Pıçıltıdan gələn səs... - Əbülfət Mədətoğlunun doğum gününə
Pıçıltıdan gələn səs...
Əbülfət Mədətoğlunun doğum gününə
"Sevgini dilsiz edən,
bir dil arzusundayam..."
Əbülfət Mədətoğlu
Sevgi kimi səssiz idin —
deyilməmiş sözlərin sükutu tək,
yazılmamış bir kitabın
ürəyimizdə açıq qalan səhifəsi kimi.
Sən danışmadın.
Sadəcə baxdın,
və baxışının dərinliyində
kimsənin toxuna bilmədiyi bir sükut vardı.
Bəziləri səni sakit sandı,
bəziləri uzaq…
amma içində ildırım vardı —
səssiz çaxan,
yerə deyil, qəlbə düşən.
Hər şeirində bir yol görünür —
insanı özünə aparan,
özündə itirib
həqiqətdə tapan bir yol.
Sən şeir demədin —
sən nəfəs aldın misralarla.
Sən qışqırmadın —
çünki əmin idin:
səslər yox olar,
amma pıçıltı qalacaq.
Dünyanın gurultusunda
sən bir "səssiz səs" idin,
və o səs
təkcə söz deyənə yox,
dinləyə bilənə açılır...
Təbiətə baxanda
insanı gördün.
İnsana baxanda
Tanrının kölgəsini.
Gecənin qaranlığında
bəziləri ulduz saydı,
sən isə ulduzların danışığını dinlədin —
orada heç kim yox idi,
sadəcə susan bir işıq.
Şeirlərində zaman yox idi,
amma hər şey zamanın içində idi —
baxış, ağrı, yuxu,
kirpikdən asılmış bir rəsim kimi.
Sən təbiətin əşyasını
ruhun aynasında göstərdin.
Göyərçinin uçuşunu —
qəribliyin metaforası etdin.
Baxdın və uçdular.
Fit çaldın və susdular.
Səni tanımadan —
səni unutdular.
Amma biz unutmadıq,
çünki sən təkcə yazmadın,
ürəyimizdə oyuldun.
İndi doğum günündür,
amma bu gün də sən danışmırsan —
sadəcə susursan.
...Əgər Tanrı kimi sevə bilsən –
qırıq bir saatın qəlbində
dayanmış zaman kimi,
özünü susqunluqda tapan
bir daşın yaddaşı kimi,
hər axşam pəncərəyə qonan,
amma heç nə deməyən
göyərçinin göz yaşını görə bilsən,
onda sən də bir şairsən…
Əgər Tanrı kimi sevə bilsən –
hər addımında torpağa salam verib
kökünü xatırlayan bir ağac kimi,
həsrəti yazıdan əvvəl yaşayan,
sevgini səssiz dua tək saxlayan
bir səsə çevrilə bilsən,
onda sən də bir şairsən…
Əgər Tanrı kimi sevə bilsən –
hər şeyi bilməyib
amma hər şeyə cavab verən bir baxışla,
adını unudub
mahiyyətini yaşayan bir dildə,
qışqırmadan, izah etmədən,
öz səsini içində pıçıldadaraq
dünyaya söyləyə bilsən,
onda sən də bir şairsən…
Çünki şeir –
özünü deməyən bir dilin
ilahi tənha notudur –
və onu yalnız
susqunluqla eşidə bilənlər
yaza bilər…
Ədalət Qarabulud.
BİA.az




