Bia.Az

Goranboy rayon Fikrət Hacıyev adına ümumi orta məktəbdə qanunsuzluq və korrupsiya faktları

Fakt
 14-01-2026, 18:38     1 154

Ballıqaya məktəbində baş verən bal kimi özbaşınalıqlar

Goranboy rayonunda yerləşən Fikrət Hacıyev adına Ballıqaya kənd ümumi orta məktəbi ilə bağlı daxil olan məlumatlar təhsil müəssisəsində ciddi qanun pozuntularının, korrupsiya risklərinin və idarəetmədə kobud nöqsanların mövcudluğuna işarə edir. Məktəbin direktoru Aytən İsmayılovanın fəaliyyəti ilə bağlı səsləndirilən iddialar pedaqoji kollektivdə və ictimaiyyət arasında ciddi narahatlıq doğurur.
Məlumata görə, məktəbdə dalandar ştatı saxlanılır. Halbuki, İcra Hakimiyyətinin müvafiq bələdiyyə sənədlərinə və normativ tələblərə əsasən, dalandar vəzifəsinin tətbiqi üçün məktəbin həyətyanı sahəsi minimum 1 250 kvadratmetr olmalıdır. Faktiki vəziyyətdə isə Ballıqaya kənd ümumi orta məktəbinin həyətyanı sahəsi bu göstəricidən xeyli azdır və mövcud normativləri ödəmək iqtidarında deyil.
Bu fakt dalandar vəzifəsinin real icrasını qeyri-mümkün edir. Buna baxmayaraq, ştatın saxlanılması dövlət vəsaitindən səmərəsiz istifadə ehtimalını gündəmə gətirir və ciddi suallar yaradır.
İddialara əsasən, məktəbdə dalandar vəzifəsində çalışan şəxs direktor Aytən İsmayılovanın bacısıdır. Bu hal “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit edilmiş maraqların toqquşması prinsiplərinə ziddir.
Yaxın qohumun birbaşa direktorun tabeliyində çalışması şəffaflıq və ədalət prinsiplərini pozur, eyni zamanda korrupsiya risklərini artırır. Təhsil kimi həssas bir sahədə bu cür halların mövcudluğu cəmiyyət tərəfindən qəbuledilməz hesab olunur.
Qeyd olunur ki, 2024-cü ildə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən Aytən İsmayılovaya rəsmi töhmət verilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Lakin iddialara görə, aradan vaxt keçməsinə baxmayaraq, dalandar ştatı ləğv edilməmiş, direktorun bacısı həmin vəzifədə işləməyə davam etmişdir.
Goranboy rayon Fikrət Hacıyev adına ümumi orta məktəbdə qanunsuzluq və korrupsiya faktları
Bu fakt töhmətin tələblərinə əməl olunmadığını və nəzarət mexanizmlərinin yetərli işləmədiyini göstərir.
Məlumatlara görə, Aytən İsmayılova özündən əvvəlki direktor İlahə İsmayılovanın vəzifədən uzaqlaşdırılmasında rol oynamış, daha sonra imtahan yolu ilə direktor təyin edilmişdir. Lakin direktor təyin olunduğu ilk gündən etibarən məktəbdə müəllimlər tərəfindən narazılıq ifadə olunmuş, hətta etiraz aksiyası keçirilmişdir.
İddialara əsasən, direktorun müəllimlərlə münasibəti daim gərgin olmuş, kobud davranışlar, təzyiq və incidici üslub müşahidə edilmişdir. Ştat ixtisarları və digər qeyri-qanuni idarəetmə qərarları məktəbdə sağlam iş mühitini pozmuş, pedaqoji kollektivdə dərin narazılıq yaratmışdır.
Yuxarıda qeyd olunan hallar Fikrət Hacıyev adına Ballıqaya kənd ümumi orta məktəbində: qanunvericiliyin tələblərinin pozulması, korrupsiya və maraqların toqquşması ehtimalları, idarəetmədə ciddi nöqsanlar olduğunu göstərir.
Bu səbəbdən aidiyyəti qurumlardan Ballıqaya kənd tam orta məktəbində: dalandar ştatının qanunvericiliyə uyğunluğunun yoxlanılmasını, direktor Aytən İsmayılovanın fəaliyyətinə hüquqi qiymət verilməsini, maraqların toqquşması və korrupsiya iddialarının araşdırılmasını, aşkar ediləcək qanunsuzluqların aradan qaldırılmasını
tələb edilir.
Araşdırmalarımız davam edir, yazını diqqətdə saxlayacağıq.

BİA.az
скачать dle 12.1