir ev varsa,niyə heç kim ora dönmür?
Bəlkə də
İtaka heç zaman mövcud olmayıb.
Sadəcə xəritəyə çəkilmiş bir xəyaldı,
qayıdacağımızı düşünərək
irəli getmək üçün
özümüzə uydurduğumuz
mənzil.
Blum da, Odissey də
geri dönmədi.
Biri dənizdə itdi,
o biri isə
evin içində –
bir stulda oturaraq,
diqqətlə çayın soyumasını izləyərək.
Susaraq.
Hərəkət etməyərək.
Hiss etməyərək.
Çünki qayıdış –
artıq coğrafi bir məsələ deyil.
Bu, mənəvi imtinadır.
İnsan bir dəfə gedir
və bir daha dönmür.
Hətta geri gələndə belə,
özünü gətirmir.
Bəzən
qadın qapını açır –
amma içəri girən
kişidən çox
xatirə olur.
Yəni,
ölüm hələ gəlib çıxmamışkən
biz artıq yoxuq.
Bəlkə də,
qayıdış mümkün deyil,
çünki
heç vaxt tam getməmişdik.
Və insan
öz yerində dayanaraq
necə qayıda bilər?
Ədalət Qarabulud.





