Bia.Az

Milli ruhun, torpaq yaddaşının və Vətən sevgisinin poeziyası

Ədəbiyyat
 28-02-2026, 17:39     814

Tapdıq Əlibəyli - 65
Tapdıq Əlibəylinin yaradıcılığı milli ruhdan yoğrulmuş, torpaq yaddaşından süzülüb gələn dərin və məsuliyyətli poeziyadır. Onun üçün şeir sadəcə bədii ifadə deyil, Vətən qarşısında vicdan borcu, doğulduğu elə sədaqət və torpağa mənəvi bağlılıqdır. Bu poeziyada söz kökdən qopmur, zamanın sınağından keçmiş milli dəyərlərə söykənir.

Şairin misralarında Vətən anlayışı xəritə ölçüsünə sığmır; o, mənəvi məkan, ruhani dayaq, ana məhəbbəti qədər müqəddəs varlıq kimi təqdim olunur. Torpaq Tapdıq Əlibəyli üçün yalnız maddi zəmin deyil və Tanrı nəfəsi ilə yoğrulmuş ilahi bir varlıqdır. Ana, torpaq və Vətən eyni mənəvi zirvədə birləşir və bütöv bir dünyagörüşü yaradır.

Doğulub boya-başa çatdığı Bürzünbül kəndi, Yardımlı yurdu, dağlar, dərələr, bulaqlar onun poeziyasında sadəcə təbiət təsviri deyil və milli yaddaşın daşıyıcısıdır. Bu şeirlərdə elin səsi, kəndin nəfəsi, babaların izi, anaların duası yaşayır. Dağlar vüqarın, bulaqlar saflığın, təbiət isə halallığın rəmzinə çevrilir.

Tapdıq Əlibəyli Vətənə, doğma yurda və torpağa bağlı yazardır. Onun poeziyasında səmimiyyət əsas ölçüdür; sözlərdə saxtalıq yoxdur, yad nəfəs duyulmur. Bu şeirlər oxucunu öz kökünə qaytarır, torpağın qədrini bilməyə, milli dəyərləri qorumağa çağırır. İnsanla təbiət arasında pozulmayan ahəng, nəsildən-nəslə ötürülən mənəvi saflıq bu poeziyanın əsas ruhudur.

Xüsusilə Tanrı - Söz - Torpaq xətti Tapdıq Əlibəylinin poetik dünyasında aparıcı mövqedədir. Söz Tanrının qüdrətindən doğan müqəddəs bir varlıq kimi dərk olunur; torpaq isə bu sözün cücərdiyi, insan ruhunun möhkəmləndiyi məkan kimi təqdim edilir.


Ümumilikdə, Tapdıq Əlibəylinin poeziyası milli kimliyə söykənən, vətənpərvər ruhlu, sadə, lakin dərin məna daşıyan bir ədəbi dünyadır. Bu yaradıcılıq torpaqla nəfəs alan, Vətənlə yaşayan və sözə mənəvi məsuliyyət kimi yanaşan bir şair mövqeyinin parlaq ifadəsidir.

VƏTƏNDİR

Anadan başlayan Vətən sevgisi,
İnsanın torpağa Tanrı sevgisi.
Açılsaydı əgər sevgi sərgisi;
Sevgi sırasında Ana, Vətəndir.

Ana qəlbi kövrək, tər çiçəkli bağ.
Ana səbri böyük, möhtəşəm bir dağ.
Ana evə dirək, həm də ki, çıraq,
Anamız anası torpaq, Vətəndir.

Ana torpaq, yoxsa torpaq anamız.
İlkin, son mənzildir, aman-andımız.
Əzəli-əbədi yurd sandığımız
Torpaq qarış-qarış bütöv Vətəndir.

Hər zərrə çınqıdan bir ocaq yanar.
Günəş şəfəqlənər, torpaq oyanar.
Analar vətənçün oğullar doğar,
Torpaq qoruyanı varsa Vətəndir.

TANRI YAZAN ÜNVANIMDI – BÜRZÜNBÜL

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül.
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası – Bürzünbül.

Qapıları açar-qıfıl görməyən
Bir el etməz əmanətə xəyanət.
Qonağına iti belə hürməyən
Kişilərin xislətində sədaqət.

Ağsaqqalı, ağbirçəyi bir örnək,
Qız-gəlini ismət-həya timsalı.
Oğulları ər yolunu seçərək,
Dəyanətdə sərt, sal qaya misalı.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Tapdıq, sözü dolayı yox, de kəsə:
İpək ürək, tunc üzlüdü Bürzünbül.
Süfrələri açıq olar hər kəsə,
Duz-çörəkli, düz sözlüdü Bürzünbül.

ÇANAQ BULAQ

Sığallı gəlindir yamaclar, yallar,
“Şirin dərə” səmtə yollanan yollar.
Dərənin dibində bir bulaq çağlar,
Salar kəməndinə gələn hər kəsi.

“Çanaq bulaq” deyir el-oba ona,
Daşdan biçilibdi libas boyuna.
Dağların qarından qatıb suyuna,
Kəndimin füsunkar, dilbər guşəsi.

Ehmalca əyildim Çanaq bulağa,
Toxundu dodağım soyuq yanağa.
Öpüşə qərq olub dodaq-dodağa,
Oxşadı könlümü bulaq busəsi.

Dağlar zümzüməsi – billur çeşmələr,
Axarlı-baxarlı hey axşam-səhər.
Çanaq bulaq səsli həzin nəğmələr,
Dağların ən kövrək bulaq nəğməsi.

Çanaq bulaq sanki xəyala dalıb,
Nə vələs ağacı, nə çanaq qalıb.
Gələn nəsillərə bir soraq qalıb –
Çanağı yoxsa da, qaynar çeşməsi.

Söz qoşdum şəninə Çanaq bulağın,
Bürzünbül adında doğma torpağın.
Təşnə ilhamına şair Tapdığın
Sərinlik çilədi bulaq həvəsi.

BİA.az
скачать dle 12.1