Bia.Az

"Gedəndə adama xəbər edərlər..." - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ

Redaktorun seçimi
 3-08-2025, 15:01     4 872

Gedəndə adama xəbər edərlər...

(Əlislam Bilalın ruhuna)


Gedəndə adama xəbər edərlər,
amma bəziləri səssiz gedər,
söz yerində donub qalar,
göz yerində sönük bir işıq.

Ruh da bəzən ömrün daşından
bir ovuc sirr götürər,
bir az şeir,
bir az susqunluq,
bir az da "niyə" deyə bilməyən kədər.

Bu dünya —
körpə gülüşlü bir yalan,
qoca qürurlu bir sükut.
Kim gəldi ki sonacan?
Kim qaldı ki, iz buraxsın sonsuzluqda?

Sən isə, Əlislam,
yandın,
yanıb kül olmadan,
külünü də qoruyub getdin.
Hər kəsin sözü vardı,
sənin isə sükutun danışırdı —
yerdən göyə,
göydən bizə.

Qarışıb bir az Təbrizə,
bir az da Kürün səsinə,
getdin...
elə bil ki, küləkdi adın,
dəydikcə kövrəldir qəlbi.

İndi hansı qapını döyürsən?
Hansı işıqlı sükuta söykənib,
kimə deyirsən:
– Mən gəlmişəm, bir az dərd, bir az gülüş gətirmişəm?

Bizi də çağırarsan bir gün,
bilirəm,
çünki səssizlər səssizləri tanıyır.
O vaxta kimi –
nə bir bağlama yas,
nə də bir ağı.
Sadəcə bir söz qoy ardınca:

“Gedəndə adama xəbər edərlər,
amma mən –
sözümdə qaldım,
özümü saxladım,
getdim...”


Səssiz Tanrıya axşam duaları...


Sükutun dərinliyində bir qapı var,
Orda işıq da yanmır, kölgə də düşmür.
Hər addımda ayağım ruhuma batır,
Özüm özümü daşıyıram - ağır bir yük kimi.
Əgər bu su da məni yuyub paklamırsa,
Bəlkə mən su deyil,
Oddan yaranmışam.

Göydən asılıb bir səda -
Nə çağırır, nə susur,
Sadəcə varlığı ilə
İnkarımı dinləyir.

Hər gecə içimdə
Bir peyğəmbər ölər,
Bir büt doğular,
Bir dua parçalanar,
Bir ulduz boğular -
Və mən susaram.

Susaram ki,
Könlümün divarında yazılar silinməsin.
Çünki Tanrı yazısı silinsə belə,
Qan ilə çəkilən sətirlər
Gecələr qayıdar.

Yol itirib göy üzünə baxanda,
Ulduzlar da yön göstərməz,
Onlar da bilirlər -
Bəzən yuxarı da aşağıdır.

Dəryada batmamaq üçün
Nəfəs almamaq gərək,
Çünki hər nəfəs
İnsanı sudan ayırar.

İçimdə bir mağara var,
Nə adım var orda,
Nə də ümidin izi.
Orda yalnız
Özündən qaçanlar
Özlərini tapar.

Söz...
Söz nədir, əgər ruh toxunmursa?
Dil öyrənmişik,
Amma həqiqət susur.
Sanki hər hərf
Bir pıçıltı ilə
Haqqı boynundan asır...

Və mən...
Düşünürəm:
Bəlkə yaşamaq elə
Ölməkdən qorxduğumuz üçün
Təxirə salınan bir dua imiş?

Səni sevmək - Özünü unutmaqdır, Vətən...

Sən mənimsən -
amma torpaq olduğun üçün yox,
ruh olduğun üçün.
Mən sənin üstündə yox,
içində yaşayıram.
Sən məni doğmadın,
məni duydun.
İçimdə bir dua kimi pıçıltıydın əvvəl,
sonra ad oldun,
yol oldun,
qiblə oldun...
Gözlərim səni axtaranda
göydə yox,
könlümün yanan yerində tapdı.
Bir uşaq tək susaraq sevdim səni - 
çünki səni danışmağa qoymadılar.
Səni sevəndə
nə özümə aid oldum,
nə kiməsə.
Səni sevmək -
özünü unutmaq,
və özünü unutduqca
səndə əriyib yox olmaqdır.
Bu sevgi
heç bir qanuna yazılmadı,
heç bir konstitusiyada olmadı,
amma qanımdan silinmədi.
Deyirlər:
Sev, amma səssiz sev.
Göz dolusu baxma,
könül dolusu duyma,
çünki qorxurlar - 
səni sevsəm,
sənə sahib çıxaram.
Səni sevsəm,
oyanaram...
Səni bölməyə çalışdılar -
pasportla,
sərhədlə,
sözlə.
Bilmədilər ki,
Vətən bir xəritə deyil -
Vətən, içindəki sükutun
harada əminlik tapdığı yerdir.
Kimlə müqayisə edim səni, Vətən?
Göz yaşıyla yoğrulmuş
ana çörəyiləmi?
Yoxsa,
məscid içində
səssiz qalan bir niyyətləmi?
Sən müqayisəyə sığmayan
bir varlıq anlayışısan -
bir nəfəssən,
bir cavabsızlıqda gizlənən hikmətsən.
Sən zamanın deyil,
anın içində yanan
sözsüz bir zikrsən,
məkanı olmayan bir "yer"…
Sən torpaq deyilsən yalnız -
sən torpağın da içində
ürpərən bir işıqsan.
Səni sevmək —
ölçüsüz bir təslimlikdir.
Və bu təslimlikdə
azad olur ruh.
Ey Vətən -
mən səni
səddsiz sevirəm,
haqqsız,
şərtsiz,
və kiminsə izni olmadan.
Səni sevdikcə
özüm də unuduluram,
çünki sən,
mənim “özüm” deyil,
Özə gedən yolumsan.

Ədalət Qarabulud.

BİA.az

скачать dle 12.1