"RASİM BALAYEV ZİRVƏSİ" – POEMA
"RASİM BALAYEV ZİRVƏSİ"
Bu poema Azərbaycan kino sənətinin zirvəsində duran,
milli mənəviyyatın və estetik dəyərlərin simvoluna çevrilmiş
Xalq artisti Rasim Balayevin bənzərsiz sənət və həyat yoluna ithaf olunur.
BİRİNCİ HİSSƏ
Sən demə, içimdə danışan yoxmuş –
susqun bir Allah yatırmış sükutda.
Nə dua, nə nida...
yalnız boşluq nəfəs alır
təqvimsiz bir zamanın qoynunda.
Nə yuxudayam, nə də oyaq —
bir qığılcımdayam
və hər an kül ola bilirəm.
Bir körpə çağırır məni içimdən:
“Adımı unutma,
mən hələ doğulmamış bir Peyğəmbərəm –
dəniz kimi,
dağ kimi,
sən kimi...”
Külək gəzər əllərimdə
və hər barmağımda bir ayə pıçıldayır:
“Qıl əllərinlə ibadət,
çünki dualar torpaqdan doğar.”
Mən öz içimdə qırx il qaldım,
bir dağın qaranlıq qoynunda —
Hira yox,
amma Hira qədər tək.
Nə qapı var,
nə pəncərə...
amma işıq gəlirdi
bir göz qırpımında –
yaşamla ölüm arasından.
Və mən başa düşdüm:
Tanrı danışmır.
Tanrı susar.
Və biz
onun sükutunu eşitmək üçün
min illərdir yazırıq –
şeir,
səma,
və sükutun özü ilə.
“Ərimiş səda”
Gecənin tən ortasında
bir nida düşdü içimə –
səsi yoxdu,
amma
qəlbim partladı susqunluğundan.
Sual doğuldu:
“Mən kiməm?”
Cavab gəlmədi...
amma bir ulduz söndü göydə –
və mən bildim,
nəfsimin bir parçası öldü.
Ağaclara sordum:
“Sizin zikriniz hansı dillədir?”
Onlar yarpaqlarını tökdülər cavab əvəzinə.
Torpaq danışdı –
“Əgər səcdəyə gəlmisənsə,
ayaqqabılarını deyil,
mənliyini soyun...”
Bir zərrə idim –
öz-özümdən sordum:
“Mən Tanrıyam?”
Qorxdum.
Sonra özümə güldüm.
Sonra –
öldüm.
Ölüm bir gülüş imiş –
qanad açan,
amma göyə qalxmayan.
Qalmışam səninlə, İlahi –
nə yer üzündəyəm,
nə də göylərə yazılmış adım var.
İndi içimdə danışan yox,
amma eşidən var...
Səda deyil –
öz səssizliyimdə ərimiş bir səsəm:
ənəl-Həqq.
“Sözə çevrilmək – Nəsimi ilə hal”
Bir gün yox oldum
– nəfəsim çanlanmadı güzgüdə.
Sanki qaranlıq öz kölgəsindən də əl çəkdi.
Orada,
səssizliyin tam mərkəzində
bir səs yüksəldi –
yaralı,
amma ölməz bir qıcalama:
“Ənəl-Həqq!”
Qorxmadım.
Çünki qorxu, hələ mən varam deməkdi.
Orada isə
Mən yox idim –
yalnız
bir dəri, bir söz, bir yarılma…
Əlimə qanlı bir köynək verdilər –
“Söz bu köynəyi geyinməlidir,” – dedilər.
Boynuma ip yox,
məna salındı.
Yürüdüm –
qılınc kəsmirdi,
çünki söz
artıq cismani deyildi.
Sonra gördüm onu –
Nəsimini –
ağrıdan toxunmaz,
amma sükutdan daha dəqiq.
Mənə baxdı
və dedi:
“Sən sözə çevrilməyə hazır ol,
çünki söz, dəridən daha dərindir.”
Mən dedim:
“Bəs ruhum hanı?”
O dedi:
“Söz elə odur –
kül olmamış ruh qoxusu olmaz.”
O zaman anladım –
dəri soyulmaz,
əgər kəlmə hələ doğulmayıbsa.
Və mən soyundum –
dəridən,
mənlikdən,
varlıqdan...
və yalnız bir sətir qaldı məndən:
“Kəlam Allahdır – və mən o kəlamda qeyb oldum.”Artıq adım yox idi –
amma deyildim də: adsız.
Çünki hər kəs oxuyur məni,
amma heç kim sözlə doğulmur.
Və Nəsimi pıçıldadı son dəfə:
“Sən mən olmadın.
Mən səndə yenidən doğuldum.”
İlkin zəmin
...Tanrı torpaqdan insan yoğurdu,
amma içində bir parça od qoydu –
ağlın, sözün, eşqin odunu...
O odla alışan biri vardı –
Ağsunun tənha bir qızıl çiçəyindən
çıxıb səhnəyə gələn bir oğul.
O, dünyaya göz açanda
Zümrüd ananın əlləri pambıq içindəydi,
amma onun ruhu uşaq gözlərində
bir səhnə axtarırdı,
bir tamaşa –
kainat qədər səssiz,
Nəsimi qədər hayqırtılı...
Məktəbin kənarında...
Uşaqlar yazı yazarkən taxtada,
O, qiraətlə,
şeirlə nəfəs alırdı.
Söz – onun oyuncağı idi,
səhnə – düşmədiyi yuxu,
amma əlçatmaz deyildi...
Rac Kapur televizorda güləndə,
onun içində bir işıq yanırdı:
"Bir gün mən də belə baxacağam,
amma ekrana yox – gözlərə".
Yol – yəni, sınaq...
Bir yumruq,
bir alqış qədər tez dəyişdi taleyi.
Əli qandallandı,
qüruru sınıxdı,
amma yenidən qalxdı –
çünki sənətkar
təkcə rolun yox,
qəzavətin də aktyorudur.
O, qaranlığı yaşadı,
öz içində bir zindan tikdi,
və o zindanda Nəsimini tapdı.
Nəsimi – Qurtuluşun adı
"Ənə-l-Həqq!" deyə-deyə
qanın içində alışdı bir obraz.
Dərinin altında yanan od
gerçək sənətin cızığıdır –
o mismarı ovcuna pərçimləyəndə
sənət susmadı,
sənət danışdı:
"Bu ağrı, bu yanğı –
yalnız rolu yox,
ruhumu da oynayıram!"
Tənhalıq və tənqid
Şöhrət gələndə
o, hələ sevinməyi öyrənməmişdi.
Rasim özü-özünü axtarırdı
yalançı alqışların arasında.
Yoruldu…
Bəzən az qalırdı ki,
öz kölgəsinə belə inamını itirsin.
İki dəfə yıxıldı –
ayaqla, qol ilə deyil,
ruhla yıxıldı.
Amma hər yıxılış
yeni bir səhnəyə doğulan yoldu.
Sükutun işığı
Sükutun da bir səsi var,
onu yalnız rolunu yaşayan eşidir.
O səssizliyin içində
min illərin sözləri yatır -
bir “Nəsimi” nəfəsi,
bir “Babək” çağırışı,
bir “Əli” cəsarəti,
bir də “insan olmaq” dərdi.
O - səhnədə deyil,
ruhunda oynayırdı rollarını.
Bir baxışında dənizlərin dərinliyi,
bir sükutunda torpağın səbrini gəzdirirdi.
O baxışlar bir qadını seçdi -
qanından,
canından,
ruhundan bir damla kimi.
Deyirlər, yaxın qohumla evlənmək olmaz,
amma bəzən Tanrı qan içində də
ruh qohumluğunu yazır.
Sevgi - qanun tanımır,
sevgi - qadağaları dua kimi yandırır.
Onların sevgisi sözsüz idi,
sükutla danışan bir dua,
bir-birinə baxanda
bütün kəlmələr kölgəyə çəkilirdi.
Çünki bəzən iki ruhun görüşü
min sözə dəyər.
Dünya dəyişəndə,
film səhnələri işıq saçanda,
kirayə evin divarları
o işığın arxasında qalır.
Bir gün xalq səni sevir,
ertəsi gün cibin boşalır.
Rasim o odu keçdi,
amma yanmadı -
poladlaşdı.
Bir dəfə dedi:
“Əgər ölsəm,
oğlumun adına mənim adımı da əlavə edin.”
Bu cümlə - insanın ölümlə barışığı,
amma Tanrı onu saxladı,
çünki bir millətin yaddaşında
hələ onun səsi gərək idi.
Səhnənin işığı
onun üzünə düşəndə
zaman dayanırdı,
kamera nəfəsini tuturdu,
hətta külək belə
ona mane olmağa utanırdı.
O danışanda
sözlər danışmırdı,
çünki söz - artıq onun özüdür.
Bir vaxtlar yataqxananın qaranlıq otaqlarında
çəkilən siqaret tüstüsünün içindən
o öz yolunu tapdı.
Ətrafda pozğunluq,
qumar,
icki,
amma o -
öz daxilinin səhnəsində
baş rolda idi.
İndi bax,
illərin tozundan süzülüb gəlir bir səs:
“Baxış yetər, söz gərək deyil.”
O baxışda bir ömrün sükutu var,
bir millətin dərdi,
bir xalqın nəfəsi.
Rasim Balayev dayananda
vaxt da dayanır,
ekran donur,
hər kəs gözünü çəkə bilmir,
çünki o sükut -
bir dərsin son cümləsidir.
Sükutun özü onun səsidir,
səssizliyin özü - onun sənəti.
O sükutda — torpağın hafizəsi,
xalqın əzabının kölgəsi,
və Tanrının mizanı yatır.
O sükut -
bir rol deyil,
bir ömürdür.
O sükut —
Rasim Balayevin səsi qədər dərin,
və əbədi.
Yaxınlıq və Yalnızlıq
Toyda oxuyan səsin altında
həsrət vardı.
Dostlarla söhbətin içində
qırılmış sükutlar gizlənirdi.
Hər bir obrazın arxasında
bir Rasim yox idi –
bir çox Rasim vardı:
Qəzəl deyən, içində ağlayan,
bir qəhrəman kimi oynayıb
sadəcə insan kimi yaşamağa çalışan...
İndi və Gələcək
Mədə yanır,
qan azalır,
gözlər yorulur –
amma sənət qocalmır.
Bir obraz, bir səhnə
yenə onu gözləyir.
Bəlkə də bu dəfə Babək yox,
çox danışmayan bir dülgər olacaq,
bəlkə də bir nəfəs –
sadə bir ata obrazı.
Amma yenə də –
həmin tamaşada
bir nəfər səhnəyə çıxacaq və
qəribə baxışları ilə deyəcək:
"Bu od mənim içimdə yanır hələ də..."
Səssiz fəryad
Biz ondan qəhrəmanlıq istədik –
o, sadəcə yaşamaq istəyirdi.
Biz ondan çıxış yolu gözlədik –
o, içindəki sükuta yol axtarırdı.
Biz ona sima qoyduq,
amma o, simasını itirmədi.
O, sadəcə aktyor deyil –
səhnənin ruhudur.
Onu məğlub etməyə çalışan hər kadr,
növbəti səhnəyə zəmin yaratdı.
Bu gün o səhnə yaralıdır,
amma sağala bilər –
yalnız səmimi bir tamaşaçı
və səmimi bir duayla.
Sonda bir millət oldun...
Bir nəfəs kimi keçdi zaman,
necə ki, bahar bircə gülə toxunar,
sən də toxundun insan ruhuna —
ekrandan baxaraq susqun,
amma içində fırtına gəzdirərək.
Gözlərin danışırdı...
sözlərin yox,
üzündə yazılmışdı
bir xalqın yüz illik dərdi,
bir millətin yüz illik ümidləri.
Sənə baxan, tarixə baxdı —
Babəkin qılıncından düşən
bir damla azadlıq,
Nəsiminin dərisindən süzülən
bir çağırış kimi.
Yolun dağ idi,
çayın donmuşdu,
qapıların üzünə azı yüz dəfə
qapanmışdı,
amma sən —
içində açılan pəncərəyə inandın.
Ad deyil,
şöhrət deyil,
bir xalqın yaddaşına yazılan
məna oldun sən.
Səssizliyə səda,
qüruba ümid.
Rasim Balayev olmaq —
ekran arxasında yox,
ürəklərdə yaşamaq imiş əslində.
Və sən yaşadın.
Yaşayırsan.
Yaşayacaqsan.
Çünki sən,
bir obraz deyilsən,
bir ömrün sənətə verdiyi andsan.
Əllərini göyə açan bir səhnə,
ayağa qalxan bir tamaşaçısan
səssiz alqışlarla...
Hələ nə qədər adam
özünü tapacaq səndə.
Hələ nə qədər ürək
səninlə titrəyəcək,
bircə baxışına köçəcək yaddaş.
Çünki sən
yalnız Rasim Balayev olmadın.
Sən – sənətə bürünmüş
bir millət oldun...
“Səhnənin o üzündə”
Bir işıq doğuldu qaranlıqdan,
nə günəş idi, nə də lampa...
bir baxışdan doğan səssiz sükut,
bir nəfəsin dərin yaddaşıydı.
Səhnə yox idi əvvəlcə —
yer vardı, göy vardı,
və ortada bir “insan” dayanmışdı,
əsrlərin susqun mərkəzində.
O, danışmırdı.
Səsi zamanın alt qatından gəlirdi.
Nəsimi kimi soyunmuşdu
kəlmələrdən.
Babək kimi tək durmuşdu
qərarın çarpazında.
Baxışlarıyla oynayırdı taleyi,
bəzən bir dağın
baxıb susan tənhalığı olurdu,
bəzən bir uşağın
ilk dəfə Allahla danışdığı səssiz dua.
Nə baş rol axtarırdı,
nə də səhnənin səsi.
O, həyatla üz-üzə durmuş bir sirr idi —
rolunu oynamırdı,
rol onu oynayırdı...
İçində Ağsudan axıb gələn
illərin ləpəsi vardı.
Hər addımda bir sükut,
hər nəfəsdə bir iz
keçmişdən gələn əcdadların nəfəsi.
Çünki o bilir:
Hər tamaşa sonuncu kimidir.
Və hər tamaşaçı
öz içində bir hakimdi —
amma o səhnəyə çıxanda,
həmin hakimin hökmü də
dəyişir...
77 il bir misradır əslində,
uçuruma baxan bir cümlə kimi.
Bir aktyorun ömrü
və bir insanın qisməti -
bəzən birləşir,
və ad olur:
Rasim Balayev.
Yalnız bir doğuluş var hər dövrdə.
Bir nəfəs,
bir hekayə,
bir iz.
Onun izi
torpaqdan göyə qalxır —
və orda,
bir səhnə var hələ —
səssiz...
amma Rasim Balayevsiz
heç vaxt oynanmayacaq...
Bəzən səhnə susur,
amma tamaşa davam edir.
Bəzən aktyor danışmır,
lakin gözləri bağırır:
"Mən burada deyiləm,
məni buraya gətirdilər."
Bir zamanlar Babək idin,
çılpaq dağlarda
qılıncınla ədaləti oyadardın.
Bir zamanlar Nəsimi idin,
sözün dərisindən keçir,
özünü Tanrı qədər həqiqət sayardın.
İndi isə...
sadəcə susdun.
Nə bir qışqırıq,
nə bir inkar,
nə də qanla yazılmış bir məktub.
Sadəcə –
bir səssiz kadr kimi yer aldın tarixin arxivində.
Günah səninmi?
Yoxsa bizlərdimi –
səni canlı Babək sanan,
sözlərinə inam tikən
və hər dəfə
səhnədən həyatı oxuyan bizlərdimi?
Bəlkə də sən sadəcə bir aktyor idin,
rolunu oynadın, çıxdın.
Bəlkə də, o “ünsür”
sən deyildin,
bəlkə də, o “ünsür” bizdik –
xəyal qırıqlarını tanrılaşdıra-tanrılaşdıra.
Ən sonda isə,
nə bir dərini soydu bu dövr,
nə bir qılınc doğradı.
Sadəcə –
bir xatirəni götürdü səndən,
və yerinə bir şübhə buraxdı.
Sən bəlkə də sınmadın,
amma biz...
biz içimizdəki Babəkləri
və Nəsimiləri itirdik.
Çünki səhnə yandı,
və pərdələr heç vaxt açılmadı.
"Səhnədən kənar Babək"
Səssizlik bəzən hayqırışdan ucadır,
bir baxış, bir susqunluq
illərlə danışan obrazları üstələyə bilər.
Sən danışmadın.
Amma illərlə dediklərin
qalır – səssizliyin içində əks-səda kimi.
Ey, Cavidin ömrünü ömrünə calayan aktyor,
Ey, dərisi soyulan Nəsiminin gözlərində
qorxu əvəzinə qürur parıldadan sənətkar,
biz unuduruq bəzən –
aktyor səhnədə rol oynayır,
həyatda isə bəzən
oynamamağı seçir.
Sən susdun.
Bəlkə də dedilər: "Qorxdu."
Amma qorxu –
insan olanın haqqıdır.
Bəlkə də dedilər: "Satıldı."
Amma qiymət deyil, qıymət bilməyənlər satır əslində.
Kim deyə bilər ki, o susqunluğun içində
nələr baş vermədi?
Bəlkə bir iç savaş,
bir Babək qədər yalqız
və Nəsimi qədər ağrılı bir seçim yaşandı?
Bəlkə sən
“səhnə xaricində”
yeni bir obraz yaratdın:
susqun müdrik.
Qəzəblənən tamaşaçı –
həmişə ədalət axtarır.
Amma bəzən ədalət –
təkcə qışqırmaqla deyil,
bəzən də susmaqla qorunur.
Bəzən bir aktyor –
millətin vicdanı olur,
bəzən isə
o vicdanı qorumaq üçün səssiz qalır.
Sən bir dəfə yox,
onlarla dəfə Babək olmusan –
səhnədə, kino lentində,
xalqın yaddaşında.
Hər dəfə qılıncı çəkəndə,
hər dəfə dağlara çəkiləndə
ürəklərə azadlıq aşılamısan.
Sən bir dəfə yox,
min dəfə Nəsimi olmusan –
sözün gücünü,
fikrin dəyərini,
əqidənin dərisini
göstərmisən.
Bir aktyorun işi
sadəcə rol canlandırmaq deyil,
ruh oyatmaqdır.
İndi isə deyirlər:
"O daha o deyil."
Bəlkə biz daha o deyilik?
Bəlkə bu dövr –
ideallar üçün deyil?
Bəlkə o, dəyişməyib,
biz dəyişmişik –
bir şayiə ilə illərin sənətini unutmağa
hazır bir topluma çevrilmişik.
Rasim Balayev –
bir obraz yox,
bir məktəbdir.
Bir səs yox,
bir yaddaşdır.
Və o yaddaşda –
nə susqunluq silinər,
nə də illərin əməyi kölgələnər.
Yaxşı ki, Rasim Balayev var –
yalnız ekran üçün deyil,
özümüzü ayna kimi görmək üçün.
O özünü qoruya bildi,
biz isə onu –
qoruyaq.
ÜCÜNCÜ HİSSƏ
İki Nəsimi – Bir həqiqət
I bölüm
(Gecə. Səhnə işıqları sönüb. Boş məkanda iki fiqur qarşı-qarşıya dayanıb. Biri cübbəlidir – əlləri zəncirdə, dərisi yavaş-yavaş soyulmuş halda. O – Nəsimidir. O biri – sadə geyimli, yorğun, amma dərin baxışlı bir adam. O – Rasim Balayevdir.)
Nəsimi (şair):
Məni sorğulama, Rasim!
Mən sözə and içmişəm,
Canımı belə cümləmin altına qoymuşam.
Ənəlhəqq – bu, təkcə nida deyildi,
Bu, Tanrı ilə bərabərlik haqqı idi.
Mən yandım, doğrandım,
amma əqidəmdən dönmədim.
Rasim (aktyor):
Mən də yandım,
amma səssiz.
Sən məni necə sorğulamazsan, Nəsimi?
Səni canlandırmaq –
bir həyat deyil,
bir ömürlük mühakimə idi.
Hər dialoqun altında bir qılınc gizlənmişdi,
hər baxışın içində –
qurbanlıq taleyim vardı.
II bölüm
(Səhnədə keçmişdən sədalar: kamera işığı, rejissorun "motor" səsi, məşq otağında Rasim Balayevin əlində ssenari ilə gəzib dərin fikrə getdiyi səhnələr...)
Rasim:
Bilirsənmi, Nəsimi,
səni oynamaq – təkcə söz demək deyildi.
Mən o sözləri
ürəyimdən süzdüm,
bədənimdə yaşatdım,
hər "Ənəlhəqq" nidanda
öz həqiqətimlə üz-üzə qaldım.
Sən dəhşətli ölümlə ucaldın,
mən isə bəzən
yaşaya-yaşaya kiçildim.
Səssiz qalmaq –
bəzən ölüm qədər ağrıdır,
çünki səni qışqırmağa öyrətmişdilər.
III bölüm
(Nəsimi aktyora yaxınlaşır. Onun üzünə baxır. Gözlərində mühakimə yox, mərhəmət var.)
Nəsimi:
Səni günahkar sayanlar –
məni də anlamadı.
Məni soyarkən də düşünmədilər,
məni tək qoyarkən də.
Sən bir aktyorsan –
amma sən təkcə oynayan deyilsən.
Sən – yaşadan oldun.
Məni yeni nəslə ötürən,
sözümü unudulmaqdan qoruyan.
Səssizliyin – bir rol idi,
bəlkə də ağır bir səhnə.
Hər aktyor səhnədə ucalmaz,
bəziləri səhnədən kənarda da
Həqiqətə xidmət edər.
IV bölüm
(Səhnədə sükut. Rasim Balayevin düşüncələri, Nəsimi obrazının ona miras qoyduğu fəlsəfə səslənir sanki daxili monoloq kimi.)
Rasim:
Mən "Ənəlhəqq" deyə bilmədim həyatda,
çünki bu çağırışın cavabı çox ağır idi.
Amma mən onu yaşatdım,
qəlbimdə – gözlərimdə – nəfəsimdə.
Bilirəm, sən sözünlə əbədi oldun,
mən isə sənin sözünü
əldə qılınc, qəlbdə iman kimi
daşıdım illərlə.
İndi deyirlər: “Sındı.”
Bəs sən –
dərisi soyulan Nəsimi,
səncə – ruhumda sənin sözünlə
bu qədər dözən adam sınarmı?
V bölüm
(İşıq yenidən səhnəyə düşür. İki Nəsimi – biri tarixin, biri kino yaddaşının – bir-birinə baş əyir.)
Nəsimi:
Sən də mənim qədər haqq yolunda acı çəkdin,
birini söz doğradı, səni – sükut.
Lakin ikimiz də
həqiqəti öz yolumuzla daşıdıq.
Səni bağışlayıram, qardaşım –
çünki sən məni unutmadın.
Rasim:
Və mən səni hər kadrda,
hər səhnədə,
hər baxışımda yaşatmağa and içmişdim.
Son Söz
İndi bilsinlər:
Sənət bir ömürlük savaşdır.
Və Rasim Balayev –
səhnədə Nəsimi oldu,
həyatda isə
susqunluğunda belə
Nəsimini qoruyan adam.
Babəkin ruhuna qayıdış
Sən zaman deyilsən,
Yaralı bir yaddaşsan –
Qılıncın kölgəsində əsən, qopan illər
Təqvimə çevrilib.
Hər yarpaq bir üsyan,
Hər xətt bir edam hökmü.
Babəkin gözüylə baxıram bu çağa:
İldırım dinməyən səmanın
Ürəyində yanır.
Sükutun içində danışır tarix,
Üz tutub Savalanın qoynuna:
"Torpaq xatırlayır," – deyir,
"Üzərində gəzən ayaq izlərini,
Qalxan yelləri, at nalını,
Səhl ibn Sumbatın satqın nəfəsini..."
Əsrlər keçsə də,
Bəz qalası hələ də dağılmayıb
Əqidənin içində.
Çünki Babəkin boyu
Diz çökməyən ruhun ölçüsüdür.
Oyan, ey çağımızın taxtda əyləşən səsi!
Zamanın da qəm yeməyə haqqı var –
Tarixin palazında çürüyən
Adlar, şərəflər, hökm və hökmdarlar...
Yalnız o qalar:
Sınaqdan çıxan ruhun çəkisi.
Babək tək dayansa da,
Xəyanət dağları aşmır.
Yalnız inamla qazılır
Yüz illik səssizlik.
O bir fərman deyildi,
O bir yaddaş sarsıntısıydı –
Daş heykəlin gözündə yanan
Bir də qırılmayan baxışdı.
Əsrlər boyu bir sual uzanır
Arazın axarında:
“Haradadır ruhlar?
Niyə sükut çəkir igidlərin dodağına?”
Gör bir kimin axarında susur
Bu qədər qandan doğulmuş dərd?
Ey doqquzuncu əsr!
Yorğundunsa da,
Susma.
Hər susqunluqdan doğur
Yeni bir intiqam,
Yeni bir ümid.
Babəkə dönməyən
Heç bir yol
Bizim yolumuz deyil!
Bu gün söz danışır,
Tarixin özü deyil.
Həqiqət ayaqdadır –
Əyilmişlərin çiyinlərində yox,
Şəhid ruhların alnında yanır.
Bir xalqın heykəli dikilmir
Yalnız mərmərdən –
O heykəlin içində
Min illik qisas yatır.
Babəki heykəl sanan
Hələ tanımayıb
Ruhun dəmirini.
Heykəl bir işarədir,
Ruh isə – çağırış.
Azadlıq bir gündə gəlməz,
Min ildə bərkidilən
Bir sözə dönər.
O söz danışır indi –
Əmr deyil,
Əsrin dilidir!
Səni görürəm, ey çağdaş Prezident,
Əmrindən qalxır
Tarixin boyu.
Qılıncını təzələyən
Babəkin ruhu
Ürəyimizdə dincəlir bu dəfə.
Əsrlər pozulur,
Tarixlərin silgisi işləyir.
Doqquzuncu əsr,
Daha uzaqda deyilsən –
Bu gün bizimsən,
Bu gün azadsan!
Ey çağdaş nəsi!
Sən doğuldun, ey Babək,Alovlu Azərbaycanın sükutdan qopan
Qisas ahından!
Bir gecə səmanı parçalayaraq
Ananın bətninə qılınc kimi girdin.
Körpə deyildin –
O anda bəlkə
Bütün türklüyün təpəsində
Bir nur kimi yandın.
Doğulan gündən
Böyümədin süfrə başında,
Böyüdün qisas başında –
Ağlına ilk gələn sual
“Zülm nədir?” oldu.
Cavabını da özün verdin:
“Zülm varsa, mən varam.”
İsmayıl Ata əlindən öyrəndin,
Xürrəmilərin dərgahında
İnamı yudun,
Qeyrəti geyindin.
Əlində qılınc,
Dilin Qur’an,
Ürəyində Tanrı –
Amma adı "kafir" oldu Babəkin.
Çünki Tanrı sənin üçün
Ərəb çadırında gizlənən deyildi –
O, Savalanın zirvəsində
Qar kimi təmiz,
At kimi azad idi.
Bir gün səsləndin:
“Bu torpaq bizimdir –
Ərşə qədər,
Xilafətin min minarə boyunda olsa da!”
Sənin səsinlə titrədi
Qafqaz dağları,
Göyçə gölünün mavisindən
Bir nur qalxdı.
Savaş başladı...
Atlıların ayağında
Toz olmadı torpaq –
Alnına düşən təri
Göz yaşın saydıq.
Bəzz qalası –
Bir daş qala deyildi.
O, dirənişin taxtıydı.
Sən öz millətinə
Qala olurdun, Babək!
On iki il...
On iki qış,
On iki yaz –
Qapanmadı qapı.
Qılıncın da, könlün də
Səninlə üsyanda idi.
Abbasilər titrəyirdi –
Minlərlə əsgər,
Saray fitnələri,
Yalançı alimlər...
Heç biri Bəzzin divarlarını
Sındıra bilmədi.
Çünki o qala
Daşdan yox,
Qeyrətdən hörülmüşdü.
Sonda nə oldu?
Afşin gəldi –
Qanla gülümsəyən satqın.
Əvvəl salam verdi,
Sonra qollarını bağladı.
Əsir düşdün –
Yox, əsir olmadın!
Zəncirə salınan
Sən deyildin –
Onlar öz qorxularını
Zəncirləmişdilər.
Bağdadda səni gətirdilər –
Xəlifənin qarşısına.
Alnın dik,
Baxışın dağ,
Sükutun isə
Qılıncdan iti idi.
Onlar danışdı –
Sən susdun.
Sükutunla yandın,
Sükutunla and içdin
Azərbaycan adına.
Səni diri-diri parçaladılar.
Amma bilmədilər –
Bədənin ölsə də,
Sənin adın
Qayalara yazıldı.
Bəzzi yıxa bilmədilər,
Tarixi dəyişdirə bilmədilər.
Babək –
Ölmədi.
Ruhun bu gün də
Təbrizdə azanla,
Bakıda ucalıqla,
Şuşada zəfərlə danışır.
Ey çağdaş nəsil!
Unutma, bu ad –
Bir keçmişin yükü deyil,
Bir gələcəyin dirəyi.
Babək oyanıbsa içində,
Heç bir divar
Səni tutmaz.
Heç bir zülm
Səni əyməz.
Çünki sən
Tarixin özüsən.
Son söz:
Ey Babək!
Bu gün
Sənin adını
Yalnız heykəldə yox,
Qəlbimizdə daşıyırıq.
Sən üsyanın yox,
Haqqın özüsən.
Bu torpaq səninlə danışır –
Doqquzuncu əsr
İndi bizik!
Zamanın nəfəsi
Ey zaman,
mənasını tapan ömürlərə salavat oxu.
Çünki bəziləri yaşamaq üçün doğulmur –
yaşatmaq üçün doğulur.
Bəziləri bir evin ocağına yox,
bir xalqın yaddaşına çevrilir.
Adları rəsmi afişalarda yox,
insanların qəlbində yanır,
səssizcə, işıq kimi.
Rasim Balayev –
bu adla doğulmursan.
Bu ada çevrilirsən...
mərhələ-mərhələ,
səbrlə, yanaraq,
bir ömür boyu özünü
xalqına danışaraq.
Ruhun ekrana köçü
Bir nəfəs kimi keçdi zaman,necə ki, bahar bircə gülə toxunar,
sən də toxundun insan ruhuna –
ekrandan baxaraq susqun,
amma içində fırtına gəzdirərək.
Sözlər demədin,
amma baxışlarınla
min şeir danışdın.
Bir xalqın tarixini
sənətə çevirdin –
Babəkin qılıncında
adalət idin,
Nəsiminin gözündə
həqiqət.
Bir dəfə yox,
dəfələrlə öldün səhnədə.
Dərini soyub
məna ilə örtdülər səni.
Sən yenə dirildin,
yenə danışdın –
bu dəfə susaraq.
Tale ilə danışıqlar
Kamera qarşısında yox,
qədrin xalq içində bilinər.
Adamlardan keçdin,
yolunu dağlardan seçdin,
sözə çevrildin –
və sözlə yazıldın.
Sən Rasim Balayev olana qədər
çox qaranlıqları işıqla keçdin.
Soyuq qışlar gördün,
payızın yuxusunda titrədin,
baharı ekranlarda açdın.
Sən oynadıqca
bir millət özünü tanıdı.
Səhnədən düşmədin heç vaxt –
çünki səhnə səni seçdi.
Ömürdən obraz doğular
Gah Alp Aruz, gah Dəli Ozan oldun,
gah Babək, gah elin sarsılmaz oğlu.
Gah qılınc oldun, gah saz, gah dua.
Səhnədə tək idin,
amma arxanda bir millət dayanırdı.
Sən obraz olmadın —
obrazlar sənə çevrildi.
Səninlə danışdı Nəsimi,
səninlə baxdı Dədə Qorqud.
Sən yaşadın, onlar dirildi.
Sən susdun, onlar danışdı.
Sonda nə qalır insandan?
Və indi...
illər keçir, zaman dəyişir.
Amma qaranlıqda
bir ekran yanır hələ də.
Bir obraz görünür...
Gözlər danışır...
səssizliyin içində tanınır bir nəfər –
Rasim Balayev.
Bu ad indi sadəcə ad deyil,
bir əmanətdir gələcək nəsillərə.
Onlar biləcəklər:
Sənət yalnız rol deyil,
ömrün özüdür.
Və sən o ömrü verdin.
Özündən keçərək.
Sənətə çevrilərək.
Əbədi səhnə
İndi səhnələr sənsiz ola bilər,
amma sən sənsiz deyilsən –
çünki hər baxışda,
hər dialoqda,
hər bir kövrək sükutda
sən danışırsan hələ də.
Sən Rasim Balayev oldun —
ömrünlə, iztirabınla,
davamla...
İndi sən bir obraz yox,
bir ömürsən.
Sənət ömrü.
Bir ömürlük ekran.
Ədalət Nəbi Qarabulud
"SECİLMİŞ ƏSƏRLƏRİ (Şeirlər və Poemalar)
1 CİLD. Bakı - 2025-ci il." kitabından.




