TANRININ DAŞ ÜSTƏ DAŞI QALMAYIB - Elbariz Məmmədlinin YENİ ŞEİRLƏRİ
TANRININ DAŞ ÜSTƏ DAŞı QALMAYIB
Dünyaya bir dəfə doğulur insan,
Hamının həyatda bircə izi var.
Kiminsə sevgisi dastana dönür,
Kiminsə nifrətdən neçə üzü var.
Yaşayıb görmüşük yaxşı nə, pis nə,
Hər kəs əməlinin aşını yeyir.
Nəfs var, adamın toxluq üzüdü,
Nəfs var adamın başını yeyir.
Elə qısalıb ki, ipi düzlüyün,
Doğrunun hürr olan başı qalmayıb.
Pozulub nizamı, ələnib hökmü,
Tanrının daş üstə daşı qalmayıb.
Özünü itirib nəfsin önündə,
Adını itirib gör, neçə canlar.
Dünən bu millətin sevgi yeriydi,
Şan-şöhrət naminə sual olanlar.
Dəryada qərq olan gəmi kimidi,
Əyri kürsülərdən düz danışanlar.
Məhbəs divarında ömür çürüdür,
Şahlıq ünvanına pis danışanlar.
Hamı ədalətin qəsdinə durub,
Hamı ədalətin qəbirqazanı.
Bir udum havaya həsrət qoyurlar,
Qəfəsdən Tanrıya məktub yazanı.
Gör hara gəlmişik, gör, hardayıq biz,
Ötüşən hər anı fikir eləyirik.
O qədər artıb ki, şeytanəməllər,
Şeytanın özünə şükr eləyirik.
DEYƏSƏN
Sən bir payız, yarpaq-yarpaq saralan,
Mən bir payız, vaxt macalı daralan,
Yolumuzu gözləməkdən yorulan,
Xatirəmiz itir-batır, deyəsən.
Asılmışıq bu yolların ağından,
Duman getmir duyğumuzun dağından,
Şirə çəkib könlümüzün yağından,
Ümid bizə yalan satır, deyəsən.
El içidi, dolanırıq qıraqdan,
Ürəyimiz asılıbdı soraqdan,
Taleyimiz payız üzlü varaqda,
Bir oyanmaz yuxu yatır, deyəsən.
Qoşammadıq yaz gülləri içinə,
Zəhər səpdik o illərin içinə
Həsrət bizi dəlilərin içinə,
Bilib qatır, duyub qatır, deyəsən.
Yaşayırıq min bir əzab içində,
Könlümüzün qalmayıb tab içində,
Çıxammarıq bu iztirab içindən,
Gün gödəlir, qürub çatır, deyəsən.
BELƏ
Daha tüpürən yox haqqa, divana,
İşlənmiş günahı danırlar, belə.
Min-min can alınır, bir bəd əməllə,
Milyon-milyon ahı danırlar, belə.
Tərsinə fırlanır dünya oxunda,
Əzablar hakimdi vaxtın çoxunda,
İnsafın, imanın yoxhayoxunda,
Tək olan Allahı danırlar, belə.
Elə yaz deyirik gəlmir ki, gəlmir,
Donqar arzuların qəddi düzəlmir,
Nə olsun, ürəkdə istəyi ölmür,
Son ümid sabahı danlrlar, belə.
Hökmünə güvənib, sərvətinə gah,
Tutmayıb dünyanı nə firon, nə şah,
Bu həyatın sonu payızdı, vallah,
Görən, niyə axı danırlar belə?
GUYA
Guya biz də insanıq, guya yaşantımız var ,
Min bir ağrı yük olub, hər bir canın içində.
Hayana əl atırıq yol imkansız, məqam dar,
Ömrü yola veririk, bu zamanın içində.
Əl çatmayan arzudu, zirvələrin qar yükü,
Top-topa buludlar göyün ixtiyar yükü,
Məzlum çiyninə qoyur, Tanrı elə hər yükü,
Əriyir min ümidi bir gümanın içində.
Biganələr biləmməz, qəmə mümtəla nədi,
Hər daşı qan qoxulu min illik qala nədi,
Nədən könül vermişik sönməz hilala, nədi,
Çalxanıb nehrə kimi min divanın içində.
Azadlığa yürüdük, zülmətlər ötsün deyə,
İçimizin arzusu qəmi əritsin deyə,
Göylərə dua açdıq, qara gün bitsin deyə,
Bulandı varlığımız, toz-dumanın içində.
Sabahın ümidləri düşünəndə can üzür,
İndi dənizlərin də aynasında qan üzür,
Ölür körpə mələklər, güllələnir dan üzü,
Ölür, təbiət ölür, axan qanın içində.
Neçə illər uzunu istəyimiz boş xəyal,
Torpağın alt qatından dadacaqdıq guya bal,
Yatıb ayılmışıq ki, nə toyuq var, nə də fal
Yüz dənə əl gəzişib bir yuvanın içində.
Guya biz də insanıq, guya biz də bəşərik,
Tanrıdan gələn haqqa nə payçıyıq, nə şərik,
Ölü sükutumuzla beləcə ötüşərik,
Sürünüb kölgə kimi bu dövranın içində.
HANI?
Hanı, bu torpağın pir adamları?
Millətin bağrında qəm çiçəkləyib.
Qarışıb rəngləri gecə-gündüzün,
Hamını, hamını dərdi təkləyib.
Bircə təbəssümə həsrətdi üzlər,
Geriyə qayıtmır ötüşən izlər,
Haqqına tamarzı qalıbdı gözlər,
Görən, ruzisini kim ətəkləyib?
Hər gələn ilində əzab yükü var,
Sanki qədəmində şeytan tükü var,
Bu miskin taleyin bircə kökü var,
Hamı ovqatına sükut kökləyib.
Qəm yuyub illərin ötən izini,
Qar döyüb zirvənin itən izini,
Sevincin ürəkdə bitən izini,
Elə bir don vurub, qış kötəkləyib.
Sözün hökmü vardı söz zamanında,
Dağı tərpədərdi bircə anında,
İndi təpərlərin dəyirmanında,
Var qəhətə dönüb, yox pətəkləyib.
Elbariz MƏMMƏDLİ.
BİA.az






