Sabahı düşünəndə canımızı dərd alır… - Elbariz Məmmədlinin YENİ ŞEİRLƏRİ
EH, NƏLƏR DÜŞÜNÜRÜK…
Əllərimi göynədir, səhərin buz soyuğu,
Ölüm sükutu çöküb içimin sevdasına.
İnanmıram gün doğa, inanmıram yaz gələ,
Ötüb keçən illərin xatirə havasına.
Hər yan həsrət qoxuyur, hamı yuxulu kimi,
Zamanın ağrıları ovsunlayıb daşı da.
Elə bil ki, içində dərdinə layla deyir,
Bu metropol şəhərin qara həsrət qışı da.
Tıxaclarda can verir, milyonların ümidi,
Yolların dincəlməyə bir hovur vaxtı yoxdu.
Ruh yaşadan dalanlar bağlı düyün kimidi,
Yaranışdan yem olan şəhərin bəxti yoxdu.
Yenə çəkilib gedir sahildən mavi dəniz,
Üsyankar dalğaların qırılıb qanadları.
Kiminsə həsrətidi sulardan qurtulan iz,
Qurudur nəfəsini küləklərin atları.
İçində min hiylə var, dəniz dərdə hamilə,
Bir-birinə tuşlanıb harınların nifrəti.
Dünya hara yürüyür bu, nizamsız vaxt ilə,
Sabahı yaşamağa ümid qalmayıb, qəti.
Gör, kimlər at oynadır insanlığın başında,
Səcdə yerinə dönüb lənətlənmiş kürsülər.
Məzlumların qan bitən torpağında, daşında,
Əzrayıl sifətində möhürlənmiş kürsülər.
Eh, nələr düşünürük, istəyimiz gül açmır,
Hər günün rahatlığa ümid yolu qısalır.
Cana hopan ağrılar yuxularda da keçmır,
Sabahı düşünəndə canımızı dərd alır…
OLACAQ
Ay-il təzələnəcək,
Bağlarda bar olacaq.
Yenə qış ötüşəcək,
Yenə bahar olacaq.
Göylər su gətirəcək,
Torpaq gül bitirəcək,
Duman iz itirəcək,
Zirvədə qar olacaq.
Gedənlər gedəsidi,
Ötənlər ötəsidi,
Ölüm Haqq vədəsidi,
Doğulanlar olacaq.
İnansaq olumlara,
Güvənsək qalımlara,
Nə vaxtsa zalımlara,
Bu dünya dar olacaq.
Haqdan kamını alsa,
Vaxtın içində olsa,
Başı əlində qalsa,
Bu millət var olacaq.
VERDİLƏR
Umduq, rahat yaşayarıq,
Yerimizi dar verdilər.
Haqq olana uralı bağ,
Yada gülüzar verdilər.
Ruhumuzu ələdilər,
Üstünə qəm çilədilər,
Hamını güllələdilər,
Hamıya azar verdilər.
Kötək vurub ac olana,
Çevrildilər öc alana,
İstiyə möhtac olana,
Qış verdilər, qar verdilər.
Arzumuza çəpər hörüb,
Ağzımızı daşa sürüb,
İçinə yalan üfürüb,
Hərəyə bir şar verdilər.
Azaldıq savaşan yerdə,
Susduq, haqqa qoşan yerdə,
Millət qısırlaşan yerdə,
“Çiçəkləyib” bar vedilər.
Qazandıq adlıq yerinə,
Zəhəri daddıq yerinə,
Bizə azadlıq yerinə,
Diri gözlü gor verlilər.
Elbariz MƏMMƏDLİ
BİA.az




