Guya mən də adam idim dünyada... - ANAR HƏBİBOĞLUNUN ŞEİRLƏRİ
Xanımların xanımı
Guya mən də adam idim dünyada,
Zarafata saçlarımı qarışdır.
Küçənizdə üzüqoylu yıxılan
Gözlərimin işığını danışdır.
Adam ölmür ölənlərlə, əzizim,
Ötüb keçir ölən kəsin qırxı da.
Boynumdakı kəndirlər də çürüdü,
Mən qorxağam, yaşayıram qorxudan.
Sevgi ki var- nə səmt bilir, nə tərəf,
Hardan baxsan yenə pakdı, təmizdi.
Aldat mənim əllərimi körpə tək,
Döşlərinin ağrısını əmizdir.
Mən Şeytanam, qollarımı açmışam,
Göy üzündən bir ağ Mələk yıxılsın...
Gözlərimdə azan durna, yaxana
Kipriklərim lələk-lələk yıxılsın.
Bu şeir də ömür deyil, inanma.
Üzüm bərkdi, alammazsan canımı.
Bəlkə mən də adam idim dünyada,
Bəs sən kimsən, Xanımların Xanımı?..
* * *
Sözləri unudulmuş şipşirin bir nəğməsən,
Adını çağıranda titrəyir, sınır səsim.
Hələ də gizlədirəm tənhalığımı səndən,
Gözlərinə baxmıram - ürəyim görünməsin…
Daha canım istəməz bir dəli eşq, bir heyrət
Qəlbinin qapısını astaca döysün onun.
Mənə baş ucalığı gətirmədi məhəbbət,
Əgər gətiribsə də, başına dəysin onun.
Gözlərimdə yağışım, kirpiyimdə küləyim,
Bizim ürəyimizdən savayı dünya yoxdur.
Bir gün ödəyəcəksən hesabını, ürəyim,
Şərabı, məhəbbəti havayı dünya yoxdur…
* * *
Gör necə toppuşdu sevdiyim kədər,
Yaxılma, ürəyim, yıxılma, dərdim.
Sevgimin sahili olsaydı əgər
Mən orda oturub araq içərdim…
Səni gözləyərdim gözlərimdə yaş,
Gözümdə eynəyim-"həsrət şüşəli".
Yıxılar kölgəmə Gün yavaş- yavaş,
Həyatda möcüzə olmur, deməli.
Sən mənim ürəyim,canım"şərbəşər",
Yəqin darıxarsan ruhsuz bədəndə.
Şairlər qanadsız mələklərdilər,
Geriyə dönmürlər uçub gedəndə…
* * *
Neynək, ömür belədir, axır, son qəmin olsun ,
Ayrılıqlar bürüyüb yenə də dörd tərəfi.
Bir gün bitəcək hər şey, götür qoy sənin olsun
Bu eşqin son gününə nöqtə qoymaq şərəfi…
Biz onsuz da itirib yenə tapırıq nəsə,
Yüz tapılan qaytarmaz bir itiyin tamını.
Özümüzü aldadıb sevirik birnəfəsə,
Özümüzü aldadıb aldadırıq hamını.
Sonra inandığımız yalan aldadır bizi,
Biz xatirəsi isti başdaşıyıq təzə-tər.
Gəl, dəniz sahilində basdıraq eşqimizi,
Bizə göz yaşı töksün uzun saçlı ləpələr...
ATAMIN XATIRƏSINƏ
Gözümdən ürəyim yıxıldı mənə,
Bir hüzn bürüdü o gün şəhəri.
Həbibim gedəndə son səfərinə
Qardaşım, itirdik Həbib Səfəri!..
Tale zərbəsini biz sərt qazandıq,
Çıxdı əlimizdən bir "qızıl", bir "dürr"...
Bir kədər qazandıq, bir dərd qazandıq,
Bir "sevinc" itirdik dalğa gülüşlü.
Taleyin, qismətin ürəyi daşdı,
Boş şeymiş arzumuz, inadlarımız.
Quyumuz qurudu, qayamız aşdı,
Lələk-lələk yandı qanadlarımız.
Qırılan qəlbimi yığıb-yığışdır,
Tüpür cəhənnəmə, süpür cənnətə.
Allahım, başımı yenə qarışdır,
Ancaq bir ad da qoy bu xəyanətə...
* * *
Baxma, ahıl yaşımda tumurcuqlayıb ürək ,
Bütöv bənövşəlikdir bu sonuncu aşırım.
Qış öz ağ yorğanını yığışdırıb gedəcək,
Mən yaşılı sevirəm, baş əydiyim yaşılı.
Quşların nəğməsi də, çiçəklərin ətri də,
İnamım, əqidəm də bürünübdür yaşıla...
İslamın sevgisidir, elə ondan ötrü də,
Bu yaşıl məhəbbətin işığından daşıram.
Xısın-xısın güləndə üzü Günəşə otlar
Bu saf eşqin önündə sınır, kövrəlir adam.
Mənim yaşıl sevdamın müqəddəs bir adı var;
"Allah, Məhəmməd, Əli, on iki imam, İslam!
* * *
Xəritədə göstərmə uzaq Zelandiyanı,
Onu yaxınlaşdırar bir güclü istək, həvəs.
Ən uzun yol beşikdən qəbrə kimidir, canım,
Gedib-qayıdammayıb bu yolu hələ heç kəs.
Min yerə bölünən gen,şaxələnən bir bədən...
Daha qardaş qardaşı özünə arxa bilmir.
Tutub dağ-daşımızı erməni-yağı düşmən,
Füzuli dərd əlindən dağa da qalxa bilmir...
Kim açıb Vətən boyda bu alveri,bazarı,
Bizə mahnı oxumaq axı yaraşmır bu gün.
Gəlin onda oxuyaq inqilab mahnıları-
"Ana Vətən çağırır","Hər şey qələbə üçün"!
* * *
Heç kəsin böyüməyə haqqı yoxdur, heç kəsin,
Hamının başı üstə "tavanı"var, qardaşım.
Bu bir can borcudur ki, gərək heç almayaydıq,
Bu bir sevgi işidir, vurulubdur yaddaşım.
Necə ki kənd böyüyüb şəhərdən keçməyəcək,
Necə ki mən atamdan balacayam həmişə.
Necə varsan elə qal, atılıb-düşmə, ürək,
Boyundan uca olmaq-tüpürməkdir Günəşə...
Sabahın xeyir, dünya, hər vaxtın xeyir, Tanrım,
Lənət olsun şeytana, gecəni yatmamışam.
Özümü axtarıram evin künc-bucağında,
Bəlkə heç evdən çıxıb evə qayıtmamışam...
Boyu 178, gözləri...bədbəxt kordu,
Əynində son ümiddən tikilmlş köynək - sarı.
Yalvarıram, bəxtimi kim küçələrdə gördü,
Onu yetim evinə, ocağına qaytarın...
* * *
İstəklər həmişə dəymir hədəfə,
...Kövrəlir uçduğun göy qanad-qanad.
Ürək ki şeirdən bezdi bir dəfə,
Yumub gözlərini dilini kəs at...
Nə yaxşı...bədbəxtəm, nə yaxşı varam,
Düşüb min arzuya düyün gözlərim.
Bağışla suçumu ucalıqlara
Məni xoşbəxt etsin göyün gözləri.
Tanrım, sənin kimi darıxıram mən,
Adam ola bilmir vaxtında heç kəs.
Nə olar, düş mənim günümə bax Sən...
Qaçıb oturmaz ki taxtında heç kəs.
* * *
Batıb boğazında sevginin səsi ,
Vətən, əslilərin kərəmi yoxdu.
Sən eşqdən yıxıldın, ey yer kürəsi,
Bir "Şah" var, onun da hərəmi yoxdu.
Ötür ayrılığa, məni bağışla,
Ötən xatirədə dərd olub batım.
Dolmuşam sevgiylə, göz yaşlarıyla,
Məni araq qoymur qərq olub batım.
Qapqara qaralıb baxtın əlləri,
Salır saçlarıma izini ağ-ağ.
Bilsəydin, nə qədər əzabdı, Pəri,
Səninlə bir yerdə...sənçün darıxmaq...
* * *
Mən gecəni yatmışam üzü xeyirə bu gün,
Salam, Günəş, sənin də sabahın xeyir olsun.
Darıxmışam baharın şirin nəğməsi üçün,
Hər misram bir alışan, parlayan şeir olsun.
Bu Novruz papağımı atacağam səmaya
Səadətlə doldurub qaytar mənə, İlahi.
Mən səni and verirəm bu Günəşə, bu Aya,
Nə göndərsən darıxma, çatar mənə, İlahi.
Mən Şahinəm, göyərçin tutmağa öyrəncəli,
Mən sənin unutduğun qanadam, sınmış qanad.
Heç bilmirəm deməyə ürəyim necə gəlir,
Həbiboğluyam, Tanrım, tanış gəlmirmi bu ad...
Demək, unudulanlar sırasında adım var,
Axı sən unutmursan sevdiyin bəndələri...
Yerdə Anar adında "kütə"gedən adam var,
Nə olar təzədən yap bu yanıq kündələri...
* * *
Heç kəs bizdən sonra gəlmir həyata,
Gələcək nədir ki, -"keçməmiş keçmiş".
Tanrı nağıl deyir bu kainata,
Əgər biri varsa, biri yox imiş.
Nəfəsə bənd edir ürəyimizi,
Bir adəm, bir insan olmaqdan ötrü.
Bir ömür beşikdə tərpədir bizi
Əbədi yuxuya dalmaqdan ötrü.
...Çətin görüşünə bir daha gəlim,
Həmişə ağırdı ayrılıq, vida.
Sən çox şirin idin, şirin, gözəlim,
Səni ölməyəsən Dünya, əlvida...
GƏLƏCƏK GÜN
Mən qorxurdum, sevdiyim,
Bircə anlıq alışıb sönənə oxşayasan...
Gələcək gün, mən səni
Yaşamağa qorxuram,
Qorxuram elə sən də dünənə oxşayasan.
Xatirə qatarından sən düşüb qayıdasan,
Acı xatirələrin səfası olmur axı.
İstəyirəm saçına dən düşüb qayıdasan,
Qara, şəvə saçların vəfası olmur axı.
Cavanlığa gərəkdir qocalığın eynəyi,
Görsün yollarındakı yaxşını da, pisi də.
Bu xatirə dumanı bir hovur tüstü olub
Bəlkə kor eyləməzdi indi ikimizi də.
Dönsən üzündə qırış, dönsən saçlarında dən...
Dönmə, axı qorxuram aldanmağa təzədən...
Qorxuram ağ saçların adicə işıq olsun,
Sən yenə də alışıb sönənə oxşayasan.
Gələcək gün, mən səni yaşamağa qorxuram,
Qorxuram elə sən də dünənə oxşayasan...
BIR DƏNƏM
Stolun üstündə sopsoyuq araq,
Gözümün içinə sancılır yuxum...
Ömrümün şəklini çəkdim divara,
Evimi doldurdu sənin yoxluğun.
Çöldə yağış yağır, hönkürür gecə,
Xəyal çox uzağa göndərib səni.
Yağışlı gecəyə, soyuq divara,
Ömrümün şəklinə döndərib səni...
Hələ də gedirsən, bitməz ki bu yol...
Gözümdə göz yaşı bitər bir dənəm.
Mənə soyuq araq, soyuq divarlar
Ayrılıq nəğməsi ötər, bir dənəm.
BIR PAYIZ NƏĞMƏSI
Mən anladım nə imiş bu yağışın davası,
Gəlib son kədərimi yarı bölüb getməyə.
Lənkəranda şairi təkləyir yaz havası,
Adam qorxur bu gözəl gündə ölüb getməyə...
Saçılır puçur-puçur çiçəklərin nəfəsi,
Çiçək üstə kəpənək ümidim kimi zərif.
Sağ olsun yenə mənə sevgi, vüsal əvəzi
Bir az konfet, mampası, bir az ümid göndərib...
Yüz yerdən sınan ürək indi parça-parçadı,
Hər sınan parçası da tənhadı, təkdi bəlkə...
Məni öpən o qızın kiprikləri fırçadı,
Bir ötən məhəbbətin rəsmini çəkdi bəlkə...
Bəs niyə yaz gecəsi başladı ayrılıqlar,
Tənha, yalqız şairi haqlayan yaz yağışı?...
...Bu baharın bətnində bir payız havası var,
Bir payız nəğməsidir ağlayan yaz yağışı..




