Bia.Az

Qəbirin qapısında... - Ədalət Qarabuludun YENİ ŞEİRLƏRİ

Redaktorun seçimi
 22-09-2025, 00:47     26 718

Qəbirin qapısında...

Qəlb dostum Araz Şirinovun ölüm gününə

Dostlarım bir-bir azalır,
hər addımımda bir kölgə düşür
məni tərk edənlərin üzünə.
İndi möhtacam səbirə - 
səbir,
sanki gizli bir dua,
sanki torpağın bağrında susmuş bir nida.
Dünən özümdə deyildim,
canımı qoydum qəbirə.
Qəbir - daş deyil,
torpaq deyil,
qəbir - içimdə gizlədiyim qaranlıq bir dəhliz,
Allahla üz-üzə qaldığım bir aynadır.
Həyat bir nəfəsmiş,
insan isə nəfəsdən də nazik,
işıqla qaranlıq arasında
asılı qalmış bir laldır.
Bədən torpağa qayıdır,
amma ruh - 
sükutun içindən uçan bir quşdur.
Qanadları yorğun,
amma hələ də göylərə çatmaq arzusu var.
Mən kim idim?
Sualını min dəfə verdim özümə.
Cavab isə həmişə sükut oldu.
Sükut - Tanrının ən dərin kəlamı.
Axırda bir yol qaldı - Haqq.
Nə dost, nə mal, nə ad,
yalnız Haqq.
O yolun başında
işıqla üz-üzə qalanda
bütün ağrılarım daş kimi torpağa çökdü.
Mən isə uçdum - 
sonsuz dəryaya,
sözlərimlə, dualarımla,
bir ovuc göz yaşım və
bir ovuc ümidimlə...
Canın sirri
Ey könül, dinlə bu ayrılığın səsini,
bədən torpaqdan qalxan bir kölgədir,
can isə ulduzların gizli nəfəsi.
Əgər can gövdədən çıxırsa,
demək, yol açılır –
dərvişin arzuladığı sonsuz məkan,
möminin həsrət qaldığı əbədi vüsal.
Göz yaşına çevrilir sirrin yükü,
amma bu ağrı da bir nurdur,
çünki can torpaqdan uçub
nurun qucağına düşür.
Dünya bir libasdır,
tez-gec soyunacaq;
can bir yolçudur,
öz ata yurduna qayıdacaq.
Ayrılıq deyilsə dəhşət,
o da bir doğumdur əslində –
bir bədəndən çıxıb
əzəli Onun dərgahına doğulmaq.
Ağlama, ey könül,
çünki bu fəryadın içində
ilahi vüsalın səsi gizlidir.
Nəfəs
Can gövdədən ayrılar –
amma Onun dərgahına qovuşar.
Bədən torpaqdır –
can ulduzdur.
Ayrılıq görünən qaranlıqdır –
amma içində işıq gizlidir.
Hər ölüm – bir doğumdur,
hər fəryad – bir zikrdir.
Ey könül, ağlama –
çünki ağrı da Ondandır,
nur da Ondan.

Yolayrıcında sərçənin sükutu

Bu yolayrıcında dayanmışam,
sükutun dərinliyinə qulaq asıram.
Hər kəsin yolu var,
amma heç kim
öz yolunu tanımır.
Arvadların qısqanclığı
gözlərin qapalı pəncərəsidir,
fələyin qırmancı isə
həyatın kürəyində gizlənmiş
izsiz yara.
Nə yaxşı ki,
bir tut ağacı
bu sirli səhnənin
sakit şahididir,
o, qələmsiz tarixçidir,
yazmır – amma yadda saxlayır.
Budaqlarında gizlənmiş
bir boz sərçə var:
o, nəğmə deyil,
tərcümədir,
Tanrının göndərdiyi
susqun yazıçı.
O, içimdən keçən
qarışıq sözləri
göyün dilinə çevirir,
amma yenə də
mənə demir:
“Nədir son nəticə?”
Bəlkə də nəticə
nəfəsimizin bu torpağa qarışmasıdır,
bəlkə də bir addımlıq yolda
özümüzü tapa bilməməyimiz.
Yolayrıcı –
iki yox,
min yolların
kəsişdiyi qaranlıq bir güzgüdür.
Hər yol öz kölgəsini
üzümə atır,
mən isə bir sərçənin
qanad səsində
işığın cavabını axtarıram.
Bəlkə də nəticə odur ki:
gözümüz torpaqda deyil,
sükutun özündədir.
Bəlkə də yolayrıcı –
Tanrının sınaq yazısıdır,
bizsə oxuya bilməyən
kor yolçularıq.
Sərçə isə —
sükutun içində
bizdən əvvəl
hər şeyi bilən,
amma heç vaxt deməyən
gizli peyğəmbərdir.

PƏLƏNGİN XATİRƏSİ...

Şair Kəramət Şəfiyevin xatirəsinə

PƏLƏNG...
səni çağırdım,
səsim, bu dəfə zamanın içini
dəlib keçdi.
Bir baxışın düşdü yadıma –
gözlərin… öz kölgəsinə belə acıqlı baxırdı.
Yerişin – sanki torpağı yoxlayırdın,
dəmir ayaqlı bir yuxu kimi.
Adını deyəndə
...sən özündən də dik dururdun –
çünki bilirdin: adın taleyindir.
Səni sevmədilər —
sığallamaq istədilər.
Qürurunu oxşamaq əvəzinə
xatirəni cilovlamağa çalışdılar.
Amma sən...
...başını yana çevirdin,
sanki:
"Hiss edirəm, amma ehtiyacım yoxdu!" — dedin.
İnsanlar dua pıçıldayır,
amma çoxu ümid yerinə dilənir,
“şükür”lə qapanır,
amma qapandığı,
öz azadlığının qəbri olur bəzən.
Sən isə...
hər baxışınla üsyan edirdin,
amma səssiz.
Sakit bir fırtına idin.
İlkinliyin içində tanrısal bir təmkinlə
yalnız özünə borclu yaşayırdın.
İndi,
baxıram fotosuna,
baxıram...
və pıçıltıyla səsləyirəm səni:
– PƏLƏNG... PƏLƏNG...
Bilirəm, eşidirsən,
ömrün divarının o üzündən,
çünki səs qapı tanımaz,
hiss – ölümsüzdür.
Bəlkə sən heç pişik deyildin...
sən bəlkə unudulmuş
bir tayfanın son fəryadıydın.
Dilin yox idi,
amma hər duruşun
bir fəlsəfəydi.
Bəzən düşünürəm,
bəlkə də insanın əcdadı –
məhz belə bir heyvandı...
gözlərində alov,
səssizliyində nizam,
toxunulmaz bir hürriyyət.
Səni görəndə
yerə daha möhkəm basırdım ayaqlarımı,
unutduğum instinktlər yuxudan oyanırdı.
İnsanı... özüylə tanış edən
sən idin,
təbiətin içindən keçib
qürurunla danışan
canlı bir ayin kimi.
Sən itəndə isə
bir çağ bitdi,
çünki Pələngin yoxluğu –
tək itki deyil,
qürurun sükuta qərq olmasıdı...
Ey Pələng,
bu şəhərdə artıq hər baxış
bir yalvarışdı.
İnsanlar sevgi istəyir –
amma əvəzində.
Müqabilində minnət,
mükafat,
sığal,
tanınmaq...
...sən isə heç nə istəmirdin,
sadəcə – öz olmağa icazə.
İndi sənin foton
divarda bir ikonadır,
amma içimdə oyanan
yenə canlıdır.
Bu zaman –
quruluşu pozulmuş bir dua,
bu cəmiyyət –
mətləbini itirmiş bir misra,
bu insan –
öz gölgəsinə möhtac bir bədən.
Amma sən...
hələ də baxırsan ordan –
o tərəfdən,
gözlərində
müdrikliklə dolu susqun bir hökm:
“Yaşamaq –
sığal üçün deyil.
Sevilmək –
satılmaq deyil.
Varlıq –
ruhun özünə verdiyi addır.”
Səni itirmədim, Pələng,
sadəcə indi
öz içimdə daha dərin hiss edirəm səni.
Hər qorxusuz düşüncəmdə,
hər sərhədsiz cümləmdə,
və azadlıq deyilən o qəribə sükutda...
...yenə sən varsan.

Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1