Qaranlığın İçində... - Ədalət Qarabulud
Qaranlığın İçində...
Məsələn,
Artıq eşq də kartladır -
limitin bitən kimi səni də blok edirlər.
Səni başa düşməyənə yox,
başa düşənə izah etməyə çalışırsan özünü,
çünki artıq yorulmusan.
Çox şey dəyişib, dostum.
Qadınlar saçlarını kəsdirib azadlıq dediyi kədəri yaşayır,
kişilər isə ağlaya bilmədikləri üçün
məzəli statuslar yazır.
Bir az da belə olur:
Gülüşlərin “filter”, göz yaşların “draft”da qalır,
kimsə hekayəsinə səni,
sən isə hekayələrinə onu sığışdıra bilmirsən.
Həyat?
İndi o da minimal dizaynda -
amma yuxusuzluğun maksimal.
Sevgi?
O da reklamsız versiyaya keçirilib,
pulun yoxdursa, yarımçıq qalır hisslərin.
Və bəzən anlayırsan:
Ən uzun münasibət
telefonunla olub.
Ən səmimi “necə-sən?” sualını
sənə ancaq sistem soruşub.
Sonra da otur düşün bir az,
Gör görək, daha ağrılısı hansıdır:
Səni bəyənməyən birinin idealına çevrilmək,
yoxsa illərlə yanına gəlib-gedən taksi sürücüsünün
səni heç tanımaması?..
Dostum,
artıq insanlar xoşbəxt olmaq üçün yox,
başqasından xoşbəxt görünmək üçün yaşayır.
Sevgi bir növ “qızıl paket” kimidir -
yalnız sponsorlu.
İndi birini sevmək deyil,
onu itirdikdən sonra necə görünəcəyini düşünmək vacibdir.
Yəni, hisslər yox, postlar danışır.
Hər kəsin əlində bir telefon,
qəlbində bir boşluq.
Yuxarı sürüşdürür, amma özü həmişə aşağı düşür.
Kimsə təhsil alır, diplom yığır,
kimsə “influencer” olub
fikir yığır.
Birincini heç kim tanımır,
ikincinin isə nə dediyini anlamırlar, amma paylaşırlar.
Artıq insanlara qəlbini yox,
nə qədər izləyicinin olduğunu göstər.
Çünki bu dövrün sevgi dili - statistikadır.
Gör, daha nə qədər yıxılacaqsan
“feminist” deyib əşyalaşdıran qadınlara,
“mədəni oğlan” deyib
səni adam yerinə qoymayanlara?
Axırda hamı eyni yerə çatır:
vəfasızlıq, ikrah və ya instinkt.
Biri ağlayır,
biri yazır,
biri artıq heç nə hiss etmir.
Gəlib çıxırıq bir suala:
Bu dövrdə insan olmaq daha çətindir,
yoxsa insan qalmaq?..
Qarışıq bir sistemdir:
səni doğulanda böyüdür,
böyüdükcə isə boğur.
Qızsan - sakit ol,
Oğlansansa - kişiliyi sübut elə,
Amma nə sakitlik sənindir,
nə də kişiliyin mənası var artıq.
“Qonşu nə deyər?”
Bu cümlə ilə neçə insanın
xəyalı zibil qutusuna atılıb,
üstünə “ayıbdır” yazılıb.
Səni deyil, səni necə görürlər — onu düşün.
Seçdiyin sənət, geyindiyin paltar,
gülüşünün səsi belə
başqasının razılığına tabedir.
İstedadlısan - amma sənət “ac saxlayar”,
Zənginləşmək istəyirsən - “halal deyil”.
Oxumaq istəyirsən - “qız nə eləyir diplomu?”,
Susmaq istəyirsən - “niyə bu qədər soyuqsan?”
Bu cəmiyyət,
qadına işləmə deyər,
amma işləməyən qadına da “kiminsə boynunda dolanır” deyər.
Bu cəmiyyət,
kişiyə ağlama deyər,
amma ağlamayanı da “daşürək” adlandırar.
Dostum,
burda doğru olmaq yetmir,
doğru görünmək lazımdır.
Və sən doğrunu deyəndə yox,
səssiz qalanda daha çox hörmət qazanırsan.
Ən pisi də bilirsən nədir?
Bu mentalitetin içində doğulub,
sonra ona nifrət edib,
amma yenə də onun kimi yaşamaq.
“Ailə hər şeydir.”
Amma ailə bəzən
səni sən olmamağın üçün əlindən gələni edir.
Səni başa düşmək yerinə
öz xəyalındakı uşağı düzəldirlər.
Sanki sən doğulmamısan,
səni yığıblar - hissə-hissə, qəlibə uyğun.
Ata susar,
ana ağlayar,
amma sonunda günahkar
həmişə sən çıxarsan.
Çünki sən öz yolunu seçdin,
onlar isə səninlə qürur duymadılar -
çünki o yol "bizimkilər kimi" deyildi.
Universitetə girərsən -
“Sənin oxumağındansa, filankəsin oğlunun adını eşitmək yaxşıdır.”
Musiqi ilə maraqlanarsan -
“Zurnaçının da diplomu olar?!”
İncəsənət desən,
ac qalacaqsan.
Elm desən,
“başına çıxacaqsan” deyə qorxarlar.
Bir az sərbəst yaşamaq istəsən -
"Avropalaşıb, pozulub" deyərlər.
Ən azından
saçını fərqli kəs,
heç nə deməsələr belə,
gözləri “səni silər.”
Qohumlar?
Hər ailə toplantısı sənin şəxsi həyatına müdaxilə tədbiridir.
“Sən nə vaxt evlənirsən?”
– Sanki həyat planı Excel cədvəlində olmalıdır.
“Səni bu cür kim alar?”
– Sanki satışdasan.
Kişi olmaq?
Burda kişi olmaq -
bağırmaq, döymək, yuxarıdan baxmaq,
amma heç vaxt içindəki boşluğu etiraf etməməkdir.
Çünki kişi “ağlamaz”.
Çünki kişi “sındı” deməsinlər deyə
illərlə özünü yeyər.
Kasıbsansa - tənbəlsən.
Zənginsənsə - oğrusan.
Sakit qalsan - acizsən.
Düz danışsan - tərbiyəsiz.
Sonda anlayırsan ki,
burda yaşamaq
səninlə yox,
sənin haqqında deyilənlərlə bağlıdır.
Burda o sözün özü belə zəiflik kimi qəbul olunur.
Depressiyadasansa - şıltaqsan,
Psixoloqa gedirsənsə - dəlisən.
Danışırsansa - dramatik,
Susursansa - qapalı.
Heç kim anlamır ki,
bəzən susmaq səssizlik deyil -
qışqıra bilməməkdir.
Burda insan bir az içində qaralanda,
deyirlər:
“İbadət elə, keçər.”
Halbuki sən Allaha yox,
bir az nəfəs almağa ehtiyac duyursan.
“Hamının dərdi var,” deyirlər —
amma heç kim səninkini dinləmir.
Çünki hamı danışmaq istəyir,
heç kim eşitmək istəmir.
Psixoloqdan çıxan birini görsələr,
sanki qəbiristanlıqdan gəlirmiş kimi baxırlar.
Çünki ruhi ağrı gözlə görünmür,
ona görə də inanmırlar.
Otağında günlərlə qalırsan,
pəncərələri açmırsan,
çünki işıq belə
səni ifşa edirmiş kimi gəlir.
Dostların zəng etmir -
“Belə istəyir” deyə düşünürlər.
Valideynlərin başa düşmür -
“Nə çatmır sənə axı?”
Bir gün yazırsan:
“Yaxşı deyiləm.”
Cavab gəlir:
“Səni belə görmək istəmirik.”
Sanki hisslərin belə kiminsə zövqünü pozur.
Sanki sənin qaranlığın
instagram feedinə yaraşmır.
Ən dəhşətlisi də odur ki,
bəzən elə dolursan ki,
partlamaq belə azadlıq kimi gəlir.
Amma yenə də özünü saxlayırsan.
Nəfəs alırsan,
boğula-boğula yaşayırsan.
Çünki sən bilirsən:
burda ruh sağ qalmaz,
ya gizlənər,
ya da yavaş-yavaş susar.
bəzən güc
hər şeyi yoluna qoymaqda deyil —
qoyulmayacağını anlayıb
yenə də davam etməkdədir.
Əllərin əsir,
düşüncələrin parçalanıb,
ürəyin bəlkə də gündə yüz dəfə boşalır içində,
amma baxırsan ki,
yenə də ayaqdasan.
Səni anlamaq istəmirlər?
Qoy istəməsinlər.
Bu dünya,
ən çox anlamadığı şeylərdən qorxur.
Qorxuducu görün —
sakit-sakit qalıb dəyişməkdə inadkar ol.
Psixoloqa getmisən?
Get!
Bu, zəiflik deyil -
yaralandığın yeri sarımaq cəsarətidir.
Artıq gülmək istəmirsən?
Gülmə.
Sənin hər təbəssümün kiminsə rahatlığı üçün borc deyil.
Qaranlığın varsa,
saxla özündə.
Sən günəş doğmalı deyilsən -
bəzən külək olmaq da bəs edir,
özün-özünü silkələyib özündən ayılmaq üçün.
Əgər bir gün
yenidən sevmək çətindirsə,
özünü sevməklə başla.
Qoy bu dəfə
səni tərk edən sən özün olmayasan.
Sənə deyəcəklər:
“Əvvəlki kimi deyilsən.”
Cavab ver:
“Çünki əvvəlki kimi əzilməyə razı deyiləm.”
Səni sevməyəcəklər,
çünki nəhayət susmursan.
Hörmət etməyəcəklər,
çünki artıq sınmırsan.
Amma unutma:
Kölgə yalnız
işığın qarşısında dayananlara düşər.
Və sən artıq
qaranlığın içində gizlənən yox,
qaranlığın içindən çıxanı olursan.
Bu dövrdə dirənmək bir inqilabdır -
səssiz, tək və qanlı.
Amma sən sağsan.
Hələ də.
Və bu bəs edir...
Ədalət Qarabulud





