Bia.Az

“Bilmədən ürək də dəyir xətrimə...”

Ədəbiyyat
 25-09-2024, 01:22     1 212

“Bilmədən ürək də dəyir xətrimə...”

İstedadlı şair Mərziyyə Sarvan şeirinə qısa təhlil


Tez-tez müasir poeziyamızda bir sıra ənənvi cəhdlərə rast gəlirik; onlardan biri də qadın yazarların şeiri tam təfərrüatla təqdir etməsidir. Əlbəttə, bu, çox yaxşı haldır, ancaq bu ənənə müasir şeirin ruhuna toxuna bilirsə, onun geniş mənada təqdiri alqışa layiqdir. Düşünürəm ki, xeyli vaxtdır  sosial şəbəkələrdə şeirlərini oxuduğum, “Ağsu yazarları” Ədəbi Birliyinin  məclislərində şeirlərinin dinlədiyim və vaxtaşırı təhlil etdiyim, digərlərinə nümunə gətirdiyim Mərziyyə Sarvan da poetik cəhdləri ilə müasir şeirin ruhuna toxunmağı bacaran şairlərimizdəndir. Onun yaradıcılığını təşkil edən nümunələrin mövzusu fərqlidir; o, gah çılğın hislər ifadə edir, gah köksündə məyusluq duyulan məqamlara toxunur, gah sevinc hisləri ilə aşıb-daşır, gah da çox ciddi ədəbi münasibətlər sərgiləyir. Əlbəttə, şair üçün bu hal məqbul hesab olunur; çünki əvvəldən axıradək yalnız bir hissdə, bir ünvanda – belə deyim, bir mövzuda şeir yazsan, oxucunu yormuş olursan. Bu mənada, Mərziyyə Sarvan şeiri bütün etaplarda işə yarayır, bütün hallarda oxucunu təsirləndirir. Dediklərimi isbat etmək üçün istedadlı şairimizin şeirlərindən nümunələr gətirmək istəyirəm:

Deyirəm, ay dostlar, görməzdi gözüm,
Doğrunu görməyib çaş yaşayaydım.
Atmayıb özümü alova-közə,
Üzüyün üstündə qaş yaşayaydım.

Baxmazdım deyilən hər yersiz sözə,
Çalışıb soxardım özümü gözə,
Baxmayıb əyriyə, baxmayıb düzə,
Hamıdan yüksəkdə, baş yaşayaydım...

“Yaşayaydım” adlı bu şeirdə Mərziyyə Sarvan incik hislər ifadə edir. Nə üçün? Çünki illərlə həqiqət axtardı, bunu ona irad tutdular, doğru danışdı, güldülər, böyük-kiçik yeri bildi, heç yerdə ona yer vermədilər və s. Nəhayət, o da anladı ki, hazırda doğru adama heç yerdə məqam vermirlər, buna görə gərək həyatını yalanla, xoşagəlməz hislərlə süsləyəsən. Çünki həqiqətə xor baxanların əksəri həyat yolunu tapıb, baş sıralarda məqam sahibi olub.

Əlbəttə, mən Mərziyyə xanımın oxucularını da yalana bükmək sevdasını doğru saymıram, ancaq özüm də bu yalan həyatın sakiniyəm deyə Mərziyyə xanımı heç qınamıram da. Bu cür şeirlər təbii ki, insanda məyusluq yaradır. Bu da səbəbsiz deyil, oxucu müəllifin hansı üzdən bu qədər pərişan olduğunu başa düşəndə onu qınaq hədəfinə çevirmir.  

Bilmirəm nə üçün kövrək olmuşam,
Xəfif bir külək də dəyir xətrimə.
Özüm-özüm ilə hey dərdləşirəm,
Bilmədən ürək də dəyir xətrimə.

Mərziyə, buludtək niyə dolmusan?
Saralıb, çiçəktək nədən solmusan?
Kimdən görən belə incik olmusan?
Yalan da, gerçək də dəyir xətrimə.

Bu nümunələrdə də Mərziyyə xanımın incikliyinə zəmin yaradan hallar var və bütün bunlar həyatdan qaynaqlanır.  

Düşmənə sinə gərib, Vətən üçün döyüşən,
Bir tikə çörəyini dostlarıyla bölüşən,
Dəfələrlə ölümün gözlərinə dirəşən,
Yatağı səngər olan əsgər anasıyam mən.

Bayraq tutan atanın qaməti büküləndə,
Şəhid xatirəsinə ağaclar əkiləndə,
Döyüş yoldaşlarının adları çəkiləndə,
Gözləri yaşla dolan əsgər anasıyam mən.

“Əsgər anasıyam mən” şeirinin motivi göründüyü kimi, tamamilə fərqlidir. Burada şair qürur hissi keçirir, Vətən adı ilə öyünür, Vətənin sadiq əsgəri olan bir oğulun anası olduğu – daha doğrusu, cəsur bir əsgər anası olduğu üçün özünü bəxtəvər sanır. Bu şeirin hayqırtısı çoxlarına bir dəqiq hiss aşılayır – vətənpərvərlik. Bu şeirdə və Mərziyyə xanımın bu tərzdə şeirlərində düşmənin üstünə qətiyyətlə getmək cəsarəti var. O, bu şeirdə özünü bir vətəndaş, həm də müsəlləh bir əsgər hesab edir. Düşünürəm ki, Mərziyyə xanımın bu tip şeirlərindən dərsliklərdə istifadə etmək çox doğru addım hesab olunar.  

Zaman elə gətirər, yuxuların çin olar.
Dar cıgırlar, keçidlər işıqlaşar, gen olar.
Qaranlıqdan çıxarsan, can atarsan günəşə,
Yenə də rastlaşdığın dalan olar, tin olar.

Oxlayar ürəyindən inanıb güvəndiyin,
Səni yolundan edən şeytan olar, cin olar.
Göz yaşların tökülər ürəyinin közünə,
Sözlərin qəhərlənər, boğazda düyün olar.

Bacarmarsan özünlə, xəyalın əsir düşər,
Yorğun, bitgin qəlbinə ruhun da sürgün olar.
Atarsan hər bir şeyi Allahın ətəyinə,
Şahın da dilənçiyə işi düşən gün olar.

Bu şeiri həm qəzəl, həm də məsnəvi kimi qəbul etmək olar. Quruluşca qəzələ daha çox yaxındır, çünki birinci beytdə misralar qafiyələnir. 7+7 ölçüsündə yazılan “Olar” adlı bu şeirdə həqiqət əsas obrazdır. Şeiri ona görə tam şəkildə misal gətirdim ki, oxucu burada həqiqətin Baş Obraz olduğunu aşkar görsün. Bu şeirdə doğrunu təcəssüm etdirmək üçün istənilən beyti nümunə kimi vermək olar. Mən sadəcə, axırıncı beyti verməklə şeirin əsas mahiyyətini oxucuya anlatmaq istəyirəm:

...Atarsan hər bir şeyi Allahın ətəyinə,
Şahın da dilənçiyə işi düşən gün olar.

Doğrudan da şahın bir gün dilənçiyə işi düşür. Çünki bu, həyatın qanunudur, yer üzündə əbədi heç nə yoxdur, hadisələt tez-tez dəyişir, ucalan alçalır, alçalan ucalır və s. Mərziyyə xanım da bütün bunları doğru təxmin etdiyi üçün “Olar” adlı şeirində çox sərrast şəkildə ehtiva edə bilib.
Mən bugünkü həqiqətləri isbat etmək naminə Mərziyyə Sarvan şeirindən çox nümunə gətirə bilərdim, məqsədim isə iri həcmdə yazı yazıb oxucunu yormaq deyil. Buna görə bu kiçik yazı ilə kifayətləndim. Əslinə qalsa, Mərziyyə xanımın yaradıcılığı geniş təqdir və təhlil olunmalıdır. Çünki o, əsl şair, həqiqi qələm sahibidir.

Raqif Nazimoğlu,
Şair, Prezident mükafatçısı.

скачать dle 12.1