Bia.Az

Bir anlıq xoş dəm üçün yaltaq olanlara bax... - Elbariz Məmmədlinin YENİ ŞEİRLƏRİ

Ədəbiyyat
 6-10-2025, 17:24     1 160

DÜNYANIN

Sevgisinə könül yatmır,
Soyuyub qanı dünyanın.
Daha ədaləti tutmur,
Hökmü, divanı dünyanın.

İlk olanlar unudulub,
İşığa yolu tutulub,
Haqqı su kimi udulub,
Üzülüb canı dünyanın.

Meydanlarda çapan şərdi,
Nə canlıdı, nə bəşərdı,
Səssiz yetişən məhşərdi,
Yoxsa, bu anı dünyanın?

Eh, kim deyir ki, anadı,
Bizi tutmadı qanadı,
Onsuz da yolu sonadı,-
Son imtahanı dünyanın.

Gəldik, gününü görmədik,
Eşqinə qala hörmədik,
Arzusu dağ, yolu gədik,
Bax, belə tanı dünyanı.

Ruhunu köksündən soyub,
Nə gözü, nə nəfsi doyub,
Şahənşahlar viran qoyub,
Bitib dastanı dünyanın.

ÖIÜSÜ KEF HAYINDA

Ekran-efir kürsüdü ucuz əyləncələrə,
Bu millətin Əlisi, Vəlisi kef hayında.
Bahalı baş daşından elə şəstlə baxır ki,
Dünyasını dəyişən ölüsü kef hayında.

Evdə çörəyi yoxdu, günü yola verməyə,
Bir yorğan tapa bilmir, əndamına sərməyə,
Kənddə od-ocaqmı var,  könül verib, gərməyə,
Dərdləriylə oynayan dəlisi kef hayında.

Bir anlıq xoş dəm üçün yaltaq olanlara bax,
Ruhu ərşə çəkilmiş bu, ölü canlara bax,
Adamlığı itirmiş adam heyvanlara bax,
Dilində yalvarışı, ləlisi kef hayında.

Kimin ovqatı nədir, duyub anlamaq olmur,
Evdə oğul-uşağı daha danlamaq olmur,
Hamı əyryə qaçır, düzü yanlamaq olmur,
Fağırı kef hayında, zəlisi kef hayında.

Uyub boş nağıllara, dərdli günə səs verir,
Xəyalında dolaşan toy-düyünə səs verir,
Bu millət nəfəs almır, bu millət nəfəs verir,
Saxtalığa verdiyi  “bəli”si kef hayında.

QALIR

Ömür payız ovqatlıdı,
Hamı gedir, yazlar qalır.
Ruhu ayaqda saxlayan,
Eşq dolu avazlar qalır.

Gedirik yolun sonuna,
Bürünüb həsrət donuna,
Od salan aşiq canına,
Sarı simli sazlar qalır.

Bir acı var hər şirində,
Tarixdi günün birində,
Qibləmiz ocaq yerində,
Qocalan doqqazlar qalır.

Ümid olmaz dağ tülündən,
Atlı düşür at belindən,
Dünya alından- gülündən,
Hamıya bəyazlar qalır.

AY ŞEİR

Gəzib dolandım, uzaqdan,
Qayıtdım sana, ay şeir.
Könlüm içimə sığmadı,
Ruhum dastana, ay şeir.

Təpərim-tabım ilhammış,
Canım həsrətdən usanmış,
Sən dərman, mən qəlbi yanmış,
Qayıt bu cana, ay şeir.

Xanimanlar mələr olur,
Gör, dünyada nələr olur,
Sən olan bağlar tər olur,
Eşq əkir qana, ay şeir.

Hər sətrinə can verərəm,
Canı usanmam, verərəm,
Özümü qurban verərəm,
Tək səndən yana, ay şeir.

Duyğumun ilk ünvanı sən,
Eşqimin şöhrət-şanı sən,
Həsrətimin tufanı sən,
Düşsəm ümmana, ay şeir.

Elbariz Məmmədli.

BİA.az

скачать dle 12.1