BU MƏMLƏKƏTİN AZADLIĞI… - Elbariz Məmmədlinin YENİ ŞEİRLƏRİ
TORPAĞIN QOXUSU YAZ NİŞANƏSİ
Yaza işarədi yağan yağışlar,
Torpağın qoxusu yaz nişanəsi.
Hər göyərən otun öz nəfəsi var,
Hər gülün-çiçəyin öz nişanəsi.
Şimşəklər oynayır göyün üzündə,
Buludlar elə bil göyü təkləyib.
Göyərə-göyərə gedir yamaclar,
Elə bil dağlarda qar çiçəkləyib.
Köhnə xatirədi duyğusu, qəmi,
Yaddaşda dolaşıb ötən qışların,
Köhnə eyvanlarda təzə yurd salır,
Qayıdan cütləri qaranquşların.
Elə bil yuxusu qaçıb gözündən,
Zirvələr “ağlayır” qışın yasına.
Uzaqda çayların səsi dəm tutur,
Oxuyan quşların melodiyasına.
Torpağın bağrında şırım açılır,
Dən səpir oyanmış torpağa, əllər.
Könlünün oduyla bir sığal çəkir,
Oyanan hər gülə, yarpağa əllər.
Ürəkdən o qədər arzu keçir ki,
Eh, insan olanın min bir qəmi var.
Kiminsə bu yazdan umacaq yeri,
Kiminsə bu yazdan bir gözləmi var.
Bir azdan təbiət coşub daşacaq,
Çöllərə çiçəkdən xalı sərəcək.
Göydən nur yağdırıb, yerdən bərəkət,
Tanrının müqəddəs əli sərəcək.
BİLƏRDİK
Biz sevən olmadıq, Vətən
Olsaq, qədrini bilərdik.
Yol tutduq üştə qalmadıq,
Qalsaq, qədrini bilərdik.
Əsər yoxdu büsatından,
Dərd keçib yeddi qatından,
Harın kəsləri atından,
Salsaq, qədrini bilərdik.
Nəyimiz var, yad-yamanın,
İlmə-ilmə çökür canın,
Dərsini bu imtahanın,
Alsaq, qədrini bilərdik.
Ünvan olduq parçalara,
Uyub yad eldə yad qara,
Bizim olan sevdalara,
Dolsaq, qədrini bilərdik.
Qor ələyib yuxusuna,
Qılınc çəkib qorxusuna,
Ruhun yovşan qoxusuna,
Dalsaq, qədrini bilərdik.
BU MƏMLƏKƏTİN AZADLIĞI…
Bu məmləkətin azadlığı
ruhu yad əllərdə girov olanların
dodağından qopan ağıdı,
qul bazarında qarnını qucaqlamış kasıbın
cırıq ayaqqabıdan çıxan baş barmağıdı,
zibil qablarında eşələnən acların
bitmiş ümidindən qalan
göz dağıdı,
bir tikə çörək üçün dünya boyu səpələnmiş
yurddaşların qürbətdə öz özünə qınağıdı,
Bu məmləkətin azadlığı
haqqın zindanlara gömülmüş səsidi,
göz yaşı dükan bazarı isladan
kasıb balasının oyuncaq həvəsidi,
taleyindən oğurlanmış payın
harın kürsülərdə bölünən nəşəsidi,
hər gün ehtiyacdan bəxtinə oxunan
ölüm bəstəsidi…
Bu məmləkətin azadlığı
öz ruhuna qənim olub
yaddaşını itirdiyi gündü,
yad mehrinə könül verib
qanqalı gül yerinə bitirdiyi gündü…
KƏNDƏ
Dur, yır-yığış elə, gedək,
Baharı çağlayan kəndə.
Həsrətindən bulud-bulud,
Göyləri ağlayan kəndə.
Kimsən bilməm, bu çağında,
Yerin varmı qucağında?
Gedək, bir künc-bucağında,
Adını saxlayan kəndə.
Gedək, qəlbdə gül həvəsi,
Bəlkə ümid ola səsi,
Uğursuz eşq xatirəsi,
Könlünü oxlayan kəndə.
Gedək, dəyişib rüzgarı,
Günəş əridib, buzları,
Gecələri ulduzları,
Göyünə bağlayan kəndə.
Gedək, daş olaq varında,
Bir nəğmə var sularında,
Hər gecə yuxularında,
Həsrəti dağlayan kəndə.
Elbariz MƏMMƏDLİ
BİA.az






