Bia.Az

Nə var Allahdan yuxarı... (Mistik-ruhani silsiləsə) - Ədalət Qarabulud

Redaktorun seçimi
 28-08-2025, 00:08     2 639

I. Nə var Allahdan yuxarı...

    (Mistik-ruhani silsilə)

...Nə var Allahdan yuxarı,
nə var qəbirdən aşağı - 
Ruhum, dur, yığış, gedirik.
Sən yuxarı, mən aşağı,

yəni sən nurun ardınca,
mənsə kölgənin içinə.

Ulduzlar görməz buradan,
işıq aid görünənə...

Bu gecə qapqara gecə

bizsə yoxluqda ağaran

Sən bir ağ duasan indi
havadan asılıb qalan...

adım çəkilməyən ism,
zülmətdə susqun bir “səs”əm - 
Mən bir ağacın kökündə

gizli sonuncu nəfəsəm.

Tanrı day enməz göylərdən,
qalxıb, torpağa baxsana - 
bir baxışla, bir "niyə?"ylə,

Ruhum, göylərə çıxsana...

Nə sualın var, versənə
cavab düşər aram-aram - 
qəbirlərin arasınnan

axtarıb onu taparam.

Varlıq bir qığılcımdır bil

sonsuz yoxluğun içində,
biz indi o qığılcımla

bir ölcüdə, bir bicimdə -

sən yuxarı, mən aşağı.

Sonda bəlkə eyni yerdə

qarşılaşarıq yenə də
nə yuxarıda, nə aşağıda - 

sirli bir qapı ağzında,
son vaxtsızın ocağında,
hec vaxt adı olmayan 

səssizliyin qucağında...

II. Yolçuluq 

Ruh göylərə çəkildi,
səmadan da yuxarı,
hardasa mələklərin də susduğu qatlara.
O orada tək deyildi,
amma heç kim danışmırdı -
çünki söz, burada çox səthdə qalırdı.

Bədən isə torpaqda,
hər şeyin çürüyüb yenidən doğulduğu yerdə,
öz səssizliyini dinləyirdi.
Hər hüceyrə bir dua kimi çürüyür,
və torpaq onu əzbər öyrənirdi.

Ruh soruşdu:
– Sonda nə var?
Bir səs cavab verdi:
– Heç nə.
Amma bu "heç nə" elə dərin idi ki,
Tanrının nəfəsini daşıyırdı.

Bədən soruşdu:
– Mən yenidən doğulacağammı?
Torpaq cavab verdi:
– Hər toxum ölür, çiçəyə çevrilmək üçün.

İki yol gedirdi bir-birinə zidd,
amma hər ikisi eyni yerə yaxınlaşırdı - 
bir qaranlığın içində doğulan işığa.

Ruh uçdu, qayıtmadan,
bədən yatdı, oyandığını bilmədən.
Zaman keçdi,
amma heç nə dəyişmədi - 
çünki bu yolçuluqda zaman da səssiz şahid idi.


III. Birləşmə və Səssizlik

Nə göy var indi,
nə də yerin ağırlığı.
Ruh və bədən,
biri yox, biri var deyildi artıq -
ikisi də susurdu.

Yuxarıdan gələn nur,
aşağıdan süzülən qaranlıq -
eyni rəngdə qarışmışdı.
Sınan güzgüdə bir üzdən iki cizgi qalırsa,
bax o cizgilər də əriyib bir olmuşdu.

Heç bir sual yoxdu.
Sual olmadıqda cavab da olmur,
amma o sükut -
sanki hər şeyin izahı idi.

Bir nəfəs vardı -
nə nəfəs idi, nə də səs.
Adını deməyə dil çatmazdı,
çünki orada artıq dil də yoxdu.

“Ruhum” deyə çağırdığım –
indi mən idim, mən deyildim.
Bədənim?
O torpağın içindəki toxum olmuşdu,
amma çiçək də deyil,
yarpaq da -
elə toxumun özü,
yəni mümkün olan hər şey.

Tanrı hardaydı?

O sual artıq gərəksiz idi.
Çünki hər şey O idi.
Və mən artıq “mən” deyildim,
hiss edən yoxdu,
hiss olunan yoxdu,
yalnız bir varlıq var idi -
qıpqırmızı bir səssizlikdə
özünü heç kəsə deməyən bir həqiqət.

Son misralar – Vəhdət

Gedən mən idim,
qalansa da mən.
Yuxarı və aşağı –
ikisi də bir qapının iki tərəfində dayanırmış.
İçəri girəndə gördüm:
Qapı yoxmuş.

Sonda anladım -
bütün yolçuluq yalnız bir
“Sükut” imiş.


Ədalət Qarabulud.

BİA.az

скачать dle 12.1