Masallı postunda sürücülərin saxlanılması NARAZILIQ YARADIR
Masallı rayonu ərazisində yerləşən yol-postunda son günlər sürücülərin kütləvi şəkildə saxlanılması və uzunmüddətli yoxlamalara cəlb olunması vətəndaşlar arasında ciddi narazılığa səbəb olub.
Sürücülərin bildirdiyinə görə, post əməkdaşları avtomobilləri ardıcıl olaraq saxlayır, sənədləri dəfələrlə yoxlayır və hər hansı izahat vermədən vətəndaşların hərəkətinə uzun müddət mane olurlar. Bu hal xüsusilə xəstəsi olan, təcili tibbi yardıma tələsən və ya vacib işləri ilə əlaqədar vaxtla yarışan şəxslərin haqlı etirazına səbəb olur.
Vətəndaşlar sual edirlər: “Əgər xüsusi əməliyyat və ya stasionar yoxlama rejimi tətbiq edilirsə, niyə bu barədə rəsmi məlumat verilmir?”
Postlar nəzarət üçündür, özbaşınalıq üçün yox
Qanunvericiliyə əsasən, yol-patrul xidməti əməkdaşları nəqliyyat vasitələrini yalnız konkret hüquqi əsaslar olduqda saxlaya bilər. Stasionar yoxlama rejimi isə müvafiq qərar, müəyyən edilmiş müddət və ictimaiyyətə açıqlanan məqsəd tələb edir. Masallı postunda müşahidə edilən vəziyyət isə bu tələblərin faktiki olaraq yerinə yetirilmədiyi təəssüratını yaradır.
Ekspertlərin fikrincə, yol-postlarının əsas funksiyası təhlükəsizliyi təmin etməkdir. Lakin sürücülərin səbəbsiz saxlanılması, uzun növbələrin yaradılması və izahatsız davranışlar təhlükəsizlikdən çox inzibati təzyiq görüntüsü formalaşdırır.
Bundan əlavə, postla bağlı səslənən digər iddialar – bəzi avtomobillərə selektiv yanaşma, digərlərinin isə diqqətdən kənarda qalması – təsdiqlənməsə də, ictimai etimad baxımından ciddi risk yaradır. Şəffaflığın olmaması bu cür söz-söhbətlərin yayılmasını sürətləndirir.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb. Lakin hüquq müdafiəçiləri bildirirlər ki, postlarda qanun çərçivəsindən kənar hərəkətlər vətəndaş–dövlət münasibətlərinə zərər vurur və sosial gərginlik yaradır.
Cəmiyyət isə açıq cavab gözləyir: Masallı postunda baş verənlər qanuni nəzarətdirmi, yoxsa səlahiyyət həddinin aşılması?
Postun rəisi Elman müəllim niyə bu qanunsuzluğa göz yümür?Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




