Bia.Az

Ömür boğazıma tıxanmış tikə... - Dursun Musayevanın YENİ ŞEİRLƏRİ

Ədəbiyyat
 11-09-2025, 01:46     1 364

Səni  unudammıram...
70-lərdən düşən bir sarı yarpaq
Ömrün baharına apardı məni.
Görən unutdummu mən səni o vaxt?    
Bilmirəm , unuda bildimmi yəni?  
Səni  unudammıram
Deyəsən mən doğurdan səni unudammıram
Deyəsən  heç  yadımdan  çıxmayacaqsan  qəti.
Boğazımda  düyülən  kədəri  unudammıram
Siləmmirəm  gözümdən yaş  olan məhəbbəti.
Ürəyimlə  yoxuşda  qaldım  payi-piyada
Daha  gücüm  də  çatmır  yorğun  əsəblərimə.
Bircə  yol  tək  qalsan  böyük, dərdli  dünyada
Qalasan  qəriblikdə  bir  yol  mənim  yerimə.
Oturasan  üzbəüz  acı  xatirələrlə
Qoşun  çəkə  ötənlər  başın  üstə  yığıla.
Yorğun  ürək  təkbətək  qala  qəmlə, kədərlə
Dost, düşmən  arasında  eşqin  başa  qaxıla.
Üstünə  min  ünvanlı, haqlı  gileylər  yağa
Cavab  tapammayasan  nə  yada, nə  yaxına.
Bir  adam da  olmaya  qəlbini  ovutmağa
Baxasan  ilk  eşqinə-ömürlük  gözdağına.
Yuxusuz  gecələri  yorğun  gözlərin  yora
Kipriyinin  ucunda  közərə  məhəbbətin.
Ortaq  çıxan  olmaya  şərikli  günahlara
Görəsən  çətin  imiş  qəmi  tək  udmaq, çətin.
Bir  adam da  olmaya  bölə  yarı  həsrəti
Görəsən  dözümlüyəm  alovlanıb  yanmıram.
Deyəsən  heç  yadımdan  çıxmayacaqsan  qəti
Deyəsən  mən  doğurdan  səni  unudammıram.
...

Bir gün mən də
düşüb zaman atından
çıxıb gedəcəm
həyatıma toxunan
hər kəsin həyatından ...
Gedəcəm,
bir adım qalacaq,
iki tarix bir daş bəlgədə
Onun da kimsə fərqinə
varmayacaq bəlkə də...
Anamın bətnində uyurmuş kimi
sarılıb tapacam torpağa
Əriyib-əriyib bir damcı su kimi
hopacam torpağa..
Off...Nə gözəl!
Qışda isti, yayda sərin
Limitdən qorxusu yoxdu
Vallah, bura gələnlərin
qayıtmaq arzusu yoxdu...
...

Ədalət Qarabuluda
Bəs şair kim?
Qərib bir ruh,
Bu dünyada
Həm var, həm yox...
İlahi səs
pıçıldayır qulağına
Fısır-fısır...
O da könül varağına
Yazır,yazır...
Sevgiləri dəniz kimi
dalğa-dalğa,
nifrəti bir qaşıq olur.
Aşiq olan şair olmur,
şair olan aşiq olur.

...

Ədalət  Qarabuludu oxuyarkən...
Cismin kirlənmiş paltardı
Bu paltar ruhuna dardı
Torpaq yuyub durulardı
soyun torpağa , torpağa.

Sağın, solun günah dolu
Oğulsan özünü qoru
Hamı düşür üzüquylu
Sayın torpağa, torpağa.

Allah yusun günahımı
Yosun-yosun günahımı
Mən suçsuzum, günahını
qoyun torpağa,torpağa.

...

Bilməm kim günahkar, bilməm kim haqlı...
Ömür boğazıma tıxanmış tikə...
Bu gün Allah kimi oğul-uşaqlı
Bu gün Allah kimi yalnızam, təkəm...

...

Üzü bərkdi bu dünyanın
Dözüb dərdlərə yaşadı.
Çoxumuzdan əlin üzüb
Üzü mərdlərə yaşadı.

Qoynu köhnə dəyirmandı
Min kəz odumuza yandı
Hərə bir cürə aldandı
Hərə bir cürə yaşadı.

Dünya liman , ömür gəmi
Dönərsən gəldiyin kimi
Hərə tapıb sahilini
Bir yol, bir kərə yaşadı.

Haqq zənciri qolumuzda
Bəllidi son yolumuz da
Deməyələr sonumuzda
Heyif , boş yerə yaşadı.

Xatırladım

Səni gördüm, görəli
sevdim, nə danım indi?
Gül açdı sən gələli
sevgim, nə danım indi?
Gizlicə sevdim səni
Gizlicə əzizlədim.
Adın gəlcək ürəyim  
Titrədi, nə gizlədim.
Könlüm uydu sevginə
Başım  uymadı nəsə...
Ağlım bu duyğuları
Yaxın qoymadı nəsə.
Çoxları  külək kimi
əsdi keçdi ömrümnən.
Kimi küsdürdü , kimi
küsdü keçdi ömrümdən.
Qayğılara uyduğum,
Həyatımnan doyduğum
Günlər keçdi başımnan.
bir ürəyim olduğu ,
könlümdə kim olduğu ,
yanımnda kim olduğu
çıxdı da yaddaşımnan .
Amma  heç unutmadım
Andım , düşündüm səni.
Yaşanmamış günlərə
Yandım , düşündüm səni.
Umudsuz günlərimdə
Sən bir umud yelkəni...
Tufanların qoynuna
Atdın, unutdun məni ?!
Bilmirəm, indi səni
Mən nədən xatırladım?
Unutmadım da deyəm
Təzədən  xatırladım...

Bu könül...

İncidə-incidə başımı qatır,
Qoymur pisliklərə batam bu könül.
Nə özü kiriyir, uyuyur, yatır,
Nə də məni qoymur yatam bu könül.

Canımdan cəzana gətirir məni
Salır labırıntə, itirir məni
Elə sevə-sevə bitirir məni
Yorulmur, usanmır, atam, bu könül.

Gecələr ruhumun sınaq yeridi
Tərpətmə , qatbaqat yanıq yeridi
Sənin xatirənin qonaq yeridi
Mənim bir ömürlük xatam bu könül.

Bəlkə də bitəcək bu üzüntülər
Ruhumu qəfəsdən burax, açılsın.
Niyə dözməliyəm səhərə qədər
Qaranlıq dağılsın, sabah açılsın.

Sabahın ömrümə nə müjdəsi var?
Dünəndən nə fərqi olacaq yəni?!...
Yolumun üstündə aşılmsaz hasar
Ehtiyac-Çin səddi gözləyir məni.

Bir ömür dartışdıq, ehtiyac və mən
Heç nəyə yetişib çata bilmədim.
Nə bir kimsəm oldu tutsun əlimdən
Nə özüm bir əldən tuta bilmədim.

Bir yol tanımadım düzdən savayı
Çoxuna düzüm də əyri göründü.
Vəfalı dostlarım, sizdən savayı
Hamıya kölgəm də qeyri göründü.

Bu mənim ömrümdü, qıydım canına
Ağını tükətdim, qarası budu.
Götürüb gedəcəm haqq divanına
Götürüb gedəcəm, çarəsi budu.

Dursun Musayeva.

BİA.az

скачать dle 12.1