Yalnız Səni çağırıram, Sənədir ümidim, Allahım! - YENİ ŞEİRLƏR
Yalnız Səni çağırıram, Sənədir ümidim, Allahım!
Sükutun içində batırdım bir vaxt –küydə itmişdi səslərim.
Nə qədər çağırdım,
eşidən olmadı...
Sonra bildim –
Məni dinləyən
könlümün dərinliyində gizlənən
Sənsən, Allahım.
Uzaq deyilsən əslində –
amma insan,
öz uzaqlığında itirir Səni.
Əlimi uzadıram –
hava deyil,
ümidə toxunur əlim.
Bilirsən,
bu ümid də Səndəndir,
əlimin titrəməsi də.
Nə zaman bir dağ çökür içimə,
nə zaman bir dərd
ağlımı əsir alır,
yolumun sonunda
yenə bir dua var –
adı Sənsən,
məqamı səssizlik.
Yalnız Səni çağırıram –
çünki adını deyəndə
qırılmır qürurum,
qurtulur ruhum.
Sənədir ümidim, Allahım –
çünki dünya ümidsiz yerdi,
ümid yalnız
Sənin adının yanındadı.
Diz üstə çökdüyüm yerlər
məbədə çevrilir.
Əllərimi göyə qaldırdığım an
göy mənə enir.
Ey Ucalıq Sahibi –
məni ucaldan
yalnız Sənin mərhəmətindi.
Bilirəm,
hər şey Səndəndir –
hətta imtahanlar da...
amma dua
imtahanda əlimdə olan yeganə silahdır –
onu da verən Sənsən.
Ey qəlbimin Sükutu!
Mən Səni heç vaxt görmədim –
amma yoxluğunla heç olmadım.
Hər "yoxam" dediyim yerdə
varlığınla tutdun əlimdən.
Ona görə deyil mənim Allaha çağırışım
yalnız çarəsizlikdə –
mən çağırıram,
çünki mənim ruhumun tək Sahibisən!
Dünya doludur –
amma içim boş.
Dünya gülür –
amma mən ağlayıram,
amma bu göz yaşım da
Sənə aparır məni.
Sən olmadan
heç kim toxunmaz içimə.
İnsanlar baxar,
görməzlər.
Amma Sən –
gözlərimi qapatsam da,
məni görənsən.
Yalnız Səni çağırıram, Allahım –
çünki heç kim mənim səssizliyimi
belə aydın duymur.
Ey Qovuşduğum Həsrət!
Ey Səssiz Harayım!
Əgər dua qapılarındasa
bir kölgə yerim varsa,
mən orada sığınacaq tapıram.
Hər gecə bir az daha
itirdiyim özümü –
Sənin adında tapıram.
Sənədir ümidim, Allahım –
çünki ümidsizlik Sənsizliyin adıdır.
Gəl, qəlbimə düş bir işıq kimi.
Gecəmi böl, sabahımı yarat.
Sən olmadan
heç bir sabah
aydın deyil.
Heç bir gündüz
işıqlı deyil.
Yalnız Səni çağırıram,
Sənin adınla yaşayıram,
və bilirəm –
kim Sənə ümid bağlayırsa,
o heç vaxt
ümidsiz dönmür bu həyatdan.
Pələngin xatirəsi...
Pələng...səni çağırdım,
səsim, bu dəfə zamanın içini
dəlib keçdi.
Bir baxışın düşdü yadıma -
gözlərin… öz kölgəsinə belə acıqlı baxırdı.
Yerişin – sanki torpağı yoxlayırdın,
dəmir ayaqlı bir yuxu kimi.
Adını deyəndə
...sən özündən də dik dururdun -
çünki bilirdin: adın taleyindir.
Səni sevmədilər -
sığallamaq istədilər.
Qürurunu oxşamaq əvəzinə
xatirəni cilovlamağa çalışdılar.
Amma sən...
...başını yana çevirdin,
sanki:
"Hiss edirəm, amma ehtiyacım yoxdu!" - dedin.
İnsanlar dua pıçıldayır,
amma çoxu ümid yerinə dilənir,
“şükür”lə qapanır,
amma qapandığı,
öz azadlığının qəbri olur bəzən.
Sən isə...
hər baxışınla üsyan edirdin,
amma səssiz.
Sakit bir fırtına idin.
İlkinliyin içində tanrısal bir təmkinlə
yalnız özünə borclu yaşayırdın.
İndi,
baxıram fotosuna,
baxıram...
və pıçıltıyla səsləyirəm səni:
- Pələng... Pələng...
Bilirəm, eşidirsən,
ömrün divarının o üzündən,
çünki səs qapı tanımaz,
hiss – ölümsüzdür.
Bəlkə sən heç pişik deyildin...
sən bəlkə unudulmuş
bir tayfanın son fəryadıydın.
Dilin yox idi,
amma hər duruşun
bir fəlsəfəydi.
Bəzən düşünürəm,
bəlkə də insanın əcdadı -
məhz belə bir heyvandı...
gözlərində alov,
səssizliyində nizam,
toxunulmaz bir hürriyyət.
Səni görəndə
yerə daha möhkəm basırdım ayaqlarımı,
unutduğum instinktlər yuxudan oyanırdı.
İnsanı... özüylə tanış edən
sən idin,
təbiətin içindən keçib
qürurunla danışan
canlı bir ayin kimi.
Sən itəndə isə
bir çağ bitdi,
çünki Pələngin yoxluğu -
tək itki deyil,
qürurun sükuta qərq olmasıdı...
Ey Pələng,
bu şəhərdə artıq hər baxış
bir yalvarışdı.
İnsanlar sevgi istəyir -
amma əvəzində.
Müqabilində minnət,
mükafat,
sığal,
tanınmaq...
...sən isə heç nə istəmirdin,
sadəcə - öz olmağa icazə.
İndi sənin foton
divarda bir ikonadır,
amma içimdə oyanan
yenə canlıdır.
Bu zaman -
quruluşu pozulmuş bir dua,
bu cəmiyyət -
mətləbini itirmiş bir misra,
bu insan –
öz gölgəsinə möhtac bir bədən.
Amma sən...
hələ də baxırsan ordan -
o tərəfdən,
gözlərində
müdrikliklə dolu susqun bir hökm:
“Yaşamaq -Səni itirmədim, Pələng,
sığal üçün deyil.
Sevilmək -
satılmaq deyil.
Varlıq -
ruhun özünə verdiyi addır.”
sadəcə indi
öz içimdə daha dərin hiss edirəm səni.
Hər qorxusuz düşüncəmdə,
hər sərhədsiz cümləmdə,
və azadlıq deyilən o qəribə sükutda...
...yenə sən varsan.
Yaddaş - insanın içində gizlənən daşdır
Pamuk...
sən ki qorxunca titrəyirsən,
amma unutma -
sığalın dadını da
heç zaman unutmursan.
İnsanlara bax,
“balıq yaddaşlıyıq” - deyirlər.
Guya tez unudarlar...
Amma sən də bilirsən,
balıq bir dəfə qorxsa,
o suya daha qayıtmaz.
Divarlar da eşidir bizi,
günlərin çökək səsində
min yaddaş yatır.
Daşlar belə susmur.
Dovşan... sən də susmursan.
Amma yalnız insan -
seçərək unudur.
Yaxşını silir,
pisliyi böyüdür yaddaşında.
Min dəfə çörək versən -
bir dəfə verməsən,
elə bil hamısı yoxmuş kimi.
Kin - onun suyu,
xəyanət - xatirəsi.
Pamuk,
gözlərində təmiz bir səma var.
İnsanlara bax,
onların baxışında
bəzən fırtına gizlənir.
Ağac unudur baltanı,
yenə kölgə salar altına.
İnsan isə -
öz kölgəsindən belə şübhəlidir.
Yaddaşı daş kimidir,
dəyişməz,
çökür içində,
içində səssizcə qışqırar.
Sən isə qulağını dik tut,
məni eşit:
biz pisliyi unutmaqda balıq olaq,
yaxşılığı saxlamaqda
ağac kimi...
yapraqlarımız tökülsə də,
yenə yaşıl qalmağı bacaraq.
Ədalət Qarabulud.
BİA.az





