Mehriban xanım Əliyevaya müraciət - "Sizdən köməyinizi rica edirəm".
Hörmətli Mehriban xanım Əliyeva, Salam!
Əvvəlcə, Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırmaq istəyirəm. Sizə uzun ömür, cansağlığı və Vətənimiz üçün etdiyiniz əvəzsiz xidmətlərdə daim uğurlar arzulayıram. Mən, Abuşova Aytac Ziyafət qızı, hal-hazırda Türkiyədə Dokuz Eylül Universitetində İzmir Biotip və Genom Mərkəzində yerləşən Ayar Kayalı Farmasötik Laboratoriyasında Biotexnologiya üzrə üçüncü kursda doktorantura təhsili alıram. Təhsilim müddətində yumurtalıq xərçənginin müalicəsinə yönəlik yeni bioloji agentlərin yaradılması üzərində tədqiqatlar həyata keçirirəm. Bu gün ürəyim çox istəyirdi ki, bu sabah gedeceyim önəmli toplantı öncəsi anamın xeyirduasını alım. Lakin onunla əlaqə saxladıqda anamın polis şöbəsində olduğunu və üzünün, ağzının döyülmə nəticəsində ağır vəziyyətdə olduğunu öyrəndim.
Anam, Məmmədova Ərkinaz Əlif qızı, Saatlı rayon MRX-da terapevt və təcili tibbi yardım həkimi kimi övladlarını oxutdurmaq naminə çalışır. 26 avqust 2024-cü il tarixində gecə növbəsi zamanı xəstələrdən biri tərəfindən həm şərəf və ləyaqəti alçaldılmış, həm də ciddi fiziki şiddətə məruz qalmışdır. Məsələ qısaca olaraq, xəstənin tələb etdiyi 2 morfinin məhdud sayda olması və yalnız 1 morfinin əlçatan olması ilə bağlı idi, bu da anamın haqsız olaraq günahlandırılmasına və şiddətə məruz qalmasına səbəb olmuşdur.
Mən, xaricdə yaşayan bir doktorant olaraq, anamın yanında ola bilməməyim mənə çox ağır gəlir. Ailəmdən uzaqda olmağın və bu cür ağır hallarda dəstək göstərə bilməməyin acısını hiss edirəm. Anama dəstək olmaq üçün Vətənimdə olmağım mümkün deyil, lakin bu məsələni həm qadın, həm də həkim olaraq Sizə etibar etmək istəyirəm. Sizdən bu mövzu ilə bağlı dəyərli köməyinizi rica edirəm. Həm qadınlara, həm də həkimlərə qarşı şiddətin ölkəmizdə qarşısının alınması üçün atılacaq addımların böyük önəm daşıdığını düşünürəm. Sizdən bu məsələyə qayğı ve diqqət göstərməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür edir və bu mövzuda dəstəyinizi gözleyirem.
Hörmətlə, Aytac Abuşova





