QƏLƏMDƏN KƏLAMA UCALAN ABİDƏ - Oçerk
Və Ya QARA KURSİVLƏ YAZILAN İŞIQ...
Bəzən elə insanlar olur ki, onların həyatını bir peşənin, bir vəzifənin, bir titulu adı ilə ifadə etmək mümkün olmur. Onlar yaşadıqları mühitdən böyük, tutduqları vəzifədən uca, yazdıqları məqalələrdən daha geniş məna daşıyırlar. Belə adamlar öz ömürləri ilə bir məktəb yaradır, bir dövrün mənəvi xəritəsinə çevrilirlər.
Fəaliyyət Qurbanov da məhz belə insanlardan idi.
Onun haqqında düşünəndə ilk növbədə hansısa qəzetin baş redaktoru, hansısa nəşrin təsisçisi, yaxud tanınmış satirik publisist obrazı göz önünə gəlmir. Əvvəlcə insan gəlir göz önünə. Sonra dost. Sonra müəllim. Sonra qələm sahibi. Daha sonra isə bütün bunları özündə birləşdirən bütöv bir şəxsiyyət.
Elə şəxsiyyət ki, onu tanıyan da dost hesab edirdi, tanımayan da.
Bu gün Fəaliyyət Qurbanov haqqında danışmaq həm asandır, həm də çətin.
Asandır ona görə ki, onun ömür yolu zəngin hadisələrlə, zəhmətlə, yaradıcılıq uğurları ilə doludur.
Çətindir ona görə ki, belə insanların həyatını bir neçə səhifəyə sığdırmaq mümkün deyil.
Çünki bəzi adamlar ömür yaşamırlar.
Bir dövr yaşayırlar.
Bir məktəb yaşayırlar.
Bir ənənə yaşayırlar.
Bir xalqın mənəvi yaddaşında yer tuturlar.
Mən Fəaliyyəti çox illər əvvəl tanımışdım. Hələ sovet dövrünün son illərində... 1980-ci illərin ortalarında. O zamanlar Ağsuda nəşr olunan "Birlik" qəzetinin redaksiyasında çalışırdım. Redaksiyanın qapısından tez-tez müxtəlif müəlliflər girib çıxırdı. Kimi şeir gətirirdi, kimi oçerk, kimi felyeton, kimi də kənd həyatından bəhs edən yazılar. Amma onların arasında bir nəfər fərqlənirdi.
Sakit danışığı ilə.
Təbii davranışı ilə.
Yorulmaq bilməyən yaradıcılıq enerjisi ilə.
Bu adam Fəaliyyət Qurbanov idi. O, redaksiyaya sadəcə yazı gətirmirdi.
Söz gətirirdi.
Fikir gətirirdi.
Enerji gətirirdi.
Ümid gətirirdi.
Hələ o vaxtlardan hiss olunurdu ki, bu insanın daxilində adi müəllifdən daha böyük potensial yaşayır. O, təkcə yazmaq istəmirdi. Mətbuatla yaşamaq istəyirdi. Mətbuatın özü olmaq istəyirdi.
1980-ci illərin sonu yaxınlaşdıqca ölkənin ictimai-siyasi həyatında böyük dəyişikliklər baş verməyə başladı. Azadlıq hərəkatı yüksəlirdi.
Meydanlar dolurdu.
Səslər çoxalırdı.
Sükut dağılırdı.
Bu mürəkkəb və tarixi dövrdə keçirilən ilk toplantıların, ilk müzakirələrin, ilk ictimai görüşlərin iştirakçıları arasında Fəaliyyət Qurbanov da vardı. O, həmin insanların sırasında idi ki, hadisələrə kənardan tamaşa etməyi sevmirdi. Mövqe nümayiş etdirirdi.
Düşünürdü.
Müzakirə edirdi.
Axtarırdı.
Vətəndaş məsuliyyəti daşıyırdı.
Çünki onun üçün jurnalistika heç vaxt sadəcə peşə olmayıb.
Vətəndaşlıq mövqeyi olub.
Millət qarşısında mənəvi məsuliyyət olub.
Sonra yollar ayrıldı. Həyat hər kəsi öz istiqamətinə apardı. Eşitdim ki, Bakıya köçüb. Mən rayonda qaldım. Arada görüşlər olurdu. Hal-əhval tuturduq. Sonra yenə ayrılırdıq.
Lakin həyatın qəribə bir qanunu var:
Əsl dostları zaman ayıra bilmir. Sadəcə görüşlərini gecikdirir.
2000-ci illərdə mən də Bakıya köçəndə yollarımız yenidən kəsişdi.
Bu dəfə daha sıx.
Daha yaxın.
Daha məhsuldar.
Və mən Fəaliyyət Qurbanovu artıq təkcə müəllif kimi deyil, redaktor kimi, təşkilatçı kimi, rəhbər kimi yaxından tanımağa başladım.
Həmin illərdə Azərbaycanın mətbuat məkanında öz dəst-xətti ilə seçilən qəzetlərdən biri "Biznes" qəzeti idi. Bu qəzetin baş redaktoru olan Loğman Rəşid ətrafına təsadüfi adamlar toplamırdı. Qələm adamı seçməyi bacarırdı.
İstedadı tanıyırdı.
Perspektivi görürdü.
Fəaliyyət Qurbanov da həmin kollektivin seçilən simalarından biri idi. "Biznes" qəzeti sonradan bir çox jurnalistlərin peşəkar taleyində mühüm rol oynadı. Azərbaycan jurnalistikasında tanınan çoxlu qələm sahibləri məhz həmin məktəbdən keçdilər. Bu mənada "Biznes" sadəcə qəzet deyildi.
Bir laboratoriya idi.
Bir yaradıcılıq akademiyası idi.
Bir məktəb idi.
Fəaliyyət isə həmin məktəbin ən istedadlı yetirmələrindən biri idi.
Lakin onun xarakterində həmişə müstəqillik arzusu yaşayırdı. O, başqasının yaratdığı sistemi inkişaf etdirməyi bacarsa da, öz ideyalarını reallaşdırmaq istəyirdi. Nəhayət, bu istəyini gerçəkləşdirdi. Əvvəlcə "Dialoq" qəzetini yaratdı. Sonra isə "Arı" qəzetini. Bu iki nəşr onun həyatında yeni mərhələnin başlanğıcı oldu.
Artıq o, təkcə jurnalist deyildi.
Təkcə redaktor da deyildi.
Məktəb yaradan redaktor idi.
O illərdə "Dialoq" qəzetinin nüfuzu kifayət qədər yüksək idi. Qəzet geniş oxucu auditoriyasına malik idi.
Oxunurdu.
Müzakirə olunurdu.
Gözlənilirdi.
Bunun əsas səbəbi isə sadə idi. Qəzet xalqın dilində danışırdı. Süni pafosdan uzaq idi. Oxucunun dərdinə toxunurdu. Problemləri qabardırdı. Mövqeyini gizlətmirdi. Və bütün bunların arxasında bir adam dayanırdı.
Fəaliyyət Qurbanov.
Amma mən onu ən çox "Arı" qəzetində tanıdım. Orada onun əsl redaktor siması bütün aydınlığı ilə görünürdü. "Arı" adi qəzet deyildi.
Bir xarakter idi.
Bir mövqe idi.
Bir məktəb idi.
Bir cəsarət nümunəsi idi.
Bu qəzet Azərbaycan satirik mətbuatının ən maraqlı nümunələrindən biri kimi tarixə düşdü. Onun səhifələrində təkcə gülüş yox idi.
Düşüncə vardı.
Etiraz vardı.
Mövqe vardı.
Vətəndaşlıq vardı.
Ədalət hissi vardı.
Satira isə bütün bunların ifadə vasitəsi idi.
...Mən "Arı" qəzetini izlədikcə bir həqiqəti daha dərindən anlayırdım: qəzeti qəzet edən təkcə onun adı, formatı, dizaynı və ya tirajı deyil. Qəzeti qəzet edən onun ruhudur. Ruh isə redaktordan başlayır. Bu mənada Fəaliyyət Qurbanov təkcə qəzet rəhbəri deyildi. O, qəzetin ruhunu yaradan adam idi.Bəzən redaktorlar olur ki, kollektivə rəhbərlik edir. Bəzən də elə redaktorlar olur ki, kollektiv yaradır. Bu iki anlayış arasında böyük fərq var. Birinci hazır kollektivə başçılıq edir, ikinci isə insanları bir amal ətrafında birləşdirərək məktəb yaradır. Fəaliyyət məhz ikinci qəbildən olan redaktorlardan idi. Onun ətrafında təsadüfi adam tapmaq çətin idi.
Bu gün mətbuat tariximizə nəzər salanda görürük ki, müəyyən dövrlərdə bəzi redaksiyalar sadəcə iş yeri olub. İnsanlar gəlib maaş alıb, yazısını yazıb gediblər. Amma bəzi redaksiyalar da olub ki, orada təkcə qəzet çıxmayıb, şəxsiyyət formalaşıb, qələm yetişib, dostluqlar yaranıb, məktəblər qurulub. "Arı" da məhz belə redaksiyalardan biri idi. Oraya daxil olan adam ilk növbədə iş otağına deyil, yaradıcı mühitə düşürdü.
Fəaliyyət insanları seçməyi bacarırdı. Bu, hər rəhbərə nəsib olan keyfiyyət deyil. İstedadı görmək başqa şeydir. İstedadı yetişdirmək isə tamam başqa. O, hər iki xüsusiyyətə malik idi.
Bəzən aylarla, bəzən illərlə bir adamı müşahidə edirdi. Yazılarını oxuyurdu. Davranışına fikir verirdi. Xarakterini öyrənirdi. Sonra qərar verirdi.
Çünki yaxşı bilirdi: Qəzetin uğuru yalnız güclü müəlliflərlə ölçülmür. Güclü xarakterlərlə də ölçülür.
Mətbuat tariximizdə çox istedadlı qələm sahibləri olub ki, kollektiv işində uğur qazana bilməyiblər. Çünki istedad həmişə kifayət etmir. İnsani keyfiyyət də lazımdır. Fəaliyyət buna xüsusi önəm verirdi. Onun məşhur ifadələrindən biri vardı:
- Tələsən təndirə düşər...
Bu söz sadəcə zarafat deyildi. Bu, onun idarəçilik fəlsəfəsi idi. O, hər şeyi zamanın süzgəcindən keçirməyi sevirdi.
İnsanları da...
Yazıları da...
Qərarları da...
Fəaliyyət Qurbanovun redaktor kimi ən mühüm cəhətlərindən biri də odur ki, o, heç vaxt öz əməkdaşlarının qarşısında sədd yaratmırdı. Əksinə, onların inkişaf etməsini istəyirdi. Bəzi rəhbərlər əməkdaşlarının yüksəlməsindən ehtiyat edirlər. Düşünürlər ki, sabah onları kölgədə qoya bilərlər. Fəaliyyət isə fərqli düşünürdü. O, yaxşı bilirdi ki, güclü kollektiv rəhbərin nüfuzunu azaltmır. Əksinə, artırır.
Məhz buna görə də onun ətrafında müxtəlif yazı üslubuna malik, fərqli xarakterli, müxtəlif mövzular üzrə ixtisaslaşmış müəlliflər toplaşmışdı.
Kimsə satirada güclü idi.
Kimsə reportajda.
Kimsə publisistikada.
Kimsə analitik yazılarda.
Amma hamısını birləşdirən bir cəhət vardı: Onlar öz redaktorlarına inanırdılar. Bu inam isə təsadüfdən yaranmırdı.
Ədalətdən yaranırdı.
Səmimiyyətdən yaranırdı.
Vicdandan yaranırdı.
Fəaliyyət Qurbanovun ən böyük üstünlüklərindən biri də insanlarla ünsiyyət qurmaq bacarığı idi. O, vəzifə adamı kimi davranmağı sevmirdi.
Onun yanında heç kim özünü kiçik hiss etmirdi. İstər tanınmış yazıçı olsun, istər təzə qələm sahibi, istər tələbə, istər fəhlə...
Hamı ilə eyni səmimiyyətlə danışırdı. Bəlkə də buna görə idi ki, onu tanıyan hər kəs özünü onun dostu hesab edirdi.Əslində dostluq da bir istedaddır.
Hər adam dost qazana bilmir.
Pul qazanmaq mümkündür.
Vəzifə qazanmaq mümkündür.
Şöhrət qazanmaq mümkündür.
Amma insanların sevgisini qazanmaq çox çətindir. Fəaliyyət bunu bacarmışdı. Çünki o, insanları vəzifəsinə görə qiymətləndirmirdi. Adamlığına görə qiymətləndirirdi. Onunla bağlı yaddaşımda qalan ən gözəl xüsusiyyətlərdən biri də təvazökarlığıdır. Böyük işlər görmüşdü. Onlarla jurnalistin yetişməsində rolu olmuşdu. Mətbuat tariximizdə öz izini qoymuşdu. Amma bunu özü haqqında danışmağı sevmirdi. Əksinə, başqalarının uğurlarına daha çox sevinirdi. Bir müəllifin yaxşı yazısı çıxanda sanki öz uğuru kimi sevinirdi. Bir gəncin ilk məqaləsi çap olunanda qürur hissi keçirirdi. Bu hiss onun daxilindən gəlirdi.
Süni deyildi.
Rol deyildi.
Xarakter idi.
"Arı" qəzetinin şöhrət qazandığı illər Azərbaycan mətbuatının həm maraqlı, həm də mürəkkəb dövrünə təsadüf edirdi.
Ölkə dəyişirdi.Cəmiyyət dəyişirdi.
Mətbuat dəyişirdi.
Yeni münasibətlər yaranırdı.
Yeni problemlər ortaya çıxırdı.
Belə bir zamanda satirik qəzet çıxarmaq xüsusi cəsarət tələb edirdi. Çünki satira hər zaman rahat janr olmayıb. Satira güzgüdür.
İnsanların görmək istəmədiyi həqiqətləri göstərən güzgü. Bəzən bu güzgüyə baxmaq xoş olmur. Bəzən isə həmin güzgünü sındırmaq istəyirlər.
"Arı" bu güzgünü qoruyub saxlayan qəzet idi. Bu qəzetdə tənqid də vardı. İroniya da vardı. İctimai mövqe də vardı. Ən başlıcası isə qorxmamaq vardı.
O dövrdə yüksək vəzifəli şəxslərlə açıq polemikaya girmək, ictimai problemləri satiranın dili ilə qabartmaq asan məsələ deyildi. Amma Fəaliyyət heç vaxt geri çəkilmədi. Çünki o, jurnalistikanı ictimai xidmət hesab edirdi.
O, müxtəlif qəzetlərdə çalışmışdı.
Müxtəlif redaksiyalar görmüşdü.
Müxtəlif redaktorlarla işləmişdi.
Hər birindən nəsə öyrənmişdi.
Bu mənada jurnalistika onun üçün böyük bir məktəb oldu.
Amma etiraf etməliyəm ki, redaktor faktoru baxımından Fəaliyyət Qurbanovun yeri xüsusi idi.
Çünki o, qəzeti sadəcə idarə etmirdi. Onunla yaşayırdı. Səhərdən axşama qədər qəzetlə nəfəs alırdı. Yeni mövzu axtarırdı. Yeni müəllif axtarırdı. Yeni ideya axtarırdı. Bunun üçün xüsusi göstəriş gözləmirdi. Bu, onun həyat tərzi idi.
İllər keçirdi. Texnologiyalar dəyişirdi. Kağız qəzetlərin dövrü tədricən arxada qalırdı. Bir çox nəşrlər fəaliyyətini dayandırırdı. Bəziləri isə internetə köçürdü. Fəaliyyət də zamanın tələblərini düzgün qiymətləndirən insanlardan idi. O, başa düşürdü ki, informasiya məkanı dəyişir.
Oxucu dəyişir. Mətbuat dəyişir. Ona görə də "Arı"nı yeni şəraitə uyğunlaşdırmağa çalışırdı. Bu, onun yenilikçi təbiətindən irəli gəlirdi.
Ənənəyə bağlı idi. Amma köhnəliyə yox. Klassikaya hörmət edirdi. Amma inkişafdan qaçmırdı. Bu isə əsl yaradıcı insanın xüsusiyyətidir.
Sonralar öyrəndim ki, Masazırda yaşayır. Orada özü üçün kiçik bir iş mühiti yaratmışdı. Əslində o, harada olursa-olsun, ətrafında redaksiya atmosferi yarada bilirdi. Çünki redaksiya onun üçün bina deyildi. Masa deyildi. Kompüter deyildi. Redaksiya onun daxilində idi. Orada yaşayırdı. Orada düşünürdü. Orada yazırdı. Orada yaradırdı.
Biz arabir zəngləşirdik. Hal-əhval tuturduq. Bayramlarda təbrikləşirdik. Keçmişdən danışırdıq. Ortaq dostlarımızı xatırlayırdıq.
Bu söhbətlər hər dəfə məndə eyni hiss yaradırdı: İllər keçsə də, Fəaliyyət dəyişmirdi.
Həmin səmimiyyət.
Həmin mehribanlıq.
Həmin dostluq.
Həmin insanlıq.
Bəzən insan yaşa dolduqca dəyişir. O isə yaşa dolduqca daha da müdrikləşirdi.
Son zəngdən sonra...İnsan ömrü qəribə bir kitabdır. Bəzən yüzlərlə səhifə yazılır, amma yaddaşda bircə cümlə qalır. Bəzən də bir anlıq görüş illərlə insanın içində yaşayır. Ömür boyu müxtəlif insanlarla qarşılaşırıq. Kimi yanımızdan külək kimi keçir, izi belə qalmır. Kimi isə yaddaşımızın ən işıqlı guşəsində özünə əbədi yer tapır.
Fəaliyyət Qurbanov həmin adamlardan idi. Onunla sonrakı illərdə görüşlərimiz azalsa da, mənəvi yaxınlığımız azalmadı. Əksinə, zaman keçdikcə dostluğumuz daha da mənalandı. Çünki yaş artdıqca insan münasibətlərin qiymətini daha yaxşı anlayır. Gənclikdə dostluq təbii görünür. Yaşlandıqca isə anlayırsan ki, həqiqi dost tapmaq da, onu qoruyub saxlamaq da böyük xoşbəxtlikdir. Fəaliyyət mənim həyatımda belə dostlardan biri olmuşdu.
Mən gündəlik nəşr olan "Qaynar xətt" qəzetinə rəhbərlik etməyə başlayanda ilk yada düşən adamlardan biri də o oldu. Bilirdim ki, zəng etsəm, imtina etməyəcək. Bilirdim ki, kömək lazım olsa, bəhanə gətirməyəcək. Bilirdim ki, dostluq borcunu sözlə deyil, əməli ilə yerinə yetirəcək.
Elə də oldu. Bir telefon danışığı kifayət etdi. Sonra əməkdaşlığımız başladı.
Qiyabi əməkdaşlıq desəm daha doğru olar. Çünki hər gün üz-üzə görüşmürdük. Amma qələmimiz bir redaksiyada görüşürdü. Onun göndərdiyi köşə yazıları, satirik məqalələri, xüsusilə "Qulaqburması" səhifəsi üçün hazırladığı materiallar oxucuların böyük marağına səbəb olurdu.
Bu yazılarda bir xüsusiyyət həmişə diqqətimi çəkirdi.
Satira vardı.
Amma kin yox idi.
Tənqid vardı.
Amma təhqir yox idi.
İroniya vardı.
Amma qərəz yox idi.
Bu çox mühüm fərqdir.
Çünki həqiqi satira insanı alçaltmır.
Problemi göstərir.
Qüsuru ifşa edir.
Düşündürür.
Fəaliyyətin satirası məhz belə idi.
O, insanlara yox, nöqsanlara qarşı mübarizə aparırdı. Şəxslərlə yox, eybəcərliklərlə savaşırdı. Məhz buna görə yazıları uzunömürlü olurdu.
Azərbaycan satirik publisistikasının tarixinə nəzər salanda görürük ki, bu sahə həmişə ağır yük daşıyıb.
Satirik sözün məsuliyyəti adi sözün məsuliyyətindən daha böyükdür. Çünki satirik yazı həm düşündürməli, həm güldürməli, həm də nəticə çıxarmağa vadar etməlidir. Bu isə hər qələm sahibinə nəsib olmur. Fəaliyyət həmin nadir insanlardan idi ki, gülüşün arxasında həmişə ciddi fikir dayanırdı. Onun məqalələrini oxuyan adam əvvəlcə təbəssüm edirdi. Sonra düşünürdü. Daha sonra isə özünə sual verirdi:
- Doğrudanmı vəziyyət belədir?
Bu, satiranın ən yüksək mərhələsidir. Mən onun həyat yolunu düşündükcə bir məsələyə həmişə heyran qalmışam. O, həyatının heç bir mərhələsində asan yol seçmədi.
İstehsalatdan başladı.
Zəhmətlə yüksəldi.
Özünü özü yaratdı.
Bu gün bir çox uğurlu insanların bioqrafiyasını oxuyanda görürsən ki, onların arxasında müəyyən imkanlar, şərait, dəstək olub.
Fəaliyyət isə daha çox öz gücünə arxalanan adamlardan idi. Ən böyük sərmayəsi zəhməti idi. Ən böyük dayağı vicdanı idi. Ən böyük silahı qələmi idi.
Bunlarla yol gəldi.
Bunlarla tanındı.
Bunlarla hörmət qazandı.
Bəzən düşünürəm ki, insanın böyüklüyünü vəzifə müəyyən etmir. Onun arxasınca deyilən sözlər müəyyən edir. Əgər bir adam dünyasını dəyişəndən sonra da dostları onun haqqında eyni sevgi ilə danışırsa, deməli, o, həyatda düzgün yaşayıb.
Fəaliyyət Qurbanov haqqında danışanların heç biri onun var-dövlətindən bəhs etmir. Heç kim onun hansı imtiyazlara malik olmasından danışmır. Hamı eyni şeyləri xatırlayır:
İnsanlığını.
Səmimiyyətini.
Dostluğunu.
Etibarını.
Bu isə təsadüfi deyil. Çünki insan ömrünün son hesabatı məhz budur.
Bir vaxtlar "Azərbaycan" nəşriyyatının dəhlizlərində addımlayan yüzlərlə jurnalist vardı. Onların bir çoxu artıq həyatda yoxdur.
Bir çox qəzetlər bağlanıb. Bir çox redaksiyalar tarixə çevrilib. Bir vaxtlar qaynayan otaqlarda indi səssizlik hökm sürür. Masa arxalarında oturan adamlar yoxdur.
Telefonlar susub. Mətbəələr dayanıb. Amma qəribədir... İnsanlar gedir, xatirələr qalır. Redaksiyalar bağlanır, məktəblər qalır. Qəzetlər dayanır, adlar qalır.
Fəaliyyət Qurbanov da məhz belə adlardan biridir.
Onun həyatına baxanda bütöv bir nəslin taleyi görünür.
Sovet dövrünü görən.
Milli oyanış illərini yaşayan.
Müstəqilliyin ilk çətin mərhələlərindən keçən.
Mətbuatın keşməkeşli yollarında mübarizə aparan bir nəslin taleyi...
Bu nəslin nümayəndələri Azərbaycan jurnalistikasını yalnız peşə kimi deyil, missiya kimi qəbul edirdilər. Onlar qəzet çıxarmağı biznes hesab etmirdilər. Xidmət hesab edirdilər. Mübarizə hesab edirdilər. Fəaliyyət də həmin nəslin ləyaqətli nümayəndələrindən biri idi.
İndi onun haqqında yazarkən istər-istəməz bir sual yaranır: İnsan dünyadan köçəndən sonra nə qalır?
Mülkü?
Vəzifəsi?
Şöhrəti?
Yox...
Bunların hamısı zamanın içində əriyib gedir. Qalan başqa şeydir.
Yaxşılıq qalır.
Xatirə qalır.
Etibar qalır.
İnsanlıq qalır.
Fəaliyyət Qurbanovun da ən böyük mirası budur.
Onun yetirdiyi jurnalistlər.
Onun işlədiyi redaksiyalar.
Onun yazdığı məqalələr.
Onun qazandığı dostlar.
Onun haqqında deyilən xoş sözlər.
Mən onun vəfat xəbərini çox gec eşitdim. Həmin vaxt ölkədə deyildim. İşimlə əlaqədar xaricdə idim. Bu xəbər mənə çatanda artıq hər şey baş vermişdi.
Qohum-əqraba, dostlar son mənzilə yola salmışdılar. Məzarının üstünə ilk güllər düzülmüşdü. Dualar oxunmuşdu. Vida sözləri deyilmişdi. Mən isə uzaqlarda idim.
Bu gün də həmin təəssüf hissi içimdə yaşayır. Bəzən insan müəyyən hadisələrin qarşısında aciz qalır. Vaxtı geri qaytarmaq olmur.
Deyilməmiş sözləri demək olmur.
Edilməmiş görüşləri etmək olmur.
Amma xatırlamaq olur.
Minnətdarlıq duymaq olur.
Dua etmək olur.
Mən də bu yazını bir növ həmin mənəvi borcun ifadəsi kimi qələmə alıram.
Fəaliyyət Qurbanovun ömür yolu təkcə bir jurnalistin həyat tarixçəsi deyil.
Bu, zəhmətlə yüksələn insanın hekayəsidir.
Bu, sözə sədaqətin hekayəsidir.
Bu, dostluğun hekayəsidir.
Bu, vicdanla yaşanmış ömrün hekayəsidir.
O, öz ömrünü mətbuata həsr etdi. Qələmi peşəyə çevirmədi. Taleyinə çevirdi. Mətbuatı iş yeri hesab etmədi. Ömür yolu hesab etdi.
Elə buna görə də onun adı Azərbaycan jurnalistikasının yaddaşında sadəcə redaktor kimi deyil, bir məktəb kimi yaşayacaq.
Bir insanlıq məktəbi.
Bir dostluq məktəbi.
Bir peşəkarlıq məktəbi.
Bu gün onun səsini eşitmirik. Gülüşünü görmürük. Telefon zəngini almırıq. Amma onun qoyduğu izlər yaşayır. Onu tanıyan insanların yaddaşında yaşayır.
Bir vaxtlar yazdığı məqalələrin sətirlərində yaşayır.
Yetirdiyi qələm sahiblərinin yaradıcılığında yaşayır.
Və ən əsası, onu sevən insanların ürəyində yaşayır.
Çünki bəzi insanlar dünyadan köçmürlər. Sadəcə görünməz olurlar.
Əziz dostum, Fəaliyyət...
Səninlə bağlı xatirələr illərin arxasında qalmayıb.
Onlar bu gün də bizimlə yaşayır. Sənin həyatın sübut etdi ki, insanın böyüklüyü tutduğu vəzifədə deyil, qazandığı hörmətdədir.
Sənin ömrün sübut etdi ki, qələmlə də abidə ucaltmaq mümkündür. Sənin yolun sübut etdi ki, vicdanla yaşanmış həyat heç vaxt unudulmur.
Bu gün sənin haqqında yazılan hər sətir, deyilən hər xoş söz, oxunan hər dua həmin ömrün layiq olduğu ehtiramın ifadəsidir.
Allah sənə rəhmət eləsin.
Məkanın cənnət olsun.
Sənin adın Azərbaycan mətbuatının işıqlı səhifələrində, dostlarının yaddaşında və sədaqətlə xidmət etdiyin söz dünyasında həmişə yaşayacaq.
Çünki sən doğrudan da qələmdən Kəlama abidə ucaldan insanlardan biri idin.
QARA KURSİVLƏ YAZILAN İŞIQ
Fəaliyyət Qurbanovun əziz xatirəsinə
Sən qara kursivləri sevirdin,
deyirdin:
"ən parlaq işıq
bəzən ən qara rəngin içində gizlənir..."
Biz o vaxt
bu sözün yalnız gözəlliyini duyurduq,
indi isə mənasını anlayırıq.
Sən getdin...
Amma masanın üstündə
yarımçıq qalmış bir cümlə kimi
hələ də yaşayır adın.
Bir qəzet səhifəsi çevrilir,
bir ömür bağlanır,
bir dost susur,
amma söz susmur.
Söz səndən sonra da
otaqlarda gəzir,
köhnə redaksiyaların
səssiz dəhlizlərində addımlayır,
mürəkkəb qoxuyan xatirələrin
tozunu alır.
Bəzən elə bilirəm,
indi də haradasa
bir başlıq düzəldirsən.
Bir cümlənin artıq sözünü silir,
bir fikrin qanadını açırsan.
Çünki sən
qəzet buraxmırdın sadəcə,
sözə nəfəs verirdin.
Yadımdadır,
çox adamlar
işıqdan danışırdı.
Sən isə
işığın haradan gəldiyini axtarırdın.
Çox adamlar
söz yazırdı.
Sən sözün vicdanını yazırdın.
Çox adamlar
redaktor idi.
Sən adam yetişdirirdin.
Bir yazının arxasında
bir insan görürdün.
Bir insanın arxasında
bir tale.
Bir talenin arxasında isə
bir vətən.
Ona görə də
sənin qəzetlərin
kağızdan çox,
ürəkdən hazırlanırdı.
İndi gecələr
köhnə mətbəələrin
susmuş dəmir səsləri içindən
sənin addımların gəlir.
Sanki yenə deyirsən:
- Tələsməyin...
Sözün də yetişmək vaxtı var...
Və biz anlayırıq:
sən yalnız qəzetlərin deyil,
vaxtın da redaktoru imişsən.
Dostum...
Sənin ölüm xəbərini
gec eşidənlərin
ürəyində ayrıca bir ağrı yaşayır.
Çünki bəzi adamların
dəfninə çatmamaq,
illərlə daşınan vicdan yükünə çevrilir.
Mən indi
o yükün altında
səni xatırlayıram.
Ağsunun tozlu yollarında,
"Birlik"in qapısında,
"Dialoq"un səhifələrində,
"Arı"nın sancan gülüşündə,
bir də dost məclislərinin
işıqlı sükutunda...
Hər yerdə bir az sən qalmısan.
Bəlkə də haqlı idin.
Bəlkə də doğrudan
ən parlaq işıq
qara rəngin içində yaşayır.
Çünki indi
qara torpağın altında
bir insan yatır,
amma onun işığı
hələ də üstümüzə düşür.
Bir qəzet kimi.
Bir dost sözü kimi.
Bir dua kimi.
Bir vicdan kimi.
Allah sənə rəhmət eləsin,
dəyərli söz adamı.
Sən qara kursivlə yazılan
işıq idin.
İndi göylərin böyük kitabında
adın görünmür bəlkə,
amma hiss olunur.
Necə ki,
gecə görünməyən,
amma yolu göstərən
ulduzlar hiss olunur.
Sən də eləcə...
Səssiz.
Təmkinli.
İşıqlı.
Və həmişəlik.
Ədalət Nəbi QARABULUD.






