ŞİKAYƏTCİ: "Cənab Prezident, İsmayıllı meşələri Qəribovların əlindən qan ağlayır"...
BİA.az-a İsmayıllı rayonu Qalınçaq kənd sakini Məcidov Qurbani İlyaz oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi cənab Şahmar Mövsümova, surəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Rəşad İsmayılova ünvanlanmış şikayət ərizəsində deyilir:
“Möhtərəm Prezident!
Sizə mənə qarşı edilən haqsızlıq barədə müraciət edirəm.
Hörmətli vəzifə sahibləri, mən İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi tərəfindən haqsızlığa məruz qalmışam. Belə ki, 2001-ci ildən etibarən İsmayıllı rayonunda Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində çalışmışam. Qeyd etmək istəyirəm ki, atam və babam da vaxtilə həmin müəssisədə eyni vəzifədə çalışıblar.
2017-ci ildə gözətçisi olduğum Qalınçaq meşəbəyiliyinin 4A saylı dolayısının 200 hektar sahəsi hərraca çıxarılaraq imkanlı və tanınmış bir şəxsə satıldı. Həmin dövrdə baş meşəçi vəzifəsində Cabbar Qəribov çalışırdı və sözügedən ərazi onun iştirakı və imzası ilə satılmışdır. Bundan sonra əraziyə iri tonnajlı texnikalar daxil olaraq meşəni vandalcasına məhv etməyə başladı, hektarlarla qoz bağları sıradan çıxarıldı.
Mən baş verənlərə etirazımı bildirdiyim üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildim. Etirazımı davam etdirərək bu barədə ictimaiyyətə məlumat verdim, yayımlar etdim. Bir ay sonra isə məni yenidən həmin meşəyə fəhlə kimi işə qəbul etdilər.
Sizdən xahiş edirəm ki, məsələ araşdırılsın. Həmkarlar təşkilatının iclası keçirilmədən, qanunsuz və əsassız şəkildə məni işdən azad etmişlər. Cabbar Qəribov isə sonradan Nazirlikdə yüksək vəzifə ilə təmin olunmuşdur.
Daha sonra həmin müəssisəyə ekologiya sahəsində təcrübəsi olmayan bir hərbçi — Rəsul Quliyev direktor təyin edildi. O, vəzifəyə başladıqdan sonra meşələrin qanunsuz qırılması və talan edilməsi hallarına yol verdi. Mən yenə də meşəçi olaraq onun qanunsuz əməllərinə etiraz etdim.
Rəsul Quliyev meşələrin qırılması ilə kifayətlənməyərək meşə torpaqlarının da satılmasına şərait yaratdı. Bu barədə Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının da məlumatı vardır. Sonradan Rəsul Quliyev həbs edildi. Lakin buna baxmayaraq, məni yenidən qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdilər.
Müraciət etmədiyim qurum qalmamışdır, lakin şikayətimə baxılmamışdır. Hazırda nazir dəyişdiyi üçün müraciətimin yenidən araşdırılmasını xahiş edirəm. Ümidvaram ki, mənə qarşı haqsızlıq edən şəxslər qanun qarşısında cavab verəcək və mən işimə bərpa olunacağam.
Cənab nazir Rəşad İsmayılov, nəzərinizə çatdırıram ki, Cabbar Qəribovun qardaşı Əfqan Qəribov həmin müəssisəyə müdir təyin olunduqdan sonra öz qardaşını əraziyə gözətçi təyin etmişdir. Həmin şəxs ərazini traktorla şumlayaraq orada narkotik bitkilər əkdirmişdir. Bundan başqa, Əfqan Qəribov İsmayıllı rayonunda və qonşu rayonlarda fəaliyyət göstərən bütün yeşik sexlərini ağac materialı ilə təmin etmişdir.
Hesab edirəm ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi məhz bu qanunsuzluqlara yol verən şəxslərə və onları dəstəkləyənlərə tətbiq olunmalıdır.
Sizdən xahiş edirəm ki, məsələ ilə bağlı ciddi araşdırma aparılsın və qanunauyğun tədbirlər görülsün. Təbiəti sevən bir vətəndaş kimi xahiş edirəm ki, meşələrimizin talan edilməsinə son qoyulsun, haqsızlıqlara qarşı mübarizə gücləndirilsin və işçilərin hüquqları qorunsun.”





