"MƏN SƏNİ SEVİRƏM" deməyə utanan adam… - Ədalət QARABULUD
"MƏN SƏNİ SEVİRƏM" deməyə utanan adam…
Nəfəs çəkir külək
– nəfəs deyil, xatirə tozu,
qədim duaların unudulmuş əks-sədası,
divarların dodaqlarından süzülür çat-çat.
bir zamanlar “amin” deyilmiş yerdə
indi tək sükut yaşayır –
qulaq ver,
sənə danışır.
bütün tanrılar yorulub
ya da bəlkə gizləniblər bir uşaq baxışında –
təmiz, amma cavabsız.
ruhlar artıq səmada deyil,
onlar yerin dərinliyində
ölü köklər kimi dolaşır damarlarımızda.
müqəddəs hekayələr
kitabların arasında qalıb nəfəs ala bilmir,
hər bir insan indi
öz içində bir peyğəmbər
və ya bir saxtakardır.
bəlkə də qurtuluş,
bir adı olmayan səssizlikdədir –
nə sualda, nə cavabda,
nə də yuxarı baxışda.
bəlkə də Yer
təkrar doğulmaq istəmir,
sadəcə ölməyi arzulayır,
amma ləyaqətlə.
çünki hər axşam
bir körpə ölür içimizdə –
adı: “ümid”,
soyadı: “bəlkə”.
və biz…
biz hələ də
dua ilə deyil,
qorxu ilə pıçıldayırıq tanrının adını.
çünki o ad da
çoxdan mənasını itirib,
bir nömrəyə çevrilib göydə –
zəng çatmır…
və bir gün
küçənin ortasında dayanır ürək –
heç bir müjdə gözləmədən,
heç bir dua eşidilmədən.
göy baxır, baxır, amma toxunmur,
çünki o da bilir –
bu, təkcə ölüm deyil.
bu – sözün dayanmasıdır.nə tabut daşıyır onu,
nə də mərmər yazılar –
sözlər daşıyır,
sətirlər uzanır səssizcə arxasınca.
ölümün özü də heyrətdir,
bu qədər diri bir adamın
birdən…
sükuta qərq olmasına.
ayaqları altında asfalt
poeziyanın son səhifəsi kimi susur,
heç bir sətir davam etmir.
amma biz bilirik –
Kəramət heç vaxt nöqtə qoymurdu,
yalnız nöqtələr…
və aralıq.
bəlkə də bu şəhər
daha bir şairi qaldıra bilmədi çiyinlərində.
bəlkə də sözlər
çox ağır gəldi bir adama –
bütün dillərin əzabını
tək başına danışmağa çalışan birinə.
indi bir küçədə
bir nəfəs kəsilib –
amma havada hələ də
o tanış səs var:
“o qədər yıpranıb ki,
‘MƏN SƏNİ SEVİRƏM’ deməyə utanır adam…”
biz indi utanmırıq, Kəramət,
səni sevirik –
çünki sən danışa bildin
biz susanda.
çünki sən ağrıya bənzərdın –
amma şəfa kimi keçdin içimizdən.
bəlkə də sən
göyə getmədin,
yerin özünə döndün –
cilayi-vətənə,
qanadı yoluq bir quşa,
əliuzalı bir arzuya çevrildin.
və indi
şeirlərin göy üzüdü –
biz səni oxuyuruq,
baxırıq...
dualar deyil,
sətirlər deyirik ardınca...
Ağı – Kəramət üçün
(Kəramətin qəfil yoxluğuna yazılmış poetik ağı)
Dünən axşam danışırdıq sənin barəndə,
Dərviş Vəliylə,
iki şair, iki qardaş –
bir üçüncünün izində,
içirdik sənin sağlığına,
bəlkə də... ölümünə bilmədən.
dedik: görüşəcəyik,
salamlayacağıq bir-birimizi sözlə,
sənin kimi adamla əllə yox,
gözlə görüşərlər…
çünki sənin baxışında
bir ömrün həqiqəti dayanırdı.
biz danışanda,
sən susurdun –
artıq son dəfə.
evə çatanda
xəbəri açdı monitor –
qapı döyülmədi, zəng çalmadı,
bir kliklə sındı
içimdəki güzgü.
sən getmişdin,
çox sakit,
çox şair kimi.
yata bilmədim…
sanki yer yox idi uzanmağa –
dünya dar gəldi o gecə,
çünki bir nəfər
bütün genişliyi ilə yox olmuşdu.
necə inanım?
bu qədər diri bir insanın
bu qədər ölü bir xəbərə çevrilməsinə?
sənin yoxluğun
bir qəhər kimi dolur pəncərələrdən,
bir sətir kimi ilişir boğaza.
nə başlamaq olur, nə bitirmək...
ey Kəramət,
sənin ölümün
bir insanın yoxluğu deyil,
bir sözün itkisidir –
o söz ki,
heç bir dilin gücü çatmaz deməyə,
o söz ki,
ancaq sən deyə bilərdin…
indi səssizlik səni səsləyir,
sətirlər səni axtarır –
qələmlər utanır yazmağa,
çünki sən olmayanda
nə yazılırsa – yarımçıqdır.
Kəramət, sən getdin,
amma biz qaldıq –
yaslı, yarsız,
susqun, sözsüz,
amma səni daşıyan…
və bir gün –
biz də gedəcəyik,
amma bu dünya
“Mən səni sevirəm” deməyə
utanan adamlar üçün
daha da susqun olacaq.
və bəlkə…
bir yeni doğulan
bir köhnə şeirini əzbər deyəcək,
və onda anlayacaqlar –
sən heç vaxt getməmisən,
sadəcə bir misraya çevrilmisən.
Ədalət QARABULUD.




