Bia.Az

Bir irfani yolçuluq... - “Haqqa açılan qapı”

Ədəbiyyat
 26-07-2025, 15:45     1 367

Bir irfani yolçuluq...
“Haqqa açılan qapı”
I hissə
Susuram,
amma sükutum qopan səmanın hayqırtısıdır —
bir sirr var içimdə, adı olmayan,
hər hecada bir nəfəs gizlənir,
nəfəs isə elə Ruhun xatirəsidir.
Bədən bu torpaqdan yoğruldu,
amma ürəyim səmanın dərinliyində
özünə oxşar bir nur axtarır.
Kiməm mən —
baxdıqca yox olan bir kölgə,
yoxsa baxışda batan bir işıq?
Əzəldən ayrıldım,
hələ doğulmamışkən unuduldum —
“Kun!” sədası gələndə
məni böl-düş etdilər:
bir parçam Qeybdə qaldı,
bir parçam bura sürgün oldu.
Ruhumun sahibsiz qaldığı gecələrdə
öz səssimdən qorxdum,
çünki o səs
məndən deyil —
Səndəndi.
Zamanın ürəyi yorulub döyünməkdən,
mələklər də yorulub dua daşımaqdan —
amma mən,
bir misra qədər varam
və o misrada Sən varsansa,
ölüm mənə həyatdır.
Aşiqlik,
nə bir haldır,
nə də məqam.
O, parçalanmaqdır bilə-bilə —
güllə deyil, Sözlə vurulmaqdır.
Bax, bu gün yenə susuram.
Çünki sən susduqda,
aləm danışır.

 II hissə

(“Söz yoxdursa, demək Həqiqət başlanır...”)
Mən artıq adımı unutmuşam,
bir çağırış gələrsə,
bəlkə də sükut dönüb cavab verər.
Ad — bu dünyaya aiddir.
Mənim adım indi bir “ah” boydadı.
O “ah” da sənə qayıdır.
Zamandan düşmüşəm,
nə dünənim var, nə sabahım.
Əlindəki güzgü sınanda
özümü gördüm —
amma parçalarda ayrı-ayrı
Sənin surətini.
Nə gözləyirəm ki daha?
Sən gəlmisən.
Gəlməyin də, getməyin də mənəm artıq.
Mən sən deyiləmsə,
bu aşiqliq oyunu
əvvəldən yalandı.
Bir gecə,
tənha bir duanın içinə düşdüm.
Dizləri üstə oturmuş bir ruh
öz nəfəsini tapmağa çalışırdı.
O nəfəs mən idim,
və mənə üfürən — Sən.
Yar dedim,
amma dilim yox idi.
Gözümə daldım —
orada bir nur yandı.
Nə rəng idi, nə söz, nə səs.
Sadəcə,
Həqiqət idi.
Özümü itirəndə
tapdım Səni.
Mən yandım,
amma külüm Sənin ətirini saxladı.
Demək ki, yanmaq da bir zikrdir.
İndi sükutum danışır —
hər susqunluğumda
Sənin adının sədası var.
Bəlkə də söz,
yalnız unudulmaq üçündür.
Əbədiyyət isə
bir ahın içində gizlənib.

 III hissə

(“Qalan yalnız Qalanın özüdür”)
Sonda nə mən qaldım,
nə sən.
Qalan yalnız Qalanın Özüdür.
Bir dua kimi dağılaraq
göyə qarışdım.
Orada nə rəng var idi,
nə şəkil,
nə də bir “mən”ə aid xatirə.
Əvvəllər axtardığım pəncərənin
öz içimdə olduğunu gördüm.
Və o pəncərədən baxan göz —
Sənin gözündü.
Söz susdu,
səs də susdu,
anlam da susdu.
Birlikdə elə bir hal oldu ki —
“Ol!” əmri hələ də orada səslənirdi.
Artıq dua etmirəm —
çünki dua edən, eşidən, cavab verən —
Hamısı bir olmuşdu.
Nə mələklər vardı, nə yazı,
nə əmr, nə qadağa.
Tək bir nəfəs dolanırdı kainatda —
və o nəfəs Sənin nəfəsindi.
Yəni artıq mən nəfəs almıram,
nəfəs məni alır.
Mən olmadım.
Yaxşı ki olmadım.
Çünki yoxluğumun içindən
Sənin varlığın doğdu.
Axtarış bitdi.
Yolçu, yol və yol —
üçü də bir bədənə sığdı.
O bədən — artıq nurdan ibarətdi.
Bu da son deyil,
çünki sonsuzluqda “son” da yoxdur.
Sadəcə,
Sükut —
və içində
Sən.
Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1