İndi səssizlik danışır, İlahi... - Ədalət Qarabuluddan YENİ ŞEİR
İndi səssizlik danışır, İlahi...
ISusuram, İlahi...
Çünki danışdıqca
sükutun ən dərin qatını itirirəm.
Söz — yalan ola bilər,
amma sükut — həmişə sənsən.
Hər nəfəs,
zamana həkk olunmuş iz kimi
üzümə yazılır.
Məni məndən al, İlahi,
özünə qaytar,
çünki yolların sonu
yenə sənə çıxır.
Külək gəzir yaddaşımı —
köhnə duaların tozunu üfürür
bir titrək vərəqdən.
Gecənin içində
yanan ulduzlar
bəlkə də bağışlanmanın
susmuş müjdəsidir.
Boynum büküldükcə
əzab yox,
bir qəribə rahatlıq axır canıma.
Kəndir dartıldıqca
ruhum boşalır
bu torpaq zəncirindən.
Ölüm — qapıdır, İlahi,
tutacağı —
yalnız sənin adın.
II
Bir dəfə sındır məni —
tam sındır,
qırıqlarımda sən görün, İlahi.
Bütöv ikən unutdum səni,
çatladıqca
içimdən işığın süzülür.
Əgər yolum yoxdursa,
azdır məni,
amma elə azdır ki,
sənin yoxluğunda belə
səni axtarım.
Səbr — daş divardır,
nəfəs aldıqca
ürəyimə çırpılır zaman.
Amma sən, İlahi,
o divarın içində
qapı olmusan mənə,
bəzən də çıxılmaz —
ki səni daha dərindən çağırım.
Bəzən susursan, İlahi.
O sükutda elə bir haray yatır ki,
min dua belə
onu dilə gətirə bilmir.
Amma danmıram səni —
yıxılsam da,
sənə tərəf yıxılıram.
Zaman soyulur üzərimdən
ipək paltarı kimi,
və altda —
yalnız sən.
III
İndi səssizlik danışır, İlahi.
Nəfəs alır yoxluğumun içindən.
Hər şey yavaşlayır —
saatlar, səs,
ürəyimin titrəyişi...
Sanki dünya
bir tənəffüsə sığmaq istəyir.
Torpaq yaxın gəlir,
amma qorxutmur.
Çünki onun altı da
sənin göy üzün qədər işıqlıdır.
Qaranlığın dibində
yenə sən varsan,
və bu dəfə mən
gözlərimi bağlayaraq
görürəm səni.
Əllərim boşalır —
saxladıqlarım
qum kimi süzülür içimdən.
Heç nəyə sahib deyiləm artıq,
amma sənə daha yaxınım.
Çünki yoxluqdan keçmədən
varlığına çatmaq olmur.
Sözlər dua olur,
dua nəfəsə çevrilir,
nəfəs — sükuta.
Və sonda —
yalnız sənin adın qalır
ürəyimin içində,
hər şeyin yerinə.
Boynum bükülmür artıq,
çünki baş əymirəm —
tam təslim oluram.
Yox olmaqdan qorxmuram, İlahi,
çünki yoxluğumun dərinliyində
yalnız sən varsan.
Və son addımı atanda —
bil ki, içimdə
nə üsyan qalacaq,
nə arzu, nə dua —
yalnız sən.
Ədalət Qarabulud.





