Bia.Az

MƏHƏBBƏTİN "LAÇINIM"I - LAÇIN MƏHƏBBƏTİM...

Cəmiyyət
 20-07-2025, 13:59     772

Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:

                    Azaddır Laçın!
                    Yolunu açın...


 Bu günlərdə Türk Ağsaqqalları Birliyinin (#TAİB) təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız,  duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə    bizimləydi. Qəribə hisslər ağuşunda  hara üz tutdumsa, sanki  "Laçınım"  oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardi...   Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı.

 ...İllər öncə Məhəbbət Kazımovun “Laçınım” mahnısı el şənliklərində, toy-düyündə, efirlərdə səslənər-səslənməz  dillər əzbəri oldu. Müğənninin möhür- ifasına çevrilən bu mahnının məndə doğurduğu düşüncə və təəssüratları  vaxtilə “Yanğını  sevdim  yandığım  zaman” adlı bir yazımda qələmə almışam.

“Nisgil odu” (2005) adlı kitabımda yer alan həmin mətni bənzərsiz Sənətkarın ruhuna salam olaraq təqdim edirəm: Əzəli-əbədi ülviliklər - Tanrı qüdrəti, torpaq qüvvəti, yurd məhəbbəti, söz heyrəti sırasına  şaqraq səsli müğənni Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım” mahnısı ilə  səsin ecazkar təsir gücü, hikməti də qatıldı. Səsin bu qədər ovsununa, sehrinə inanmazdım, bəlkə də. Bəlkə də, səsin nuruna boyana-boyana  bu  qədər  kövrəlməzdim, ancaq  kövrəltdi  məni  Məhəbbət  öz  səsiylə:

Seyr etdim səsinlə dağ  şəlaləsin,
Qoxudum dağların gül rayihəsin.
Dinlədim Laçının həsrət nəğməsin,
"Laçınım" mahnısı oxunan zaman...

Dinlədikcə, qəsbkara rəğmən nifrətimizə bülöv çəkən bu səs vətən həsrətinin yanğısını  ovxarından keçirərək  pərdə-pərdə  haraya, çağırışa dönür. Elə bu ovqatla da üz tutdum Məhəbbətin görüşünə. Söhbətimiz əsnasında  mənə bir məqam da aydın oldu ki, bu səsin sahibi bütöv varlığı ilə oxuduğu bu nəğməni yaşayır, misra-misra  yanıb külə dönür. Yağı tapdağında əsir qalmış dağlar sinəsinə dağ  çəkir. Axı  Laçın onun dünyaya göz  açdığı  vətən  torpağıdır.

Oxu, sən qardaşım, oxu , Məhəbbət,
Səsin işığında sökülür zülmət.
Bilirəm alırsan ümiddən qüvvət,
“Laçınım” mahnısı oxunan zaman.


Gör neçə vaxtdır həsrətik işğal altında qalan yurd yerlərimizə. Aramızda olan uzaqlıq isə göz məsafəsi qədərdir. Yəni doğurdanmı bu qədər yaxınlıqla bu qədər uzaqlıq arasında  bu həsrətin sonu olmayacaq? Həsrət odunda qovrula-qovrula  göynəyəcəyik. Necə ki,  Məhəbbət Kazımov “Laçınım, Laçınım ...”-deyə  haray  çəkib göynəyir.

Ürəyim atlandı bu həzin səsdən,
Gah zildən süzülür, gah da ki, pəsdən,
Qurtulmaq istəyir bülbül qəfəsdən,
“Laçınım” mahnısı oxunan zaman.


Vətən həsrətini içində yaşadan müğənni səsiylə qartal olub Laçının göylərində uçanda, bulaq olub  torpağına süzüləndə, yağış olub düzlərinə çilənəndə mələklərin kirpiyi nəm çəkdi, Tanrı  səbrinin qapısı diksindi. Mənim  isə ruhumu ovudacaq  müsralar  yarpaqlandı:

Dağların zirvəsi qartal oylağı,
Qıy vurur Məhəbbət, qartal sayağı,
Canlanır önümdə orman, yayalağı,
“Laçınım” mahnısı oxunan zaman.


Vətən övladlarının nalə nidaları kimi süslənmişdir Laçının həsrət nəğməsi. Bu nəğmə təkcə Laçının yox, neçə-neçə yurd yerlərimizin həsrət nəğməsidir. Mayasında bir od, bir atəş var:

Yaman qərbsəyib dağları bahar,
Didərgin olanı  düşüb  boran, qar,
Yandırır sinəmi sönən ocaqlar,
“Laçınım” mahnısı oxunan zaman.


Qulaqlarımda Məhəbbətin sehrli səsi, dilimdə  şehli sətirlərin sərinliyi, qəlbimdə ümid alovunda yanan  kədərimin  - yurdddaşlarının üzünə həsrət qaldığı  sinəsi dağlı dağlarımızın  azad, bütöv Azərbaycanımızın qoynuna qovuşacaq günün ümidi ilə ayrılıram müğənnidən:

Gəlib ehtizaza, riqqətə qəlbim,
Kədərə bələndim, qəmə bələndim,
İntiqama səslər müqəddəs dərdim,
“Laçınım” mahnısı oxunan zaman.


    P.S  Axirətin abad, ruhun şad olsun, unudulmaz sənətkarımız Məhəbbət Kazımov! Başqa "Laçınım" lar başqa ifa- avazlarda yəqin ki, oxunacaq, amma sənin "Laçınım"ın  özün kimi heç  vaxt unudulmayacaq.

Zirvə işığında, dağlar qoynunda Zəfərlə dalğalanan Bayrağımızın möhtəşəmlik ovqatında düşünürəm ki, Məhəbbətin "Laçınım"ı  Laçın məhəbbətim...
                              ✍️Tapdıq ƏLİBƏYLİ



BIA.az
скачать dle 12.1