Bia.Az

Yevlaxda “Qamışlıqda Su Çərşənbəsi” — bayramın ünvanı səhv düşəndə...

Cəmiyyət
 27-02-2026, 12:20     907

Novruzun ilaxır çərşənbələri xalqın yaddaşında dörd ünsürün – suyun, odun, yelin və torpağın müqəddəsliyi ilə yaşayır. Su Çərşənbəsi isə adından göründüyü kimi, təmizlik, saflaşma, axar-baxar, dirçəliş deməkdir. Amma görünür, bu il Yevlaxda “axar-baxar” anlayışı qamışlığa ilişib qalıb.

Yevlax Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə, rayonun Qoyunbinəsi kəndində keçirilən Su Çərşənbəsi tədbiri “təbii mühitə yaxınlıq” adı ilə qamışlıq, yulğun basmış ərazidə baş tutub. Guya təbiilik olsun deyə. Elə bir təbiilik ki, suyun saflığı qamışın kölgəsində itib, bayramın ab-havası isə palçığın içində ilişib qalıb.

Təbii olmaq ayrı, səhlənkarlıq ayrı

Təbiət qoynunda tədbir keçirmək pis ideya deyil. Əksinə, su ilə bağlı bayramı çay kənarında, bulaq başında, səliqəli parkda keçirmək gözəl ənənə yarada bilər. Amma “təbiət” anlayışını qamışlıqla eyniləşdirmək hansı estetik zövqün məhsuludur? Bu boyda kənddə münasib, səliqəli, təhlükəsiz bir məkan tapılmadımı? Yoxsa tapıldı, sadəcə zəhmətə qatlaşmaq istəmədilər?

Tədbirə şəhid ailə üzvləri, müəssisə və təşkilatların əməkdaşları, kənd sakinləri dəvət olunub. Yəni “gəlin, görün nə yaratmışıq sizin üçün” deyə çağırış edilib. Görənlər isə, yəqin ki, suyun şəffaflığını yox, təşkilati düşüncənin bulanıqlığını müşahidə ediblər.

Bayramın ruhu harada qaldı?

Su Çərşənbəsi – suyun təzələnməsi, niyyətlərin saflaşması deməkdir. İnsanlar axar suyun üstündən atlanar, su ilə üzlərini yuyar, “ağırlığım-uğurluğum suya” deyər. Bəs qamışlıqda keçirilən mərasimdə hansı suyun üzərindən atlanıblar? Hansı axarın başında niyyət tutublar? Yoxsa tədbirin əsas “axarı” sosial şəbəkədə paylaşım etmək idi?

Ən maraqlısı isə odur ki, bu mənzərə bəh-bəhlə rəsmi səhifələrdə paylaşılıb. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi də “Qamışlıqda Su Çərşənbəsi”ni geniş şəkildə təqdim edib. Sanki mədəniyyət sahəsində yeni estetik cərəyanın təməli qoyulub: “postmodern qamışlıq realizmi”.

Məsuliyyət kimindir?

Tənqid etmək asandır, deyə bilər kimsə. Amma sual sadədir: ictimai vəsait hesabına təşkil olunan tədbirin məkanı niyə bu qədər qeyri-ciddi seçilib? Təhlükəsizlik, sanitar vəziyyət, estetik görünüş nəzərə alınıbmı? Yoxsa əsas meyar “harasa yığışaq, şəkil çəkdirək, hesabat verək” prinsipi olub?

Mədəniyyət mərkəzi – adından göründüyü kimi, zövq, nizam-intizam, örnək deməkdir. Əgər mədəniyyətin təqdimatı qamışlıqdan başlayırsa, sabah hansı səhnəni “təbii dekorasiya” adı ilə təqdim edəcəklər?

Rəhbərlik məsuliyyəti və cavab tələbi

Bu hadisə artıq sadəcə estetik qüsur deyil, idarəçilik məsuliyyətidir. Yevlax Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi ictimaiyyətə izah etməlidir:
– Məkan seçimi hansı meyarlara əsasən aparılıb?
– Tədbir öncəsi əraziyə baxış keçirilibmi?
– Şəhid ailələrini və kənd sakinlərini belə şəraitə toplamaq kimə uyğun görünüb?

Eyni zamanda, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri də bu görüntüləri paylaşarkən heç olmasa bir anlıq düşünməli idilər ki, mədəniyyət nümayiş etdirmək üçün ilk növbədə zövq və məsuliyyət nümayiş etdirmək lazımdır. Əgər regional idarə belə mənzərəni normal sayırsa, deməli problem təkcə yerli təşkilatçılıqda deyil, ümumi yanaşmadadır.

Mədəniyyət sahəsinə rəhbərlik edən şəxslər bilməlidirlər ki, hər tədbir sadəcə hesabat üçün yox, ictimai nümunə üçün keçirilir. Bayramı qamışlıqda keçirmək bəlkə də fiziki səhvdir, amma onu normal saymaq – düşüncə səhvidir.

Su Çərşənbəsi su kimi saf, aydın və şəffaf olmalıdır. Əgər rəhbərlik qərarları bulanıqdırsa, o zaman ictimaiyyətin tənqidi də həmin bulanıqlığı durultmaq üçün yeganə vasitədir. Mədəniyyət sahəsində çalışan rəhbərlər bu hadisədən nəticə çıxarmalı, məsuliyyət hissini formal paylaşımlarla deyil, real təşkilati keyfiyyətlə sübut etməlidirlər.





BİA.az
скачать dle 12.1