Bia.Az

Minlərlə uşağı sözün işığı ilə böyüdən Rəhilə müəllimə...

Cəmiyyət
 6-01-2026, 00:54     1 819

Rəhilə Muradxanova – sözün çırağını küləklərdən qoruyub saxlayan müəllimlərdəndir. O, Ağsu şəhər 3 saylı orta məktəbdə illərlə sadəcə dil-ədəbiyyat dərsi deməyib, hər gün insan ruhuna toxunan bir yol çəkib. Onun keçdiyi dərs saatları sanki kiçik bir ədəbiyyat məclisi idi: burada söz danışılmazdı, söz yaşayardı.

Rəhilə müəllimə bənzəyir səhər tezdən açılan bir pəncərəyə – içəri işıq da girər, hava da. Sinfə daxil olan kimi uşaqların üzündəki yorğunluq çəkilər, fikirlər aydınlaşardı. O, sərt qayda ilə deyil, yumşaq baxışla tərbiyə edən müəllimlərdəndir. Gülüşü yaz günəşi kimidir: yandırmaz, isidər. Qayğıkeşliyi isə sanki səssiz bir çətirdir – şagirdin başına gələn hər çətinlikdə onu hiss etməsən də, islanmağa qoymaz.

Onun danışığı axar çay kimidir: nə tələsik, nə də ləng. Hər söz yerini tapar, hər fikir öz sahilinə çatar. Ədəbiyyatı o, quru tarix kimi yox, canlı talelər kimi təqdim edərdi. Nizami onun dilində müdrik bir ata, Füzuli dərdini sözə sığdıran bir ürək, Vaqif həyatı sevən bir yol yoldaşı olardı.

...Rəhilə müəllimə üçün mətn–güzgü idi; şagird həmin güzgüdə özünü görməyi öyrənirdi. O, müəllimliyi böyük bir bağ kimi becərib. Hər şagird bir ağac idi: kimisi tez bar verirdi, kimisi gec. Amma Rəhilə Muradxanova heç bir fidanı tələsdirməzdi. Bilirdi ki, kök torpaqda möhkəm olmasa, budaq göyə qalxmaz. Səbr onun ən güclü silahı, mərhəmət isə dəyişməz qanunu idi.

Uzun illər ərzində o, minlərlə uşağın taleyinə toxunub. Kiminsə qəlbində sözə sevgi oyadıb, kiminsə içində özünə inam toxumu səpib. Onun bir cümləsi bəzən yol ayrıcında qalan gənc üçün istiqamət nişanı olub. Çünki Rəhilə müəllimə danışanda sanki həyat özü pıçıldayırdı.

Belə müəllimlər bənzəyir sönməyən çırağa: sinif boşalsa da, məktəbin işığı sönmür. Rəhilə Muradxanova bu işığı illərlə daşıyıb. O, təqaüdə çıxa, məktəbdən ayrıla bilər, amma yetişdirdiyi insanlar yaşadıqca, onun adı da sözlə, xatirə ilə, minnətlə yaşayacaq. Çünki o, müəllim olmaqdan əvvəl insan olub, insan qalmağı isə hər dərsin mərkəzinə qoyub.

Yalcın PƏNAHOV.
Ağsu şəhəri.


BİA.az
скачать dle 12.1