Dəlixanalar dəliyə həsrət.... - Ədalət Qarabulud
Dəlixanalar Dəliyə həsrət...
Şair Vəli Drvişə ithaf
1.
Dəlixanadakı əməlli-başlı adamlardı,
agıllı-kamallı
Di gəl, özlərini dəliliyə vurublar...
Dəlixanadakılar gündə bir dəfə Tanrı ilə danışır -
amma yalandan,
çünki Tanrı çoxdan buxarlanıb stəkanın dibindən.
Onların gözləri salamatdır,
sadəcə baxmaqdan imtina edirlər.
Danışırlar -
amma sözləri paslanmış açardır,
heç bir qapı dönmür,
heç qapı yoxdur bəlkə də.
Qəbristanlıqlar bomboş,
ölülər köçüb,
onlar da tək qalmaq istəmirlər artıq.
Torpaq darıxır ayaq səsləri üçün,
qurdlar əsnəyir acıqla.
Və şairlər -
onlar hələ nəfəs alır...
günah kimi,
şübhə kimi,
üzə çıxmış sətiraltılar kimi.
Güllələyin onları!
- deyir sükutun özü,
çünki şeir hələ də qanad çalır,
və bu uçuş -
idarəsiz bir dəli quş kimidir.
Dəlilik,
bəlkə də son sığınacaqdır ağıllının.
Ağıllı olmaq - cəza,
bilmək - lənət,
görmək - daimi işgəncə.
Və beləcə:
dəlilər özlərini qoruyur,
özlərini dəliliyə vuraraq.
Sən də bacarsan,
vur özünü,
qurtul bu ağıllı dustaqlıqdan.
Dəlilər yoxdu.
Yox, sən yanlış eşitdin.
Dəlilər çoxdan ağlın tabutuna çivi vuranlardı.
İndi isə...
hamı ağıllı - və bu, ən böyük dəlilikdir.
Bir dəlixana var,
divarları ağ deyil,
ürəkləri sıxan suallar boyayıb onları qapqara.
Orda oturanlar -
əlyazmalarını yandıran filosoflar,
guya səhv etmiş alimlər,
və bir dəfə çox düşünmüş bir qadın.
Hamısı susur.
Çünki ağıllı adam susar.
Söz çıxarsa, səs qopardar,
səs çıxarsa, tiryəki kəsərlər -
adını da qoyarlar:
Diaqnoz.
Dəlixanalar dəlidən boş qalıb,
çünki dəlilər artıq küçələrdədir -
dəftərxanalarda, məhkəmələrdə,
vəzifə kreslolarında.
Əlində möhür olan hər kəsin alnında bir nömrə var.
Qəbristanlıqlar isə -
bax orda ölüm yoxdur,
yalnız sümük kolleksiyası.
Çünki ölülər danışmırsa, demək hələ bir ümid var.
Susmaq - yaşamaqdır bəzən,
və bəzən yalnız ölülər bilir bu həqiqəti.
Və ax şairlər, şairlər...
Onlar hələ də yazır.
Tükləri biz-biz edən sözlərlə,
bir nöqtəyə qədər gərilmiş səssizliklə.
Onları güllələyin!
- deyir dilsiz nazir,
- yazmaq qadağandır! -
çünki hər misra,
bir etiraza çevrilir yuxularda.
Dəliliyə bələkdə sarınıb doğulmuşdu bəzilərimiz.
Ağılı sonradan öyrətdilər -
kitablarla, qaydalarla, qorxularla.
İndi geri dönmək istəyirik.
Dəli olmaq üçün -
çox gecdir.
Dəlilər yoxdu.
Onlar susduruldu.
Ağzına dərman tıxanıb, beyinləri yuyulub,
dəftərlərə “stabil” yazılıb.
Qaldı ağıllılar.
Qorxaqlar.
Əyilmiş kürəklər,
bitmiş suallar,
baxmaqdan imtina edən gözlər.
Bunlar - sağ qalmış ağıllılar.
Əməlli-başlı dəli ola bilməyən zavallılar.
Dəlixanalar indi boşdu.
Çünki dəli olmaq
böyük cəsarət istəyir.
Kimdə var?
Kim öz içindəki çürümüş Tanrını silkələyib çölə ata bilər?
Yoxdu.
Hamı susur.
Hamı sıradadır.
Hamı gözləyir:
Növbəylə dəli olmaq üçün icazə kağızı.
Və qəbiristanlıqlar...
Onlar da ac.
Skeletlər lətifə danışır -
“Bu gün heç kim ölmədi,
çünki onsuz da hamı ölü doğulur.”
Güllələyin şairləri!
Onlar hələ nəfəs alırsa,
deməli nəsə yanlış gedir.
Deməli bir yerə zəhər axmır,
bir yerdə insan qalır.
Hər kəlmə bir bombadır,
hər sətir -
cəbhədə atılan çığırıq.
Siz istəyirsiniz:
Şeir - sakit olsun, gözəl olsun, yumşaq axınlı.
Amma bu -
savaş dövrüdür.
Və gözəl sözlərdən xəncər düzəlmir.
Ağlı güllələyin!
Ağıl bizi bu yerə saldı,
intihar etmiş Tanrının son əsəridir bəlkə də o.
Bizə gərək dəli qəlblər,
səssizliyin içində qışqıran dillər,
və
bir az da
içimizi dağlayan həqiqət.
Ədalət Qarabulud.





