Nəsimi rayonunda qanunsuz tikintilərə “YAŞIL İŞIQ”: Kimlər himayə edir, kimlər göz yumur?
Bakının ən mərkəzi rayonlarından olan Nəsimi rayonu artıq uzun illərdir ki, qanunsuz tikintilərin, yaşıl ağacların məhv edilməsinin və məmur himayədarlığının başlıca “laboratoriyası”na çevrilib. Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə qaldırılan məsələlər, vətəndaşların etirazları, hətta ictimai qınaq belə, görünür, bu rayonda hökm sürən maraq şəbəkəsinin “dəmir divarına” dəyib geri qayıdır. Bu günlərdə isə sosial mediada yayılan yeni görüntülər və məlumatlar vəziyyətin nə qədər təhlükəli məcraya çatdığını bir daha sübut edir. Söhbət Nəsimi rayonunun ərazisində, H. Səlimov küçəsi 74 ünvanında inşa edilən daha bir qanunsuz obyektdən gedir.
Qanunsuzluğa göz yumulur
Məlumatlara görə, hazırda həmin ünvanda aparılan tikinti işləri heç bir rəsmi icazə və sənəd əsasında həyata keçirilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında bu ünvan üzrə heç bir qeyd yoxdur. Yəni qanunun dili ilə desək, həmin tikinti yox kimidir.Amma maraqlıdır ki, nə Nəsimi rayon İcra Hakimiyyəti, nə də Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bu fakt qarşısında mövqe bildirmək istəmir. Hətta sorğulara cavab verməkdən yayınırlar. Bu isə cəmiyyət arasında haqlı olaraq suallar doğurur:
- Görəsən, qanunsuz obyektin tikintisinə kimlər “yaşıl işıq” yandırıb?
- Nəyə görə İcra Hakimiyyəti qanunun aliliyini təmin etmək əvəzinə məsuliyyətdən yayınmağa çalışır?
- Qanunsuzluqların arxasında hansı məmur maraqları dayanır?
Maraqlı təsadüflər yoxsa gizli anlaşmalar?
Mətbuatda yayılan məlumatlarda xüsusi vurğulanır ki, Nəsimi rayonunda həyata keçirilən qanunsuz tikintilərin böyük bir hissəsi müəyyən məmur qruplarının bilavasitə himayəsi altında reallaşdırılır. İddialara görə, bu sahədə “əsas söz sahibləri”ndən biri Nəsimi RİH başçısının müavini Zahid Xəlilovdur. Onunla yanaşı, RİH-in baş memarı kimi fəaliyyət göstərən Ələsgər Rüstəmovun da bu “tikinti biznesində” xüsusi rol aldığı deyilir.
Məlumatlı şəxslərin iddiasına görə, hər bir yeni obyektin inşası zamanı həmin bürokratlar müəyyən faizlər, qeyri-rəsmi ödənişlər və “pay bölgüsü”ndən faydalanırlar. Nəticədə, rayonda tikilən hər bir qanunsuz obyekt əslində ayrı-ayrı şəxslərin ciblərinə milyonlarla manat qazanc gətirir. Əvəzində isə vətəndaşların həyatı təhlükəyə atılır, şəhərin memarlıq siması korlanır, ekoloji mühit məhv edilir.
Ağaclar məhv edilir, yaşayış mühiti daralır
Nəsimi rayonu paytaxtın ən sıx məskunlaşan ərazilərindən biridir. Onsuz da hündürmərtəbəli binaların, dar küçələrin, avtomobil sıxlığının “boğduğu” bu rayonda yaşıl sahələrin qorunması hər zamankından vacibdir. Lakin təəssüf ki, əks proses baş verir: yaşıl ağaclar kəsilir, park əraziləri məhv edilir, əvəzində isə beton binalar boy atır.Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın görünür ki, H. Səlimov küçəsi 74 ünvanındakı tikinti aparılan ərazidə bir neçə ağac kəsilib. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyi şəhər ərazisində yaşıllıqların xüsusi mühafizəsini nəzərdə tutur. Hər bir ağacın kəsilməsi yalnız müvafiq qurumların rəsmi qərarı ilə mümkündür. Amma görünən odur ki, Nəsimi rayonunda qanunların adı var, özü yox.
“Zəhmətsiz gəlir yeri”
Mətbuatdakı araşdırmalarda göstərilir ki, qanunsuz tikililər uzun müddətdir ki, bəzi məmurlar üçün “zəhmətsiz gəlir yeri”nə çevrilib. Əldə olunan mənfəətin həcmi isə təsəvvür ediləndən daha böyükdür. Belə ki, hər kvadrat metr üçün ödənilən qeyri-rəsmi rüşvətlər və “haqlar” nəticəsində milyonlarla manatlıq gəlirlər əldə olunur.Bu prosesdə nə dövlət büdcəsinə vergi ödənilir, nə də qanuni icazələr alınır. Əksinə, hər şey gizli razılaşmalar və korrupsiya sxemləri üzərində qurulur. Nəticədə, ən böyük zərər vətəndaşlara və dövlətin nüfuzuna dəyir.
Himayədarlıq şəbəkəsi: Kimlər məsuliyyət daşıyır?
Əgər bir rayonda qanunsuz tikintilər bu qədər açıq şəkildə baş verirsə, deməli, bunun arxasında sadəcə yerli məmurlar yox, daha geniş şəbəkə dayanır. Nəsimi rayonunda son illər baş verən hadisələr bir daha göstərir ki, qanunsuz obyektlərə göz yumulması “yuxarı dairələr”in də xəbəri olmadan mümkün deyil.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu obyektlərin olmaması, amma real həyatda onların inşa edilməsi, ən azından, ciddi idarəetmə boşluğundan xəbər verir. Daha pisi isə odur ki, aidiyyəti qurumların bu boşluqları doldurmaq, məsuliyyət daşıyan şəxsləri cəzalandırmaq istiqamətində heç bir addım atmamasıdır.
Hüquqi qiymət verilməlidirmi?
Əgər dövlətin qanunları hər kəs üçün bərabərdirsə, əgər Azərbaycan hüquqi dövlətdirsə, deməli, Nəsimi rayonunda baş verən bu qanunsuzluqlara da hüquqi qiymət verilməlidir.- Niyə görə qanunsuz obyektlərin tikintisi dərhal dayandırılmır?
- Niyə məsul məmurlar işdən uzaqlaşdırılmır?
- Niyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu faktlara reaksiya vermir?
Nəsimi rayonunda H. Səlimov küçəsi 74 ünvanında inşa edilən qanunsuz obyekt təkcə bir tikinti deyil. Bu, illərlə yığılıb qalmış korrupsiya, məmur maraqları, məsuliyyətsizlik və hüquqsuzluğun simvoludur.
Əgər dövlət qurumları bu məsələyə biganə qalmaqda davam edərsə, sabah eyni vəziyyət Bakının digər rayonlarında da sürətlə yayılacaq. Cox təəssüf, artıq yayılıb! Belə olan halda isə nə şəhərin memarlıq siması, nə də vətəndaşların hüquqları qoruna biləcək. Cəmiyyət haqlı olaraq tələb edir: qanunsuz tikililər dərhal sökülsün, məsul məmurlar cəzalandırılsın, dövlətin nüfuzu isə şəxsi maraqların girovuna çevrilməsin.
Problemi diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//Qaynarxeber.az




