Bia.Az

BU MİLLƏT YATIBDI FİL QULAĞINDA... - Elbariz Məmmədlinin yeni şeirləri

Ədəbiyyat
 20-07-2025, 00:43     1 476

HƏSRƏT

Qarlı qış gecəsində,
soyuq şimal küləklərlərindən qaçıb,
son ümid yeri kimi
uçuq divarlara  sığınan
sahibsiz köpək kimiyəm,
payızın son sazağında
yanağını ayaz vurmuş çiçək kimiyəm…
Xəyalım arzularımın 
çərpələngini uçurur,
qar dənələrinin işığında.
Gözümdə dağ kimi təpələnir, 
gecənin qar yığını.
İçimdə bir ağrı var,
kimsə alıb aparır,
ümidin dara çəkildiyi yerə,
məmləkətin havası sıxılmış azadlığını.
Canıma üşütmə salır
duyunca,
başımın üstündə göyün,
ayağımın altında yerin
yadlığını.
Harın köpəklər hürür uzaqda,
təmtəraqlı saraylarda
harın nəfəslərin hənirinə sığınıb,
tüstüsüz bacalarda oynayan küləklər
taleyi sönmüş millətin daşlaşmış dərd yığını.
Üzündə qəm kölgəsi dolaşır
dirəklərdə sozalan bayraqların,
bir isti nəfəsə həsrətdi,
talanmış məmləkətin
səngərlərdə üşüyən ayaqları.
Və köksündə Turan sevdası qalalanmış millətin
şaxtadan paralanmış dodaqları…

ƏLVİDA

Artıq ünvan olmuşam həsrətinə, bu canla,
İndi qəmini çəkmək səndən şirin görünür.
Üzünü də görmürəm,  illər ötüb aradan,
Bütün duyğularımdan qəmli yerin görünür.

Elə inanmışdım ki, sənli olan günümə,
Ünvanına yazdığım hər sözüm bir çiçəkdi.
Eh, hardan biləydim ki, çıxıb bir gün önümə,
Yollarımın üstündə həsrət göyərəcəkdi.

Canımda o ilhamdan indi əsər qalmayıb,
Sözün ayrılıq üzü gəlib döyür sinəmi,
Deməli, bu yaşantı bir yaşantı olmayıb,
Əriyib ortalıqda ömrümüzün hürr dəmi.

Könlüm eşq qalasıydı, sərhədləri basılmaz,
Orda ruhuma hakim, sən adlı bitən vardı.
Bahar çiçəkləri tək ətri ürək doyduran,
Anadil sevdasıyla oxuyub-ötən vardı
.
Elə pozulubdu ki, yerin-göyün nizamı,
İndi qəmə yürüyür göydə təyyarələr də.
Həsrətinə kökləyib uzaqlarda İlhamı,
Günümü sovururam bu, dərd dolu şəhərdə.

Yorulmuşam bir az da zamanın gərdişindən,
Ömrün qəm karvanıymış, həsrət yüklü hər vida.
Çoxdan çıxıb getmişəm, daha sevgi işindən,
Həstətinlə canbirəm, vüsalına əlvida.

BU MİLLƏT YATIBDI FİL QULAĞINDA

Özü öz dərdinə uzaqdan baxır,
Tanrı ümidinə qalıb taleyi.
 Susqun yaşantısı  özünü yıxır,
Tükənmir əzabı, bitmir gileyi,-
Bu millət yatıbdı fil qulağında.

Sağında - solunda oyun oynanır,
Qalıbdı Şərq ilə Qərb arasında.
İşığı tükənir, arzusu yanır,
Hər günün acılı məcərasında-
Bu millət yatıbdı fil qulağında.

Özündən olanlar özünə baxmır,
Doğması oturub yad qucağında.
Daha qeyrəti də sözünə baxmır,
Dünyanın cəsarət uman çağında-
Bu millət yatıbdı fil qulağında.

Nəyə əl atırsa, əlləri çatmır,
Yayda daş əriyir, qışda qar yanır.
Keyləşən ruhunu bir yol oyatmır,
Möhtəkir əlində bazarlar yanır-
Bu millət yatıbdı fil qulağında.

Gecəsi gündüzdü, gündüzü gecə,
Dəyişik salıbdı zamanı, vaxtı.
İçinə yığıbdı dərdləri, necə?
Biləmmir günahdı, biləmmir haqdı-
Bu millət yatıbdı fil qulağında.

Qışın soyuğu var, yayın istisi,
Nə onu, nə bunu ovuda bilmir.
Hər gün təpəsindən çıxır tüstüsü,
Özünü hələ də yuvada bilmir-
Bu millət yatıbdı fil qulağında.

Qanan da, qanmaz da doğruya asi,
Olan ümidi də itib azırsa…
Sözün müxtəsəri, sözün qısası,
Şairi məmura şeir yazırsa- 
Bu millət yatıbdı fil qulağında.

Elbariz Məmmədli

BİA.az
скачать dle 12.1