Bia.Az

AFYORİZMLƏR... ATMACALAR... TAPMACALAR... - OKTAY ŞAMİL

Ədəbiyyat
 3-04-2025, 00:48     1 551

XIX yüzilin 3 dahi ədəbiyyat-mədəniyyət xadimlərindən biri, həmçinin “Allaha rüşvət”, “Köpəyə ehsan” adlı satira-sarkazmların müəllifi, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, Aşıq Mirzə Bilal kimi işıqlı yaradıcıların müəllimi Hacı Seyid Əzim Şirvani öz yırtıq-sökük cibinin məvacibi hesabına Tiflisə gedib qubernatordan Şamaxıda yeni tipli dünyəvi məktəbin icazəsini alıb. Bu işin misli-bərabəri yoxdu...

***

Bundan daha fazla qeyrətli işi bəlkə məşhur araşdırıcı-alimimiz Salman Mümtaz görüb. O da öz cibinin məvacibi hesabına diyar-diyar düşüb xalqa məlum və naməlum sənətçilərimizin əlyazmalarını toplayıb üzə çıxarıb, araşdırıb, haqqında dəyərli fikirlər söyləyib, millətin istifadəsinə verib. Mən Abbas Səhhətin ilk roman müəllifi olduğunu da onun yazılarından öyrənmişəm. Min təəssüf, bir çox qiymətli əlyazmaları kimi o roman da inqilab qarma-qarışıqlığında itib-batıb.
Salman Mümtazın özü isə “millətçi” damğası ilə 1937 tuthatutunda həbsə atılıb. Uzun sürən amansız işgəncələrdən sonra uzaq ellərdə qətlə yetirilib. Məhəmməd Hadi kimi onun da acı taleyinə söz tapa bilmirəm.
Bundan daha dəhşətlisi bəlkə xəyalınıza da gəlməz. Salman Mümtaz sonradan bəraət alıb. O zamankı Əlyazmalar Fondu (indiki Əlyazmalar İnstitutu!) halallıqla mərhumun adını daşıyıb. Fəqət hərəkatçıların 15 aylıq hakimiyyəti zamanında müsibətli fədainin adı yüzdə yüz layiq olduğu Əlyazmalar Fondundan silinib. Nə var, nə var, “Musavatçı”ları haçansa tənqid edib.

***

XX yüzilliyin yenilikçi-milli şairi Rəsul Rza Litvalı E.Mejalaytis kimi Sovet dönəmindəki şəxsi nüfüuzundan istifadə edib ilk milli Ensiklopediyamızı təşkil etdirdi. O Ensiklopediya indi də “Rəsul Rza Ensiklopediyası” adlanır. Rəsul müəllim böyük ziyalı, MK katibi Cəfər Cəfərovun dəstəyi ilə həmçinin “Ulduz” jurnalını açdırıb, “Qobustan” incəsənət toplusunu təsis etdirib. Xalqına, millətinə, dövlətinə xidmət göstərən ziyalılar bax, belə olur...
Yeri gəlmişkən şahidi olduğum bir əhvalatı bu məqamda qeyd etmək istəyirəm. Rəsul müəllimin şoferi (Adı gərək ki, Fikrət idi!) ustadın Göyçaydakı bağından Ensiklopediyadakı redaksiyalara (redaksiyalar bəlkə 14, bəlkə 15, bəlkə 16 redaksiya idi) hər il gətirib 1 səbət Göyçay heyvası, 1 səbət Göyçay narı paylayırdı.
Bu tək faktın özü deyir böyük sənətçimiz kim olub, hansı amallarla yaşayıb, hansı xarakterin yiyəsi imiş...  

***

Bu gün Azərbaycanda (Azərbaycan Respublikasında) hamı demək olar söz fırladır. “A”-dan “Z”-yə qədər hər kəs özünü “büt” bilir, öyür, sinəsinə döyür, özgəsini söyür. Çətinlikdə yaşayan insanlar hamılıqla bir-birindən qoparıb aparmağa çalışır. Hamı cəsus, oğru, işverən axtarır. Hamını da özgə həyatı maraqlandırır.
XIX yüzilin məşhur şairi Qasım bəy Zakir bu misraları elə bil dünən yazıb:
Fisq-fücur həddən aşıb Şişədə,
Erkəyi-dişisi yaman peşədə.
Mənəm qalan həmin bu əndişədə,
Zəmanə dönübdü, qovğaya bir bax!..
...Sürahi solunda, badə sağında,
Məzə qabağında, mey dodağında.
Çeşmə kənarında, çay qırağında,
Əmmameyi-seyid, mollaya bir bax!..
Mənim qənaətimsə belədir:
Arvadlar indi
kişi səsiylə danışır
Kişilər dönüb
arvad səsiylə danışır.
Deyəsən dünyanın
əriş-arğacları qarışıb...

***

Gəlirəm bir az bu tərəfə... Səməd Vurğuna, Rəsul Rzaya, məsələn də Mirzə İbrahimova – Vətəni, eli, milləti canından artıq bilən o yazıçılara “yaltaq” damğası vurmaq yalnız özündən müştəbeh diletantların işi ola bilər. Müdrik Rəsul Rza deyirdi, “Baş nə çəkdi dildən soruş!”. Dahi Üzeyir bəy də bilirdi dilini gərək dinc saxlayasan başın bəlalar çəkməsin. “Hacıbəyli” familini hətta “Hacıbəyov” etmişdi dəlinin yadına daş salmasın. Yaşı 90-ı haqlayan Əlisa Nicat bəy Vətənlə həqiqi nəfəs alan yazıçıdırsa, qoy 90-cı illərin müsibətini yazsın. Kapital cəmiyyətinin iç üzünü açsın. Keçmişi durbinlə seyr edib reallıqdan uzaq nəticələr çıxarmasın. “Ay mənim 50 cilddə, 100 cilddə əsərlərim var!”. “Filosof-yazıçıyam!”. “Zəmanəni qamçılayan sənət bahadırıyam!” və s. epitetlərə uyanlar onu ekranlara çıxaran aşağı səviyyəli müxbir-müğbecə-aparıcılardı. Ədəbi yaradıcılıqdan xəbəri olmayanlardı.
Mərhum filosof, fəlsəfə elmləri namizədi Beytulla Bağırov deyirdi Əlisanı mən yönəltdim fəlsəfəyə, qədim yunan ədəbiyyatına. Yoxsa o, “səfsəfə” şeirlər yazır, Lerikin beçə balından savayı heç nəyi tanımırdı...
İlk növbədə onu deyim, Əlisa bəyin yazıçı dili çox yerdə bədiilikdən uzaq, sadə jurnalist dilidir. Stili jurnalist stili, təhkiyələri jurnalist təhkiyəsi... Bu dili zərif yazıçı dili adlandırmaq mümkün deyil.
İkincisi, qədim yunan filosoflarından və eləcə də Anatol Fransdan əxz etdiyi ideya və formalar (“Allahların savaşı”, “Ruhların dialoqu”, “Xəyali söhbətlər” və s.) ilk baxışda sanki “təbdil” edilib, Azərbaycan türkcəsində verilib.
Heç şübhəsiz, Əlisa güclü mütaliə adamıdı. Amma aludə olduğu səhnələri çox yerdə özləşdirib-özününküləşdirə bilməyib, Xəyali söhbətləri eyni struktura söykənən xəyali söhbətlərdi. Dialoqları eyni dialoqlar, təhlil və təhkiyələri eyni təhkiyələr... Üzeyir bəylə Qara Qarayevin səhnəsi, N.Nərimanovla M.C.Bağırovun söhbəti 86-90-cı illərdəki naşı “Hərəkatçı”ların düşüncə tərzindən irəli gələn söhbətlərdi. Görünür, 90-cı illərin dəbdə olan “demokrasi sürəci” Əlisa bəyin başını gicəlləndirib, tarixi şəraiti düzgün qiymətləndirə bilməyib...
AYB-yə böhtanlar yağdırmaqla təsəlli tapan filosof-yazıçı həmçinin onu-bunu günahlandırmaqla məşğuldu. Bəlkə o özü də bilir, orda-burda şüvən salmaq yazıçı işi deyil.
Keçmişdəki yazıçı-şairlər əksəriyyətlə elə Əlisa Nicat taleyini yaşayıb. Doğrudu, onların “işıqpulu”, “qazpulu”, “supulu”, “pensiya” problemi olmayıb. Acıqlanıb şikayətlənəndə də “Şikayətnamə” yazıb, “Danabaş kəndinin əhvalatları”nı yazıb, “Millət necə tarac olur olur olsun” deyib. Təklənib tək qalanda isə şər-böhtan atıb iftira yağdırmayıblar.  
Yazıçı-filosofun dediklərinə inansaq, Üzeyir bəyimiz var deyə Qara Qarayevlər, Fikrət Əmirovlar, Tofiq Quliyevlər olmamalıdı?! Bu necə məntiqdi, başa düşə bilmirəm. Əlisa bəydəki bu düşüncə kütlə düşüncəsi deyil, bə nədi?
Nə olsun Nitşeni, Feyrbaxı oxumusan, möhtərəm yazıçı, çıxardığın nəticə bə nədir? 2x2 = 18! Elə bu məqamdan da aydın olur ömrün boyu ilğımlarla yaşamısan. 80-90-cı illərə qədər qazana bilmədiklərini 90 yaşlarında qazanmaq istəyirsən.
Hamının səhvi, büdrəmələri olub və olacaq da. Amma sənin büdrəmə səhvlərini bağışlamaq olmur, Əlisa bəy. Sən gerçək həqiqətləri öz şəxsi illüziya-xülyalarına dəyişirsən. Qara Qarayev hardasa elə sonrakı dönəmlərin Üzeyir bəyidir. Onun musiqimizə gətirdiyi yeniliklər neçə-neçə nəsillər yetirib. Dünya musiqi xəzinəsindəki əsərlərinin hər biri orijinal sənət nümunələridir.
Qaldı nəhənglər nəhəngi Xaqani və Nizamiyə daş atmaların... Yəqin Nizami və Xaqanini də özün kimi bilirsən, mən ayrı söz tapa bilmirəm. Burda qəribə heç nə yoxdu.
Möhtəşəm səsli, şirin ləfzli, sözləri apaydın dilə gətirib dinləyiciyə çatdıran ustad aşıq Şakir vardı, Şakir Hacıyev! O deyirdi, qananın da qadasın alım, qanmayanın da... Dad yarımçıq əlindən!
60 illik qələm dostumuzun nədə və necə nicat tapdığını hələlik bilməsək də, onun yararlanmaq istədiyi yarımiftira yazılarını, çıxışlarını görüb eşidəndə həqiqətən acıyırıq...
25.02.2025


BİA.az
скачать dle 12.1