Şeir kimi, dua kimi... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ
Şeir kimi, dua kimi...
(Şair dostum Mətləbin əziz xatirəsinə həsr edirəm).Şeir kimi idi…
Dua kimi.
Hər misrası könlün dərinliyindən doğan,
Hər sözü sanki bir yaraya məlhəm.
Səsi vardı -
Sanki qoca bir qaval,
Hər titrəyişində
Bir dərd ucalırdı göyə.
O danışanda
Sükut belə nəfəsini saxlayardı.
Bir gün...
Bir axşamüstü...
Bir yuxu kimi keçdi aramızdan.
Sanki göz açıb yummalı oldum,
Sanki dünya dəyişdi onun susqunluğunda...
Keçən səfər getdim,
Köhnə küçələrdən boylandım,
Kəndin hər tinində nəfəsi vardı,
Addımları qalıbmış sanki daşların yaddaşında.
Dönüb baxdım -
Çayxanada stolu boş idi.
Yarısı içilmiş çayı
Hələ də buxarlanırdı xatirə kimi…
Soruşdum.
Dedilər:
- Oxudular onu...
Allaha -
Dua kimi.
Səsi azanla qarışıb indi,
Misraları pıçıldayır külək...
O bir şair idi -
Köksündə yağışlar,
Gözlərində günəş daşıyan.
Qələmi barmaqlarında gül açardı,
Susqunluğu belə danışardı -
Hər kəsin anlamadığı dildə.
İndi…
Səssizdi o qapı,
Toz basıb yarımçıq qalmış dəftərləri.
Heç kim toxunmur o köhnə qələminə,
Elə bil gözləyir:
Gəlsin,
Yenə yazsın,
Yenə içindəki ağrını misraya çevirsin…
Mən isə dayanıram qarşısında,
Bir daş kimi susuram.
Bir şeir qoşuram adına,
Bir dua pıçıldayıram adına.
Qələmim səni yazır, dostum…
Qəlbim sənsizliyin şeirini.
Sən getdin…
Amma səni oxuyanlar var hələ də -
Diz çökərək,
Göz yaşlarıyla,
Dua kimi...
Dinləyənlər var səni
Sükutda,
Yarpağın xışıltısında,
Kağızın qoxusunda...
Bu son şeir sənədir.
Və bu dəfə
Son misranı sən tamamlamayacaqsan.
Çünki artıq sən -
Bir şeirsən.
Bir dua -
Allaha yüksələn…
Unudulanlar üçün
Bir vaxtlar adımı pıçıltı ilə çəkənlər,
indi susqunluqda boğulur.
Bir zamanlar gözlərimin içində
gələcəyi axtaran gözlər
indi başqasının sabahına baxır.
Könlümün səssiz gecələrində
yanımda olanlar,
indi bir nəfəs qədər uzaqdadır.
Sirrimi verdim,
özüm də verdim,
özlərini götürüb getdilər.
Gözüm dörddü,
amma mən görünmürəm artıq -
könül çəkilib,
yada düşmür heç nə.
Torpaq qədər ağır susqunluq
çöküb adımın üstünə.
Əlimi çəkdilər,
daha qayıtmamaq şərtiylə.
Bəlkə də, unutmaq
bu dünyanın ən yüngül günahıdır.
Amma mənə ağır gəlir
unutulmaq.
Dönüb baxıram ardımca -
yol yox,
iz yox,
adam yox.
Hamı getmiş,
hamı susmuş,
və sükutun içində yalnız
ölüm danışır.
Bu yalanla dolu dünyada
bircə ölüm doğrudur,
unutqanlıqların içində
əsl yaddaş odur.
Zamana heykəl
Daş saat durub –meydanın ortasında
nə tərəddüdü var,
nə təlaş.
Yalnız baxır
küləklə oynayan zamanın
üzünə.
Onun içində
qoca bir nəfəs çırpınır -
çəkilmiş illərin
tozlu səsi.
Tiq-tiq…
tik-tak…
Zaman deyil bu –
unutduğumuz göz yaşıdır,
bircə damlası dağ salar
insanın içinə.
Bir qız gəlir -
mavidonlu,
ayağı yalın,
başı açıq.
Adı yox,
səsi var.
Səsi -
ilk uşaq gülüşü kimi
bizi oyadır.
Əlində bir ovuc solmuş gül,
yaddaşdan dərilmiş kimi,
nə yaz çiçəyidir,
nə yas.
O bir sözdür.
Qəlbin içindən
çıxıb gələn
çılpaq, utancaq
və bəzən başı dik.
Gəlinlik ona yaraşmır,
çünki o hələ
heç kimə aid olmayıb.
Kənarda bir kişi –
keçəl,
baxışlarında yorğun
illər.
O da heykəldi,
yalnız nəfəs alır.
Yaddaşı daş,
qolları pas.
İllərlə bir yerdə dayanmaqdan
ayaqları torpağa qarışıb.
Gözləri saatın əqrəbləri kimi
dairə vurur,
amma heç yerə getmir.
Və indi –
ZAMANA HEYKƏL QOYULAN VAXTDIR.
İndi daş dil açacaq,
səssizlik danışacaq.
İndi söhbətə
külək qoşulacaq
və biz hamımız -
bir cümlənin içində
qarşılaşacağıq...
Bir qadın gəlir -
saçlarında çiçək-çiçək
baharın təkrarı kimi.
Gözləri qıyıq -
bir az monqol,
bir az özbək,
bir az heç kim.
O qadın
qədim yolların
tozunu gətirir
paltarının ətəyində.
Addımıyla
keçmişi oyadır.
Saatlar -
daş saatlar,
sürünən saniyələr
xırıltıyla işləyəcək.
Nəfəsimiz kimi qeyri-sabit,
sevgi kimi narahat.
Sanki göydən
daş yox -
sevdalar yağacaq.
Bir qızın baxışından,
bir kişinin susqunluğundan,
bir qadının saçındakı
çiçək qoxusundan...
Bizim üstümüzə
bütün unudulan
gözəlliklər
yağacaq.
Ədalət Qarabulud
BİA.az





