"Allahdan danışan yoxdu..." - ELBARİZ MƏMMƏDLİNİN YENİ ŞEİRLƏRİ
YOXDU
Hamı imandan dəm vurur,
Hamı dindən gap eləyir.
Canımız üşütmə tutur,
Hərə bir cür gop eləyir;
Heç, haqdan danışan yoxdu.
Öyənlər yalanı öyür,
Söyənlər doğrunu söyür,
Döyənlər fağırı döyür,
Bu çağdan danışan yoxdu.
Zaman son ümidi kəsir,
Küləklər tərsinə əsir,
Hamı harasa tələsir,
Heç vaxtdan danışan yoxdu.
Hamı taleyi yanıyır,
Dinənin içi qanayır,
Yaxın yaxını qınayır,
Uzaqdan danışan yoxdu.
Daha ümidlər solub ki,
Duyğulara daş dolub ki,
Hamı allahsız olub ki,
Allahdan danışan yoxdu.
APARDI
Nə yazıram, qəmə gedir,
Ağrı sözümü apardı.
Hardasa bir yanlış yapdım,
Neçə düzümü apardı.
Həsrətəm ilk ocaqlara,
Könül verdim uzaqlara,
Ruhum gəzişən dağlara,
Çəkdi gözümü apardı.
Daşdı, içimin üsyanı,
Kimə deyim, haqqı tanı?
Sınaqları bu dünyanın,
Adam üzümü apardı.
Ayaq altda yol oynadı,
Kükək açıb qol, oynadı.
Yağış yağdı , sel oynadı,
Qalan izimi apardı.
Həsrətimlə başa çıxdım,
Hara qaçdım, boşa çıxdım,
Yürüyüb, dağ-daşa çıxdım,
Daşlar dizimi apardı.
Girovam, baxtın əlində,
Ay ömür, axdın əlində,
Mən kiməm, vaxtın əlində,
Yığdı, özümü apardı.
KEÇDİ
Keçdi umduğumuz ömür-gün, keçdi,
Vaxtın sınağında yandıq, əridik.
Sonda qazancımız aldanışdısa,
Ölümün üstünə niyə yeridik?
Batdıq bu taleyin sınaqlarında,
Bəxt bizi haraya sürüyür, indi?
Bizim köksümüzdən salınan yolla,
Ağlı piyadalar yürüyür indi.
Ümid min yerədi, güman min yerə,
Vaxtdan umduğumuz vaxtı aşıbdı.
Arzuya aparmır nə vaxtdan bizi,
Elə bil yollar da qısırlaşıbdı.
Dünyaya gələli başımız qalda,
Nəyə güvənmişik, oyuna düşüb.
Bütün savaşların axır gülləsi,
Elə bu millətin payına düşüb.
Demək, günah imiş, haqqa yar olmaq,
Yağılar dünyanı qısqanır bizə.
Könül verdiyimiz-böyük çöllərdə,
Gülümüz yovşanı qısqanır bizə.
Hardasa oyunlar qurulur yenə,
Yenə kölgəmizi qılınclayırlar.
Vallah, bu dünyanın əzəli bizik,
Sonu olanları alqışlayırlar.
Orda-uzaqlarda gözü yoldalar,
Sönür ocaq-ocaq Türküstan orda.
Doğudan Batıya qanla yazılıb,
Silinir yaddaşdan bu dastan, orda.
Elə bil hamının ruhu ovlanıb,
Kəsilib adamlar qanına yağı.
Bizi içimizdən güllələyirlər,
Adı biz olanlar düşmənsayağı.
Keçdi umduğumuz ömür-gün, keçdi,
Vaxtın sınağında yandıq, əridik.
Sonda qazancımız aldanışdısa,
Ölümün üstünə niyə yeridik?
BU XALQIN
Nə bir tərpəniş var, nə bir ümid var,
Ötür boş xəyalda vaxtı, bu xalqın.
Əyriyə o qədər öyrədilib ki,
Doğruya gümanı yoxdu, bu xalqın.
Yolu alqışlanır, yol azanların,
Seyrəlib sırası düz yazanların,
Daşır cəhənnəmdə qır qazanları,
Bəlkə yaşadığı haqdı, bu xalqın?
Umduğu dağlara çoxdan qar yağıb,
Qorxusu içindən təpəri sağıb,
Dünyanın yükünü belinə yığıb,
Vallah, görüntüsü dağdı, bu xalqın.
Dönüb ocağında qərib təklərə,
Bölünüb əzabdan bağrı ləklərə,
Elə bağlanıb ki, yad yedəklərə,
Sanki hər istəyi yağdı, bu xalqın.
Nə bir yananı var, nə eşidəni,
Soğulub zəmisi, tükənib dəni,
Allah ümidinə qalıbdı, yəni,
Taleyi bu xalqın, baxtı bu xalqın.
Canına yağıdı, qopan canından,
Kəsilib azadlıq imtahanından,
Qürbətdə döl tutur özgə qanından,
Alınıb əlindən taxtı bu xalqın...
Elbariz MƏMMƏDLİ.
BİA.az






