Sözün ruhunda yaşayan adam...
Sözün ruhunda yaşayan adam...
(Baş redaktor, jurnalist, politoloq Aydın Quliyevin doğum gününə ithaf)
Səni oxuyur bu səhər –göy üzünün yaddaşından süzülür işığın,
bir sətir kimi
dayanırsan vaxtın içində –
vaxtın özü səcdəyə gəlir adına.
Adın – dua kimi dolaşır
səhərin sükutunda.
Səni danışan sözlər yox,
səni dinləyən ürəklər tanıyır.
Çünki sən –
sözün sirrini açanlardansan.
Qələm əlinə keçəndə
qırx gün susur dörd bir yan –
Sonra yazdığın bir cümlə
oyadır sükutu.
Qəzet – sənin üçün
kitabdan öncə nazil olan ayədir.
Oxucular sənin yazında
həqiqətin izini axtarır,
və tapır –
çünki sən özünü gizlətmirsən,
amma heç vaxt göz önünə də atmırsan.
Səni tanımaq –
sükuta qulaq verməkdir.
Səni başa düşmək –
Vətənin ürəyini dinləməkdir.
Hər cümlən bir nəfəsdir,
xalqın içindən çıxıb
yenidən xalqa qayıdır.
Hər başlıq –
bir fateh sözü kimi səslənir.
Oxucunun gözü dəyən anda
bağlanır kainatın başqa səsləri,
çünki səni oxuyan
başqasını danışdırmaz o an.
İşıqla yazırsan sən –
qaranlığı sadəcə göstərmək üçün yox,
işığın nə olduğunu xatırlatmaq üçün.
Adilərin adıdır adın –
Aydınlıqdan gələn.
Ürəyin bir ovuc yurd yaddaşıdır –
orada nə düşmən izləri var,
nə təmənnalı sözlər.
Sadə, təmiz,
aydan arı, sudan duru.
Kimsə deyir:
“Baş redaktordur...”
Digəri:
“Politoloq, ziyalı, müəllim...”
Amma sən –
sadəcə Aydınsan.
Ən böyük fəxri adın –
şəxsiyyətin özüdür.
Sənin üçün zaman –
sadəcə təqvim deyil.
Zaman səninlə yaşanır,
səninlə dərinləşir.
Yazdığın hər sətir
müqəddəs bir səcdə kimidir –
Kəlmələrin Allaha qalxan dualar kimi
ruhları saflaşdırır.
Əgər millət bir orqandırsa,
mətbuat onun ruhudur –
və o ruhun işığını
sən daşıyırsan, Aydın bəy.
65-in mübarək –
işıqlı adam!
Bu gün bir il deyil,
bir epoxa tamamlanır.
Amma hələ başlanacaq illər var –
yazılacaq başlıqlar,
keçmişin gözüylə deyil,
gələcəyin ruhuyla baxan məqalələr…
Allah ömrünə bərəkət versin,
sözün daim ucalıqdan axsın –
çünki bu millətin sən kimi
aydın adamlarına ehtiyacı var!
Ədalət Qarabulud.
BİA.az




