"PAZZZ..." - VƏKİL İKRAM ABDULLAYEV YAZIR
1970-ci ildə kənddə sinif müəllimi işləyirdim, oktyabr ayı idi. Axşam işdən evə gələndə gördüm ki, qonşumuz Zinyət xala bizdə evdə yerdə oturub ağı deyib ağlayır və qışqırır ki, anan qurban ay Əbil! Cijimdə onu sakitləşdirir ki, az vallah heç nə olmaz Allahın köməkliyiylə, səbrini bas, İkram da gəldi, məktubu ver oxusun görək nə məsələdir. Mən də Zinyət xaladan soruşdum ki, ay Zinyət xala nolub ki? Zinyət xala hönkürlədi, çətinliklə başa saldı ki, balamın başına iş gəlib, balamı dolaşdırıblar. Mən də bir az narahat oldum, Cijim dedi ki, Əbildən pis məktub gəlib, deyəsən başına iş gəlib. Onda Zinyət xala əlindəki zərfi mənə uzatdı və yenə hönkürlədi. Zinyət xalanını oğlu Əbil Novosibirsk şəhərinə işləməyə getmişdi, şofer idi. Mən həyəcanla zərfi açdım, məktubu götürüb başladım gözümlə oxumağa.Məktubda Əbil belə yazmışdı: “Ana, ürəyimin ən dərin guşəsində bəslədiyim salamlarımı sənə və bacım Mayaya çatdırıram. Buralar yaman soyuqdu, ruslar içir, küçədə yatırlar, səhər skorular neçə dönüş rusu yığıb aparır morqa. Ruslar bizimlə pis dolanır, bizə çornu dal deyirlər. Vallah utanıram da açıq yazım. Çox çətinlik çəkirik. İndi bir həftə olar ki, təzə PAZ-a geçmişəm, Allah xeyirlisinən eləsin görək nolur. Özünüzdən muğayat olun. Öpürəm sizi. Oğlun Əbil”.
Mən də bir az tərəddüddə qaldım, amma tez də ayıldım. Gördüm ki, Əbil “PAZ” sözünü böyük həriflərlə yazıb, başa düşdüm ki, Əbil anasına yazıb ki, mən təzə PAZ markalı avtobusa keçmişəm. O vaxt belə avtobus vardı. Pavlodar şəhərində “PAZ” avtomobil zavodu vardı. Yəni Pavlodar Avtomobil Zavodu. Özümü də gülmək tutdu ,dedim ay Zinyət xala, gözün aydın ay arvad, Əbil təzə PAZ avtobusu götürüb, indi avtobus sürür. Zinyət xala yerindən dik qalxdı. Bey xalan ayağıyın altında ölsün ədə heyləmi sənallah? Dedim heylədi. Zinyət xala ağzında hava çala-çala başladı oynamağa,cijim də qoşuldu ona. Yazıq arvad oynayıb qurtardı tez də məktubu götürüb evdən çıxdı ki, gedim Mayanı müştuluqlayım.
İndi biz də Əbil demişkən, Şəki Ağır Cinayətlər Məhkəməsində bir “paza” keçmişik. Amma bizim keçdiyimiz paz Əbilin PAZ-ından yox, gerçəkli Pazzzdır, özü də tilişkəli Pazzzdır.
Mənim müştərim, Zaqatala şəhərində yaşayan İsa Abdullayev Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialında xəzinədar işləyən Zaur adında şəxslə canbir qəlbdə “ata-bala” olublar. İsa daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğundan Beynəlxaql Banka gedib pul mübadiləsi, köçürmə və s. əməliyyatlar edirmiş. Xəzinədar Zaur İsmayılov görür ki, bu kişinin pulu var. Başlayır İsayla yaxınlıq etməyə, onun Bankla bütün əməliyyatlarına özü kömək edir, evinə süfrəsinə ayaq açır. 4-5 il çörək kəsirlər, Zaur İsa Abdullayevi tam təhlil edir, ətrafındakı adamlardan, hətda oğlanlardan belə onu təcrid edir, alır ələ.
İsa Abdullayevə təklif edir ki, “ata” pullarını evdə saxlama, gətir qoy banka, mən yüksək faizlə sənə faiz sənədləşdirim. İsa Zaura inanır və bu minvalla Zaur İsmayılov İsanın evində ondan Banka qoymaq adı ilə 12.04.2018-ci ildə 6000 manat götürüb aparır, ona Bankın 1 №-li xəzinə möhürü ilə möhürlənmiş və imzalanmış mədaxil qəbzini gətirir. Bu qayda ilə Zaur İsmayılov “atası” İsa Abdullayevdən 6 dəfyə 81000 manat götürüb 6 ədəd məxadil qəbzi gətirib verir. Zaur həmin mədaxil qəbzlərinin ikisinə özünün istifadəsində olan 2 №-li xəzinə möhürü, üçünə xəzinədə yanaşı oturduğu xəzinədar Ramazan Əsədovun istifadəsində olan 3 №-li möhürü, birinə isə baş xəzinədar Osman Mustafayevə təhkim olunmuş 1 №-li xəzinə möhürünü oğurlayıb vurmuşdur. İsa Abdullayev “oğlu” Zauru daha çox istəməyə başlayıb ki, pulun üstünə pul gəlir, başlayır çırtıq çalıb oynamağa. İsa Abdullayev 2022-ci ilin dekabrın sonunda banka gəlir “oğlu” Zaura bildirir ki, Bankda yığılan faizlərdən 10000 manat götürmək istəyir. Zaur başlayır yumurtası tərs gəlmiş toyuq kimi vurnuxmağa deyir ki, “ay ata nəyinə lazımdır, qoy yığılsın puldur durub üstünə pul gəlir. İsanın dalağı sancır. İsa ertəsi gün xəlvət xəzinədar Osmana yaxınlaşır və mədaxil qəbzlərini göstərib deyir ki, gör bu pullar xəsinəyə onun adından əmanət kimi mədaxil edilibmi? Osman mədaxil qəbzlərinə baxanda görür ki, dədəm vay, qəbzin birinə də buna təhkim olunmuş 1№-l möhür vurulub. Barmağını dişləyir. Məlum edir ki, Zaur İsmayılov İsa qarışıq bunların hamısına torba tikib. İsaya deyir ki, bu qəbzlər saxtadır, başının çarəsini qıl. İsa Abdullayev başı alovlu 2023-cü ilin yanvar ayında gəlir mənim yanıma. Qəbzləri mənə göstərir və başına gələni danışır. Mən qəbzlərin surətini çıxardıb vəkil sorğusu ilə göndərirəm BB-ın Zaqatala filialının müdiri cənab Qalib Tahirzadəyə. Mənim sorğum 24.02.2023-cü ildə Qalib Tahirzadəyə çatan kimi Zauru çağırıb bir gün geriyə, 23.02.2023-cü il tarixə Zaurun ərizəsini alıb işdən çıxardır və materialı göndərir Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə. İdarə istintaq aprır, ekspertiza təyin edir, məlum olur ki, mədaxil qəbzlərindəki möhürlər əslidir. Baş Xəzinədar Osman da, xəzinədar Ramazan da təsdiq edirlər ki, onlar İsa Abdullayevdən pul qəbul etməmişlər, heç bir əməliyyat aparmamışlar. Zaur xəzinədə onlarla yanaşı oturur, ehtimal ki, onların möhürlərini xəlvəti oğurlayıb istifadə edib. Zaur İsmayılov isə daş atır başını yarır ki, o mədaxil qəbzlərindən xəbəri yoxdur, İsa onu şərləyir.
Cinayət işinin istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Şəki Ağır Cinayətlər Məhkəməsinə iş daxil olub və məhkəmənin birinci iclası 25.06.2023-cü ildə başlayıb. Cinayət işi əvvəlcə hakim Nahid Mirzəyevin icraatında olub. İşdə dindiriləsi 5 adam var. Biri Zaur, bir İsa, biri xəzinədar Ramazan, biri baş xəzinədar Osman biri də Bankın müdiri Qalib Tahirzadə. Zaur, İsa, Qalib Tahirzadə 27.09.2023-cü ildə hakim Nahid Mirzəyev tərəfindən dindirilib. Sonra, dekabr ayında xəzinədar Ramazan və yenidən Bankın müdiri Qalib Tahirzadə hakim Tural Əfəndizadə tərəfindən dindirilib. Bununla da dindirmələr yekunlaşıb. Amma məhkəmə yekunlaşmayıb. 20 dəfədir Bakıdan Şəkiyə gedirəm. Mənimlə bərabər BB-ın mərkəzi ofisinin hüquqşünası, dostum Rasim müəllim də gedir. Yazıq İsada pul qalmayıb ki, mənə yol pulu versin. Mən anası ölmüş ordan-burdan dilənib-dolanıb yol pulu tapıb gedirəm. Nə də Bank Rasimə ezamiyyə pulu vermir ki, get işinlə məşğul ol. Bax biz belə Pazzz-a keçmişik. Hər iclasda hakim Tural Əfəndizadə ittihamın mahiyyətinə aid olmayan danışıqlar aparır, mızıldayır, sübutlara qiymət verə bilmir, özü də bilmir neyləsin. Mən hər iclasa girəndə Allaha yalvarıram ki, mənə səbr ver. Yazıq dostum Rasimi Bank hədələyirlər ki, bura bax görüm ə xalası göyçək 20 dəfə də Bakıdan Şəkiyə ezamiyyətə gedərlər? Yazıq Rasim deyə bilmir ki, a müdir Pazzz-a keçmişik. Bax beləcə kürd demiş qalmışıq çərələ vəziyyətdə. 26.06.2023-cü ildən başlamış, hələ başa çatmayıb, hakim Tural Əfəndizadə iclası keçirib 25 sentyabra. Deyirəm Allah sən bizə səbr ver.
Böyük Nizami deyir ki, Mahir bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Böyük Şəhriyar deyir ki, Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar. Belə olmayanda olur Pazzz, Pazzz, Pazzz!
İkram İNAD
vəkil, publisist.
30.08.2024-cü il.





