Bia.Az

“ÖN SÖZ” YERİNƏ EPİTAFİYA...

Cəmiyyət
 10-02-2026, 00:13     701

10 fevral  - 31 yaşında dünyadan köç etmiş şair Qərib Şeydanın doğum günüdür.  İllər öncə əziz xatirəsinə ehtiramla qələmə aldığım yazımla unudulmaz dostumu yad edirəm. Axirəti abad, ruhun şad olsun!

Həyatla vaxtsız vidalaşan qələm dostumuz Qərib Seyfəli oğlu Əliyevin yoxluğuna hələ də inana bilmirəm. Telefonuna etdiyim sonuncu zəngdə eşitdiyim qara xəbəri də özü tərəfindən bir zarafat bilmişdim. Axı onu həmişə yumor ruhlu, çöhrəsində daim təbəssüm, zarafarcıl görmüşdüm...

Ölümündən bir gün sonra ( xəbərim olmayıb) zəng edərək: Şeyda, salam!(Qəribə belə müraciət edərdim) Necəsən?- deyə, hal-əhval tutmaq istəyirdim ki...

-Qərib deyil...qardaşıdır...Bəhlul...Qərib dünən rəhmətə gedib...
İnanmadım.Qəribin mənimlə zarafat etdiyini düşünüb: Şeyda, hardasan?..
Telefonda hönkürtü...anladım ki, bu zarafat yox, qara xəbər həqiqətidir. Bir yanğılı həqiqət...
Sağlığında söz vermişdim ki, şeir kitabına ön söz yazım... İlahi, dünyanın nə qəribə təbəddülatları, təzadları var imiş. Kitabına yazacağım öz söz yerinə onun məzar daşına yazılan şeir- epitafiya müəllifi oldum:

Zülmətə tuş oldu cavanlıq çağın,
Söndü şölənən arzu çırağın.
Nisgilli köç etdin fani dünyadan,
Yarımçıq yazılar izin-sorağın...

Zaman keçəcək, bu epitafiya Qəribi ziyarətə gələnlər üçün onun anımına “Ön söz” olacaq...
Ölümündən iki gün əvvəl, doğulub boya-başa çatdığı kəndə - Ağstafa rayonunun Xılxına kəndinə toya getmişdi... Yazıldığı tarixdən müəyyən edilib ki, Bakıdan yola düşəndə “İnsan qabaqcadan duyur ölümün” adlı şeir yazıbmış. Görünür cavankən canına hopmuş ağrı-acıların onun çağlayan arzularını yarımçıq qoyacağını hiss etmiş, əcəl mələyi Əzrayılla “söhbətləşib, vədələşiblər”. “Vədələşiblər” ki, bu işıqlı dünyaya göz açdığı (10 fevral 1973-cü il) doğma kəndlərində gözlərini əbədi yumsun (16 avqust 2004-cü il).
Qərib Şeydanın sonuncu şeirini “əl dəymədən” ruhuna dua kimi pıçılıtı ilə oxuyuram:

Qulaq as etdiyim bu söhbət-sözə,
Çətin ki bir kimsə bax dodaq büzə,
Əzrayıl mələyi görünür gözə...
İnsan qabaqcadan duyur ölümün.

Bir gün söylənir ki, gedib rəhmətə...
Can alan gələndə baxmır yaş-həddə.
İcazə verilir kəlmə-şahədətə,
İnsan qabaqcadan duyur ölümün.

Fərman Allahındır, vaxt çatır sona,
Əzrayıl istərsə girir hər dona .
Mən də gözlərimlə şahidəm buna,
İnsan qabaqcadan duyur ölümün.

İnsan gözəlləşir ölüm qabağı,
Üzünə nur gəlir, solmur yanağı,
Ruhun başa çatır həyat sorağı...
İnsan qabaqcadan duyur ölümün.


Dünyaya sanki qərib kimi gəlmiş Qərib cismən doğma kəndlərindəki məzarlıqda uyusa da, ruhən müəllif və tərtibçi olduğu “Dünya çiynindədir xeyirxahların”, “Sən olaydın, bir də mən”, “Dünənimiz, bu günümüz, sabahımız”, “İnsan gözəllik vurğunudur” kitabları ilə könüllərdə qərar tutub.

Axirət evin nurla dolsun, ruhun şad olsun, qələm qayəsi ilə nura can atan, işıqlı xatirəsini ehtiramla yad etdiyimiz Qərib Şeyda!

✍️Tapdıq ƏLİBƏYLİ,
 “Nisgil odu”, 2005

BİA.az
скачать dle 12.1